KORONALI TEATRIMIZ - Emin PİRİ yazır

Emin Piri
127742 | 2021-03-10 15:10

Tale elə gətirdi ki, teatrlar korona səbəbindən karantinə alındı. Yoluxmadan yoluxmuş kimi qeydiyyata aldılar teatrları. Səbəb məlumdur. Elə bizdə də,dünyada da.

Teatrlarımızda sıxlıq olur? Güldürməyin, Azərbaycanda korona harda olsa da, teatrda olmaz. Hətta koronanın təklikdən ürəyi sıxılar. "Uşaqlığın son gecəsi” filmindəki Davud demişkən, sıxılmaq nədir, canım, lap belə sıxılmaqdan ürəyi partlayar, ölər. Ona görə teatrları tam gücdə açmaq lazımdır. Koronanı çərlədib ələ salmaqçün.

Əvvəllər deyirdilər bir ölkənin mədəni səviyyəsini bilmək istəyirsinizsə, o ölkənin yollarına baxın. Yolları necədirsə, mədəniyyəti də elədir. Çağdaş dünyamızda isə yollar aldadıcı ola bilir. Məsələn, bəzi mədəniyyətdən, demokratiyadan yoxsul ölkələrdə elə yollar çəkilirki ağzın açıq qalar. Nə isə, bunlar ayrı mövzudur.

Vaxtilə mənim də , "əşşi, kinoya baxıram da , teatrı neynirəm dediyim”- lazımsız bildiyimiz məkan. Ayıb çıxsa da, lori dillə deyək, kino virtual sevişmədirsə, teatr canlı sevişmədir. Ta, seçim sizə qalıb, özünüz bilərsiniz, hansını seçir və bəyənirsiniz.

Mədəniyyət və incəsənətin durumunu bilmək üçün ayrıca ədəbiyyata, rəssamlığa, aktyor bacarığına baxmaq lazım deyil. Elə o ölkənin teatrına baxın, bəsdi. Hə, istisnalar var, poeziya daha üstündür və.s. Bu indinin işi deyil, min illərin formasiyası, xalqın genetik yaddaşı, yaşadığın təbiətin, coğrafi enliklərin insanlara yanaşma tərzində verdiyi bacarıqlar və.s. Yoruldum. Elə hər şeydə istisna mövzularına arayış verməkdən.

 

Yuxarıda qeyd etdiyim kimi kino nə qədər inkişaf edir, etsin, mütləq virtual deyil, canlı sevişməni üstün tutanlar olacaq. Belə baxanda teatr elə eşqdir. Istər freydist qatlarda, istər şərqin şairlərinin ilahi frazasında. Deyəsən, çox getdim, bu ilahi frazalar mənlik deyil. Söz xətrinə dedim bunları, fikir verməyin.

Məscid müəlmanlarçün, kilsə xristianlarçün, sineqoq yəhudilərçün nədirsə, teatr da mədəniyyətdə odur.

Elə karyera adıyla kənddən qaçıb müasir söhbətlərin qucağına düşən qızlarçün publar nədirsə,teatr da odur.

 

Ədəbiyyatıyla, aktyoru ilə, rejissoru ilə, rəssamlığı ilə teatr məbəddir. Qibləgahdır.

 

Bir bütündür. Mədəniyyətin bütövlüyüdür.

Nazim Hikmət demiş:

 

Denizin üstünde ala bulut
yüzünde gümüş gemi
içinde sarı balık
dibinde mavi yosun
kıyıda bir çıplak adam
durmuş düşünür.

 

 

Bulut mu olsam,
gemi mi yoksa?
Balık mı olsam,
yosun mu yoksa?..
Ne o, ne o, ne o.
Deniz olunmalı, oğlum,
bulutuyla, gemisiyle, balığıyla, yosunuyla.

Və dəniz kimi olmaq lazımdır. Mədəniyyətin dənizi-teatrı qorumaq. Ədəbiyyatıyla, rəssamlığıyla, aktyoruyla , rejissoruyla və.s.i.

Nə yazıq ki, teatrımız koronaya yoluxub. Amma pisi odur ki, bizim xəstə teatrımızın koronayla bərabər şəkərli diabeti var. Hələ təzyiqi də var. Üstəgəl, böyrək çaışmazlığından əziyyət çəkir. Ünvana kimi çatdıra bilmir. Yaşı da çoxdu. Bir sözlə bu xəstəliklərlə ümid yoxdur süni nəfəs aparatından ayılsın. Bircə qalır hansısa həkimin möcüzəvi əllərinə, məlhəminə.

Bizə? Şair, yazıçılara? Əşi, nə danışırsınız, arada nəsə yazacağıq, belə olmaz, filan sonra üstündən də pivə içəcəyik. O möcüzəvi həkim əllərinə sahibsə dövlətdir. Dövlət həkim. Ümid edirəm, bu həkim növbədən kənar bizim xəstəylə ilgilənəcək və onu sağaldacaq.

Insanlarsa bu məbədə gedib duasını edib ayinlərini yerinə yetirəcək.

P.S Söz xətrinə söz deyir, özünü göstərir, heç teatr üzü görmür deyən mütləq ağıllı bir dostumuz çıxacaq. Əlbəttə, söz xətrinə söz deyirəm. Özümü göstərirəm. İntelektual kimi görünməyi bacardım?

Əzizlərim, bağışlayın, hansısa kitabı oxuyan kimi mütləq yanına qəhvə qoyub filan kitabı oxuyuram paylaşımını etmirəm. Hansısa kinoya baxan kimi mütləq aktyor, rejissor adlarını əzbərləyib kino gedə-gedə paylaşıb intelektual havalarına girmirəm, ya da teatrda olan kimi mütləq teatrı tağ edib yerimi demirəm. Ya da tamaşa bitən kimi tez hansısa aktyorun qoluna girib, müəllimlə tamaşanı müzakirə edtdik aıyla şəkil paylaşmıram. Nə edim, mən anımı yaşamağı xoşlayıram. Necə deyərlər, tretiy lişnidi nədi, ondan.

 

Həyatdan zövq alın və anınızı yaşayın.

 

 

TƏQVİM / ARXİV