adalet.az header logo
  • Bakı 7°C
10 Avqust 2020 23:17
55003
MARAQLI
A- A+

ABŞ və Portuqaliyanın botanika bağlarından alınan ekzotik bitkilər Abşeronda əkilə bilər - YENİ TƏDQİQAT

AMEA-nın Dendrologiya İnstitutunun Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasında Arbutus unedo L. növünün və bir çox yeni növ ekzotik bitkilərin introduksiyası, bioloji xüsusiyyətlərinin öyrənilməsi, xarici mühit amillərinə uyğunlaşdırılması və landşaft arxitekturası əsasında tətbiqi üzrə geniş tədqiqatlar aparılır.

Trend-in məlumatına görə, laboratoriyanın elmi işçisi Aynur Hüseynovanın sözlərinə əsasən, sözügedən növ 2017-ci ildən Dendrologiya İnstitutunun bitki kolleksiyaları içərisində yer alır və müəssisənin təcrübə sahəsində öyrənilir. Tədqiqat üçün qələmələr Arbutus unedo L. növünün yaşlı nüsxəsindən əldə edilib və toxumlar ABŞ və Portuqaliyanın botanika bağlarından alınıb.

Abşeron şəraitində çiçəkləmə oktyabr-noyabr aylarından başlayaraq dekabr-yanvar aylarına qədər davam etdiyi üçün bitkinin budaqları üzərində həm çiçəklər, həm də meyvələr müşahidə olunur. Vətənində isə çiçəkləmə dekabr ayından başlayaraq fevrala qədər davam edir. Çiçəkləmənin vaxtı və davametmə müddəti iqlim şəraitindən asılıdır. Meyvələr yaşıl-sarı, getdikcə narıncı, tam yetişdikdə isə tünd qırmızı rəngdə olur, meyvələr uzun müddət bitkinin üzərində qalır. Bitkinin introduksiya olunma dərəcəsini müəyyənləşdirərkən çiçək, meyvə, toxum əmələgətirmə qabiliyyəti və məhsuldarlığı nəzərə alınır.

Aparılmış tədqiqatlar nəticəsində Dendrologiya İnstitutunda ilk dəfə 2019-cu ildə Arbutus unedo L. növünün meyvə məhsuldarlığı da öyrənilib. Bu bitkinin meyvəsi ürək və damar xəstəlikləri olan insanlar üçün faydalıdır, immuniteti yüksəldir, görmə qabiliyyətini artırır.

Arbutus unedo L. dekorativ bitki olmaqla yanaşı, deqradasiyaya uğramış ekosistemləri bərpa etmək və səhralaşmanın qarşısını almaq üçün istifadə oluna bilər. Bu bitki Abşeron şəraitində normal meyvə verir, küləkli və rütubətli havaya davam gətirir. Bitkidə Abşeron şəraitində xəstəliktörədici və ziyanvericilər müşahidə edilməyib.