DEPRESSİYA

İRADƏ TUNCAY
57449 | 2008-04-05 19:19

Deyəsən qış yuxusu bitir, yaz depressiyası başlayır axı. Hərədə bir cür - kimsə aqressivləşir, zəhərini tökməyə adam axtarır, kimsə oturduğu yerdə mürgüləyir, kiminsə də xəstəlikləri güclənir. Çoxları o məşhur mahnını oxumaq istəyir - "Depresyondayım, unutuldum, aldatıldım..." Bu "depressiya" sözünün dəqiq nə anlama gəldiyini öyrənmək üçün ensiklopediyanı açıram. Əksər terminlər kimi latın sözüdü - tənəzzül, durğunluq, basqı mənasını verir. Sözün kökündəki "press" sözünün bizə, yəni mətbuata birbaşa qohumluğu var. Türkiyə türkcəsində mətbuata "basın" deyirlər - yəni bizim işimiz (iş mexanizmimiz, texnologiyamız) sözün hər mənasında təzyiq və basqı altında olduğu üçün yəqin depressiyaya ən çox məruz qalan bizlərik. Yenə sözün bütün çalarlarında.
   
   ... Ceyhun Musaoğlu yenə mısmırığını töküb, kompüterində nəsə yazır. Heç kefi yoxdu.
   
   - Ceyhun, nə olub sənə?
   
   Könülsüz-könülsüz "heç nə" deyir.
   
   - Cavan oğlansan, sənin enerjin indi fontan vurmalıdır.
   
   - Əşi, kimə baxıram stress içindədir - deyir.
   
   - Təbiidi, yazdı. Yazda belə hallar çoxalır.
   
   - Guya qışda ayrı cür oluruq?
   
   Düz sözə nə deyəsən. Amma doğrudan, görəsən bu gərginliyin səbəbi nədir? Bu arada telefonum öz çıqqıltısı ilə məni yeni mesajın gəldiyindən xəbərdar edir. Açıram, gənc müəlliflərimizdən biridi, bildirir ki, bu dəfə heç nə yazmayacaq, çünki qanı qaradı. Rubrikasının adı "Ürəyimiz doludu" olan qızcığaz mənə deyir ki (SMS vasitəsilə), "səhifəmi boş qoyun, yuxarıda da yazın ki, ürəyi üzüldü". Ay balam, bu cavanlara nə olub? Biz heç, bizim yaşımız zatən depressiya yaşıdı, "40 yaş sindromu" dövründəyik, bəs gənclər? Bunun bir elmi izahı olmalıdır, ya yox? Niyə hamı qayğılıdı, kədərlidi, üzgündü? Allah rəhmət eləsin, Ağabəy Sultanovun yeri görünür. O, heç olmasa, hərdən-birdən bizi maarifləndirirdi. Görəsən bizim psixologiyamızda, fiziologiyamızda çatışmayan nədir ki, depressiv vəziyyətlərə səbəb olur? Hər halda özünüz hər gün intiharlar haqda oxuyursunuz. Yaponlardan fərqli olaraq bizdə intihar heç vaxt ənənə olmayıb. Görünür, bu da ekoloji tarazlığın pozulması ilə əlaqədardır, cürbəcür xəstəliklər sürüşə-sürüşə yerini dəyişir. Dünyadan kənarda qalmaq mümkün deyil. Baş verən hər hansı prosesi izləmək zorundayıq. İstər ictimai-siyasi, istər iqtisadi, istər ekoloji. Özümüzü kənara çəkmək istəsək də qoymayacaqlar. Baxın, hər gün Avropadan dəstə-dəstə avara gəlir-gedir. Onlar bizim kimi ölkələrin hesabına işsizlik problemini həll etdilər.
   
   ... Aprel ayının rəngi yaşıldı. Hər tərəf bu rəngin hökmü altındadı. Düzdür, Avropada Yaşıllar Hərəkatı olsa da onlar böyük anlamda bu rəngi sevmirlər. Biz dünyanın bütün rənglərini olduğu kimi qəbul ediriksə (narıncı rəng istisna olmaqla), onlar da yaşıl rəngə bir az tolerant yanaşsınlar. Məsələn, mavi rəngin əhəmiyyətini avropalılar bizə izah etdilər, hətta cinayət kodeksində təsdiq də elətdirdilər. Qəbulumuz, göy üzü də mavidir, amma günəş batanda narıncıya çalır. Təcili tədbir görmək lazımdır, amma sözlərimə rəng verməyin. Bir hadisə də yadıma düşdü. Neçə il əvvəl narıncı rənglə mübarizənin qızğın çağlarında keçmiş Lenin muzeyinin qabağından keçəndə gördüm camaat yığışıb nəyəsə tamaşa edir. Diqqət elədim ki, parlaq sarı rəngdə əlcək taxmış bir rus kişi əl-qolunu ölçə-ölçə qışqıra-qışqıra nəsə danışır. Əynində də sarı əlcəklərdən başqa heç nə yoxdu, yəni sizin anlayacağınız lüt-üryan dayanıb. Bilmədim bu rusun əməllərində siyasi rəng var idi, ya yox, çünki sarı rəngin də narıncıya qohumluğu çatır. Amma rəng siyasi olsaydı onu ordan tez yığışdırardılar, day camaat neçə saat tamaşasına dayanmazdı. Bir tərəfdən də fikirləşdim ki, bizim üçün neçə illər sarı rəng və ruslar eyni məzmun daşıyıb. Əynində sarı əlcəkdən başqa heç nə olmayan kişi bütün sarıların lüt olduğunamı işarə vurmaq istəyirdi? Çünki elə bir dövrdə yaşayırıq ki, heç nə təsadüfdən olmur.
   
   Bir film yadıma düşür, uşaq olanda maraqla baxırdım. Bizim ruslarla italyanlar birgə çəkmişdilər. Dirijablla Arktikaya gedən ekspedisiya orda qəzaya uğrayır, qarın üstündə bunları tapıb görsünlər deyə çadırlarını qırmızı boyayırlar. Hətta məşhur Norveç səyyahı Rual Amundsen bunların axtarışı üçün ora gedir, o da itib-batır. Amma ağappaq buzun üstündə qırmızı çadır işə yarayır. Rus təyyarəçi həmin çadırı görür və ekspedisiyanın salamat qalmış üzvlərini xilas edir. İndi üstündən neçə illər keçib, mən bu filmi xatırlayıb çox simvolların mənasını anlayıram. Sovet hökumətinin rəngi bütün dünyada qırmızı kimi qəbul olunurdu. Ağappaq dünyanın içində ancaq qırmızı rəng seçilə bilər və dünyanı da rus xilas eləyə bilər. Niyə bu filmi xatırladım? Söhbət rənglərdən gedirdi, əsas mövzumuz da depressiya idi. Məlumdur ki, bəzi əsəb xəstəliklərini müxtəlif rənglərin köməyi ilə müalicə edirlər. Qırmızı rəng qəti qadağandı. Sakit rənglərdən istifadə etmək lazımdı. Mavi və çəhrayı daha məqbuldu. Paytaxtımızda mavi rəng üstünlükdədi, əyalətlərdə isə daha çox çəhrayı rəng gözə dəyir. Rəng axtarmayın, birbaşa mənasında deyirəm. Gəlib-gedənlərin də öz rəngləri var. Ruslar, avropalılar, asiyalılar. Ağ rəngin parçalanmasından əmələ gələn bütün rənglər, yəni spektrin rəngləri. Amma Amerikanın rəngi buralarda keçmədi, heç Ermənistanda da keçmədi. Orda da narıncı çadırlar qurmaq eşqi yaranmışdı, amma ruslar öz rəngləri ilə (sarı-qırmızı) atəşə verib yandırdılar. Postsovet məkanı ölkələrinin siyasi xəritəsinin rəngi tamam dəyişib. Amma bizim məmləkətin rəngi xəritədə necə göstərilir, unutmuşam, gərək yenidən baxım, çünki vacib məsələdi. Mavi Avropa yaşıl Türkiyə ilə məzələnir. Yenə Avropa Birliyinə qəbul məsələsi havada qalıb, havanın da rəngi yoxdu. Xəritələrin də depressiyası olur.
   
   Aprel ayı olsa da tsiklonlar o yan-bu yana axırlar. Soyuq küləklər hər kəsi sakitləşdirir, xüsusən şimaldan əsirsə. Şimal bizə hər mənada yaxındı. Ona görə ən ideal rəng ağdı. Qalan bütün rənglər onsuz da həmin rəngdən yaranır. Həm də sakit rəngdi.
   
   ... Hər hansı bir xəstəliyi müalicə eləmək üçün onun səbəbini tapmaq lazımdı. Depressiyaların isə çox səbəbləri var - çətin həyat şərtləri, əsəb xəstəlikləri, beyində hansısa maddənin çoxluğu, fiziki çatışmazlıqlar. Fizioloji və psixoloji depressiyalar təbii ki, bir-birindən fərqlidi. Amma hər bir halda ortada bir "çatışmazlıq" sözü var. Siz bilən bizim həyatımızda çatışmayan nədi? Hərənin bir cavabı ola bilər - kimsə deyə bilər pul, kimsə deyə bilər ev, kimsə sağlamlıq. Mənə görə ən böyük defisit sevgi və səmimiyyətdi. Hamının bir-birinə patoloji nifrət hissi ilə yaşadığı bir mühitdə o biri dəyərləri yerbəyer eləmək çətin məsələdi. İçimizdə kükrəyən kin-küdurətdəndir ki, balaca bir qığılcım böyük faciələrə gətirib çıxarır. İqtidar müxalifətə, müxalifət iqtidara, işçilər öz rəislərinə, bir yazıçı dəstəsi o birinə, bir bölgənin əhalisi başqa bölgənin camaatına nifrət edir. Mətbuat cəmiyyətdəki ab-havanın göstəricisidir. Hər yerdə kompromat savaşı gedir. Kim qarantiya verə bilər ki, sabah hər birimizin özəl həyatına aid xəbərlər qəzetlərin manşetini bəzəməyəcək. Ən qorxulusu budur ki, bu xəbərlər bizim üçün adi xəbərlərə çevrilsin və hər dəfə qəzet səhifələyəndə, ya da televizora baxanda belə olaylar bizi təəccübləndirməsin. Bir TV kanalı tez-tez xəbərdarlıq edir: "Biz sizə göstərərik!" Göstərin, qadan alım, göstərin.
   
   ... Ceyhun Musaoğlu sorğu keçirmək istəyir:
   
   - Belə bir başlıq qoyaqmı - "Cəmiyyətdə gərginlik var, ya yox?"
   
   - Ceyhun, gərginliyi dəyiş, elə laqeydlik.
   
   - Bunlar başqa-başqa şeylərdir axı.
   
   - Nə deyirəm onu elə.
   
   Ceyhun yenə deyinə-deyinə gedir, mən də öz yazıma davam eləyirəm, amma deyəsən burda da aləm qarışdı bir-birinə. Bu da yaz depressiyasının bir göstəricisidir. Keçin günahımdan. Amma mən deyəsən səbəbini tapmışam. Kitablarda yazılıb ki, sən demə, depressiya təkcə tibbdə və iqtisadiyyatda olmur. Bu termindən coğrafiyada da istifadə edirlər - geomorfologiyada. Yer səthinin hər hansı enişi-çöküşü depressiya adlanır. Quru və su hövzəli depressiyalar var. Məsələn, Turfan çökəkliyi quru depressiyadı. Amma Xəzər dənizi sulu depressiya. Tektonik depressiyalar da var, bu isə mənim üçün maraqlı deyil. Əsas məsələ Xəzərin depressiya olmasıdı. Yaxşı ki, suludu, hərdənbir islanırıq. Görürsünüz, Ceyhun Musaoğlunun "niyə bütün fəsillərdə stress var?" sualına cavab tapdım. Depressiv dənizin sahilində yaşayırıq. Otuz qəpiyə qəzet alıb siyasətdən kənar yazı oxumaq istəyən oxucularımıza da nə qədər yeni məlumatlar verdim. Razı qalmasalar bilsinlər ki, depressiya onlara da təsir edir.

TƏQVİM / ARXİV