adalet.az header logo
  • Bakı 13°C
05 Avqust 2020 11:14
52083
ƏDƏBİYYAT
A- A+

Etibar Əliyev: Boris Pasternakın timsalında bir ziyalı nümunəsi

Ziyalı məsələsi son günlər geniş müzakirələrə yol açıb. Düşündüm ki, Boris Pasternakın timsalında bir ziyalı nümunəsini göstərim.

1930-cu illərin sonunda Pasternak Stalinin göstərişi ilə həbs olunan görkəmli sovet hərbi komandirlərinin günahına inanmır və hazırlanmış müraciətə imza da atmır. Nəticədə 1936-1943-cü illərdə onun əsərlərinin çapına qadağa qoyulur. Lakin onun bir neçə xarici dil bilməsi köməyinə çatır. Həmin illərdə əməkhaqqından məhrum olan sənətkar ingilis, fransız, alman klassiklərini rus dilinə tərcümə edir. Onun rus dilinə çevirdiyi Şekspirin faciələri və Hötenin «Faust»u tərcümə sənətinin ən yaxşı nümunələri sayılır.

İkinci Dünya müharibəsində almanlar Moskvaya yaxınlaşanda o, Çistopol şəhərinə köçürülür. Bu dövrdə Pasternak vətənpərvərlik mövzusunda şeirlər yazır və hökumətdən onun cəbhəyə göndərilməsini xahiş edir. Onun xahişi nəzərə alınır və o, hərbi müxbir kimi cəbhəyə göndərilir. Nəhayət 8 illik fasilədən sonra onun müharibə mövzusuna həsr olunmuş «Vaxtından əvvəl səfər» şeirlər toplusu çap olunur."

Böyük şair 1958-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür. Bundan dərhal sonra Kommunist Partiyasının mərkəzi orqanı olan «Pravda» qəzeti və «Literaturnaya qazeta»da şairə qarşı kampaniyalar başlanır. Onun şəxsiyyətini təhqir edən məqalələrdə şairi «dönük», şərə xidmət edən «böhtançı» adlandırırlar. O, SSRİ Yazıçılar İttifaqından çıxarılır və mükafatdan imtina etməyə məcbur edilir. Bütün bu təhdidlərin qarşısında Pasternak Sovet İttifaqını tərk etmədi. «Vətəni tərk etmək mənim üçün ölümə bərabərdir» dedi. Və məcbur qalıb İsveç Akademiyasına 2 cümlədən ibarət teleqram göndərir: «Mənim mənsub olduğum cəmiyyət məni bu mükafatdan imtina etməyə məcbur edir. Könüllü imtinamı ünvanınıza təhqir kimi qəbul etməyin».