adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Avqust 2020 22:26
23971
SİYASƏT
A- A+

Qənirə Paşayeva: Aliment ödəyə bilməyənlər üçün...

26 min ictimai əsaslarla olan boş iş yerlərinin bir hissəsi aliment ödəyə bilməyən atalara təklif edilsin ki, boşanmış ailələrdə böyüyən uşaqların üzləşdiyi maddi problemlərin bir qismi öz həllini tapsın.

Adalet.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında deyib. O bildirib ki, aliment ala bilməyən qadınlarla bağlı çoxsaylı müraciətlər olur:

"Aylarla, hətta 1 il ərzində alimentini ala bilməyən analar var ki, onlar azyaşlı övladlarını böyütməkdə çətinliklərlə üzləşirlər və belə analarımızın sayı yüzlərlədir. Bu, çox ciddi məsələdir. Həmin qadınlar 2 problemlə üzləşir. Alimentlə bağlı müraciət etdikləri zaman qarşı tərəf işləyə bilmədiyi üçün alimenti ödəyə bilməyəcəyini deyir. Qadınlarımız məcbur qalıb hüquq mühafizə orqanlarına müraciət edirlər. Bu durum uzun müddət davam etdiyi halda atanın həbs olunması mümkündür. Amma kənd rayonlarında qadınlarımız ictimai qınaq səbəbindən bu addımı ata bilmirlər. Bir çox insanlar da var ki, "mənim işim yoxdur" deyib aliment verməkdən imtina edirlər. Təklif edirəm ki, müvafiq qurumlarla nazirlik arasında əlaqə olsun və ictimai əsaslarla olan işlər bu qurumlar tərəfindən işsizlik səbəbindən aliment ödəyə bilməyən insanlara təklif olunsun. Ən azından onlar bu işdən qazandıqları məvaciblə alimentlərini ödəyə bilərlər. Bu, yüzlərlə ananın, azyaşlı uşaqların probleminin həlli deməkdir. 26 min ictimai əsaslarla olan boş iş yerlərinin sözügedən istiqamətdə istifadə olunması çox yaxşı olardı".

Millət vəkili Qənirə Paşayeva ünvanlı sosial yardımla bağlı müraciət edən vətəndaşların rastlaşdığı problemə də toxunub:

"Tələb olunan sənədlər arasında 1 sənəd çatmayanda vətəndaşa imtina cavabı gəlir. Vətəndaşa bildirilir ki, dünyasını dəyişən valideynin adında olan torpaq ailədən kiminsə adına keçirilməlidir və həmin şəxs özünə VÖEN hesabı açmalıdır. Yalnız o zaman ünvanlı sosial yardımdan yararlanmaq mümkündür. Bu proseslərin həlli 1 ailə üçün təxminən 150 manata başa gəlir. Rüsumlar bahadır və bəzən ünvanlı sosial yardım üçün müraciət edən ailə torpaqla bağlı sənədlərini düzəltmək üçün bu rüsumları ödəyə bilmir və ünvanlı sosial yardımdan da kənarda qalır. Bu da sonda həmin ailələrin narazılığına səbəb olur. Sözügedən problem aradan qaldırılmalıdır.Torpaq sənədləşmələri ilə bağlı insanların ödədiyi vəsaitin ciddi şəkildə azaldılması vacibdir. Bu güzəşt ən azı ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlara şamil olunmalıdır".

Bundan başqa Qənirə Paşayeva əlilliklə bağlı problemlərdən də danışaraq, səhiyyə qurumlarının bu sənədləri tələb olunan şəkildə doldurmamadığını və insanların bu istiqamətdə problemlərinin qısa zamanda öz həllini tapması üçün kriteriyaların dəyişdirilməsi məsələsinin tezləşdirilməli olduğunu vurğulayıb.

Deputat İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsində çıxış edib və qanun layihəsini dəstəklədiyini bildirib.