adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
08 Avqust 2020 12:33
27145
GÜNDƏM
A- A+

İstintaqsız güllələnən general - Vilayət Quliyev yazır

Adalet.az Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin yazısını təqdim edir.

1920-ci il iyulun 15-də Bakıda, Bayıl həbsxanasının həyətində Azərbaycan Cümhuriyyəti ordusunun Ümumi Qərargah rəisi, türk əsilli (Polşa tatarı) general-leytenant Masey (Məhəmməd) Sulkeviç (1865-1920) bolşevik hakimiyyəti tərəfindən istintaqsız və məhkəməsiz güllələnmişdi. Generalın həyatının son günləri haqqında bir qayda olaraq M.Ə.Rəsulzadənin əmisi oğlu, Cümhuriyyət Parlamentinin üzvü Məhəmmədəli Rəsulzadənin xatirələrinə istinad olunur. Lakin başqa bir xatirə də mövcuddur. Onun müəllifi Cümhuriyyət XİN Protokol Departamentinin rəisi, milliyyətcə polyak olan Meçislav Pudzinskidir. M.Pudzinski "Tatarski Rocznik" jurnalının redaktoru Leon Kriçinskiyə 20 fevral 1932-ci il tarixli məktubunda kamera yoldaşı olmuş generalın faciəli aqibətini təsvir edərək yazırdı:

"28 aprel 1920-ci ildə bolşevik çevrilişi baş verdi. Polyak missiyası ilə birlikdə həbs olunduq. Bir neçə gündən sonra bizi Fövqəladə Komissiyaya gətirdilər... Tezliklə general Sulkeviç də həbs olundu və bura gətirildi. O, çox bədbin əhvali-ruhiyyədə idi və mütləq güllələnəcəyini güman edirdi. Amma taleyinin sonunu sakit və hətta bir az da etinasız şəkildə gözləyirdi. Hamımız ümumi bir otaqda saxlandığımızdan onunla tez-tez söhbət edə bilirdim... Çevrilişdən bir neçə həftə sonra sübh çağı hava hələ tamam işıqlanmamış çekistlər ehmalca yatdığımız otağa girib bir neçə nəfəri yuxudan oyatdılar. Onlara əşyalarını da özləri ilə götürüb həyətə çıxmaları əmr olundu. Hamı yuxudan ayıldı. Çekistlər dustaqları bərk tələsdirirdilər. Nə baş verdiyi barəsində isə heç nə deyilmirdi. 



General Sulkeviç (yataqlarımız yaxın idi) fürsət tapıb bir neçə nəfərin əlini sıxdı. Vidalaşarkən bir daha güllələnməyə aparıldıqlarına əmin olduğunu bildirdi. Biz bacardığımız qədər təskinlik verməyə çalışırdıq. Əslinə qalanda isə özümüz də bilmirdik ki, bütün bunların axırı nə ilə qurtaracaq. Lakin onu deməliyəm ki, generalın son dəqiqələrdəki davranışı tam bir ləyaqət və cəsarət nümunəsi idi. Bir neçə gün sonra qəzetlərdə aralarında general Sulkeviç də olmaqla bir neçə nəfərin güllələnməsi haqqında Fövqəladə Komissiyanın məlumatını oxuduq. Onların hamısı əksinqilabi fəaliyyətdə ittiham edilirdi. Lakin bu barədə məhkəmə qərarı yox idi. Xatırladığım qədər, general Sulkeviçə qarşı irəli sürülən ittihamla bağlı heç bir istintaq da aparılmamışdı”.