CAN AY FİRUDİN BƏY KÖÇƏRLİ, GORUN ÇATLASIN
«26-lar» filmində belə bir yer var. İclas gedən zaman səs-küy düşür, dava düşür, güllə atırlar, zaldakı çilçırağın bir bəzəyi qırılıb düşür. Tribunadan danışan erməni onu götürür. Bu vaxt zalda oturan Tağıyev qalxıb yaxınlaşır erməniyə, onun sözünü kəsir və həmin bəzəyi əlindən alır, gəlir oturur yerində və deyir:
- Mən bunu Parisin göbəyindən gətirmişdim.
Əslində burda Əjdər İbrahimov sətraltı bir fikrini də deyib, yəni ermənilər bizim qiymətli nə varsa qamarlamaq istəyirlər, amma Hacı imkan vermir, tutub əllərindən alır ki, bu bizimdi.
Ümumiyyətlə, Əjdər İbrahimov «26-lar» filmində xalqa onlarla sətraltı mesaj verib. Bir dəfə imkanım olanda yazacam və həmin filmi də sayta qoyacam.
İndi gələk mətləbə. Səhər-səhər «Kulis»də bir şəkil gördüm – Qazaxdakı Qori seminariyasının binasının şəkli. Uçub-dağılmaq üzrədi. Yəqin iki-üç ilə tamamilə dağılar, yerində də ya bir restoran, ya da bir market tikərlər. Bizə tarix lazım deyil ha, bizə qazanc obyekti lazımdı.
O seminariyanı şuşalı Firudin bəy Köçərli gürcülərin əlindən qoparıb gətirib Qazaxda açmışdı. Və bugünki Azərbaycan eyni zamanda bu seminariyanı bitirən onlarla şəxsin çiynində yüksəlib. Əsrin əvvəllərində doğulan bir çox böyük şəxsiyyətlərin tərcümeyi-hallarına baxanda belə yazılıb: «Qazax seminariyasını bitirib». Və həmin binanın divarlarına Səməd Vurğun başda olmaqla, neçə-neçə şəxsiyyətin ruhu hopub.
Yəni, doğrudanmı belə bir bina şəkildə gördüyünüz vəziyyətdə olmalıdı?
Bu binanı təmir etdirmək nə rayon icra hakimiyyətinin səlahiyyətində deyil, nə də imkanları daxilində deyil.
Bu bina bir mədəniyyət abidəsidi və Mədəniyyət Nazirliyinin də borcudur ki, bu tarixi abidəni bərpa elətdirsin. Mədəniyyət naziri vəzifəsini icra edən hörmətli Anar Kərimovdan öz adımdan və bütün qazaxlılar adından xahiş edirəm ki, Qazax seminariyasının binasının təmirini diqqətində saxlasın.
Aqil ABBAS