adalet.az header logo
  • Bakı 7°C
07 Avqust 2020 11:28
12692
GÜNDƏM
A- A+

Sahil Babayev: Pandemiya dövründə birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin həcmi 333 milyon manata çatacaq

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi barədə Prezident İlham Əliyevin tapşırığı qısa müddətdə icra olunacaq və yaxın günlərdə bu ödənişlərin verilməsi təmin ediləcək.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

S.Babayev bildirib ki, proqram Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək. Bununla da COVİD-19 dövründə yalnız bir dəstək istiqaməti – birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq.

S.Babayev diqqətə çatdırıb ki, iş yerlərinin qorunması, eləcə də özəl sektor üzrə 760 min nəfərin işsizlik riskinin qarşısının alınması ilə bərabər, ilin əvvəlindən əmək müqavilələrinin sayında da 120 min (19%), əməkhaqqı fondunda isə 15% artım özünü göstərib.

Sosial ödənişlərin davamlılığının, hətta hər ay vaxtından əvvəl ödənilməsinin təmin edildiyini qeyd edən nazir bildirib ki, bununla yanaşı, təkcə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımlar üzrə bu ilin 7 ayında 2,3 milyondan çox şəxsə, (əhalinin 23 faizinə) 3,3 mlrd. manata yaxın vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən tərqibən 30 faiz çox olmaqla 719 milyon manat çoxdur. Sosial təminat sistemi ilə əhatə olunanların da sayı 130-150 min nəfər artıb, o cümlədən əlavə olaraq 14 min ailə üzrə 60 minə yaxın şəxs ünvanlı sosial yardım proqramına cəlb edilib, proqram artıq 350 min insanı əhatə edir və sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də 225 manatı ötüb.

S.Babayev dövlət başçısının tapşırığı ilə ödənişli ictimai iş yerlərinin sayının da 90 minə çatdırıldığını, özünüməşğulluq proqramının da genişləndirildiyini vurğulayıb. Qeyd edib ki, bu il proqram çərçivəsində 12 min ailənin kiçik ailə təsərrüfatlarının yaradılması işləri aparılır. Dünya Bankı, BMT İnkişaf Proqramı, Heydər Əliyev Fondu, yerli banklar, habelə dövlət qurumlarından KOBİA, ABAD, Qida Təhlükəziliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi də bu proqramın genişləndirilməsi və dəstəklənməsi işlərinə cəlb edilib.

S.Babayev sosial dəstək tədbirləri çərçivəsində 65 yaşdan yuxarı tənha və əlilliyi olan şəxslərdən ibarət 15 mindən çox vətəndaşa evlərində sosial xidmət göstərildiyini, 1000-dək şəxsin sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmətlə təmin edildiyini deyib. Sosial tərəfdaşların dəstəyi ilə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan ailələr, çoxuşaqlı ailələr, aztəminatlı olan 100 min ailəyə iki dəfə (200 min ərzaq payı) verildiyini deyib. Nazir xüsusi karantin dövründə əlillik və işsizlikdən sığorta ödənişinin müddəti bitənlərə müvafiq ödənişlərin, peşə hazırlığında fasilə yarananlara təqaüdlərin verilməsinin davam etdirildiyini deyib. Bu dəstək tədbirinin 16 min şəxsi əhatə etdiyini, xüsusi karantin rejimi müddətində əlilliyi olan şəxslərə ehtiyac duyduqları minlərlə reabilitasiya vasitəsinin evlərinə aparılaraq verildiyini qeyd edib.
Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminat proqramının genişləndirildiyini deyən S.Babayev bildirib ki, yalnız son iki ili götürdükdə, 2018-ci illə müqayisədə 3 dəfəyə yaxın, 2019-cu ilə nisbətən 60 faizdən çox olmaqla, bu il rekord həddə, yəni azı 1500 mənzil və fərdi ev veriləcək. Artıq onlardan 554 mənzil, o cümlədən təkcə son 20 gündə 250 mənzil təqdim edilib.