adalet.az header logo
  • Bakı 7°C
06 Avqust 2020 17:21
12512
GÜNDƏM
A- A+

Prezident İlham Əliyev bir sıra dövlət şirkətlərini tənqid etdi

Dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir.

Bunu Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz.

Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. "Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir.

Biz demirik ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir? Orada zərərlə kim işləyər? Ola bilər hansısa strateji sahələrə dövlət tərəfindən dəstək, dotasiya verilir. Lakin bir çox hallarda orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub. Amma belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir, - halbuki dövlət oraya da dəstək verir, - amma dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz.

Artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar. Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam".