adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Yaşa, ustad, o dünyaya arxayın olub ölmə! - Aqşin Yenisey yazır

35364 | 2020-08-05 10:21
Rafiq Tağı bir ziyalının yox, bir intellektualın cəmiyyətdəki yeri idi; elə bir yer ki, haradan baxsalar onu öz düşmənləri kimi görəcəkdilər, görürdülər də... Rafiq Tağıdan sonra o yer boş qaldı, əvvəl də boş idi, deyəsən ...

O yer elə bir yerdir ki, orada dayananda nə qədər allaha məxsussansa, bir o qədər də insana məxsus olursan! Yuxarıların olduğun qədərlə aşağıların olduğun qədərin fərqi olmur! Hökumətlə aranda olan məsafə ilə xalqla aranda olan məsafə eyni olur! Müxalifsən, amma müxalifətçi deyilsən! İqtidarsan, amma hakimiyyətin yoxdur. Təkliyin ictimai mövqeyindir, tənhalığın tarixi əhəmiyyətin! Qoşulmağa sürü axtarmırsan!

Rafiq Tağıya düşmən olanlar çox idi; indi də çoxdur, ancaq onun özünün düşməni olduğu bir nəfər var idi – kütlə insanı. Və kütlə insanının istər təkbaşına, istər öz babları ilə yaratdığı qələbəlik. Rafiq Tağı dünyanın hər yeridnə kütləyə, kütlə dəyərlərinə hücum edirdi; "Şahzadə Dependranın Məhəbbəti” hekayəsində oğlunu kütlə dəyərlərinə qurban verən Nepal kralının sarayını dağıdır, oradan birbaşa "Avropa və Biz” essesi ilə xalqı fanatik kütləyə çevirən İrana keçirdi. Bu halı ilə o, bir az da Şərqin Don Kixotuna bənzəyirdi. Azadlığı haqq kimi deyil, həyat tərzi kimi yaşayan, müdrikliklə divanəliyin, komediya ilə faciənin, cəsarətlə kövrəkliyin vəhdətindən ibarət cəngavərə.

Rafiq Tağı özünün bütünləşmiş obrazı ilə ziyalı və intellektualın fərqini bizə göstərdi. Məncə, biz onun bir aydın obrazını bu iki ictimai duruşun müqayisəsində aça bilərik və buna cəhd etməliyik.
Bu gün allah da, şeytan da; iqtidar da, müxalifət də; hökumət də, xalq da; cəmiyyət də, ailə də Azərbaycan aydınından ziyalılıq tələb edir, çünki onun intellektual olması, ola bilmək ehtimalı nəinki Azərbaycanda, bütün müsəlman aləmində heç kimin işinə yaramır. Müsəlman ölkələrində intellektualın yeri ya dəlixanadır, ya həbsxana, ya də məzar! Niyə? Çünki ziyalıdan fərqli olaraq intellektual hazır dəyərlərin qarovulçusu, qulluqçusu deyil, özü dəyər yaradandır. Bu mənada intellektual işə ziyalılığın tənqidi ilə başlayır. İntellektualın ilk işi ziyalının yalançılığını ifşa etməkdir. Eyni zamanda ziyalı da hər vəchlə çalışır ki, intellektualı ziyalısı olduğu cəmiyətin, elitanın gözündən salsın. Çünki ziyalı üzvü olduğu elitanın kütlə üçün təyin etdiyi ictimai ağsaqqaldır. İntellektual isə nəinki elitadan, ümumiyyətlə, mədəniyyətin özündən azad olmuş asidir.

Rafiq Tağının obrazında bunların hamısı vardı; o, ziyalılıq institutunun riyakarlığını ifşa edirdi, buna görə lənətlənirdi və ən azı, sahib olduğumuz mədəniyyətə kosmik bir işıq tutmağa çəhd göstərirdi. Mədəniyyət deyib içində eşələndiyimiz girdabın məddahına çevriılmək istəmirdi.

İntellektual – mədəniyyətin özünün asisidir, o, mədəniyyətin özünə qarşıdır. Ziyalı isə mövcud mədəniyyəti təmsil edən elitanın əlinin altındakı, bir növ, məlumat kitabçasıdır. Ziyalı mədəniyyətin dostu yox, nökəridi; sür dərəyə fədaisidir, üzündən saxta təbəssüm əksik olmaz.

Ziyalı milləti düşünür, intellektual bəşəriyyəti. Ziyalı cəmiyyətin dərdini çəkir, intellektual insanının. Ziyalı buna görə qiymətləndirilmək istəyir, intellektual özü qiymət oxuyur.

Yazdıqlarımızı biz az açmağa çalışaq. Oxucularımız daha çox idxal fikirlərə, ordan-burdan əkişdirilmiş sitatlara inandığı üçün bu abzasda məşhur fikir adamlarının "intellektual kimdir” sualına verdikləri cavablardan sitatlar gətirəcəyik. İntellektualların əcdadlarından biri sayılan Sartra görə, intellektual elmin özünü yaradan və onu təcrübədə sınayan şəxs deyil, bu təcrübənin insan həyatındakı zərərini və faydasını araşdıran və bunu cəmiyyətlə bölüşən şəxsdir. İntellektual atomu parçalamır, amma atomu parçalamağın nə demək olduğunu insanlara çatdırır. İntellektaul, bir növ, elmin, bilginin peyğəmbəridir. İnsanlar alimdən fərqli olaraq, onu daş-qalaq edə-edə sevirlər. Nifrət intellektualın mükafatıdır.
Cəmiyyətimiz bu mükafatı Rafiq Tağıdan heç vaxt əsirgəmədi.



XX əsrin əvvəlində fransız Jülen Benda "İntellektualların xəyanəti” kitabında bizim ziyalı, türklərin aydın dediyi zümrə haqqında yazırdı ki, bu zümrə artıq həqiqət çarçıları olmaqdan çox uzaqdırlar, siyasi maraqlara qulluq edirlər, iqtidarların ehtiraslarına keşik çəkirlər. Öz qruplarının mənfəətini güdürlər. Bendaya görə, əsl intellektual həqiqəti söylədiyi üçün inkivizisiya tonqalını özü üçün sönməyə qoymayan, çarmıxını öz çiynində gəzdirən, öz evində də sürgün həyatı yaşayan şəxsdir.
Rafiq Tağı öz inkivizisiya tonqalını heç vaxt sönməyə qoymadı. O, öz taleyindən savayı, həm də öz ölümüm yaradıcısı idi.

Russonu intellektualların atası hesab edən tarixçi Pol Conson, Marks, Tolstoy, Heminquey, Rassel kimi intellektual hesab etdiyi 21 şəxsi "dişinə vurduğu” "İntellektuallar” kitabında bu zümrəyə mənsub olan tiplərin Orta əsrlərin ruhani təbəqəsinin yerinə keçən sekulyar fikir adamları olduğunu yazır. Pola görə, intellektual ənənələrə, cəmiyyətin əxlaqi və mənəvi dəyərlərinə əhəmiyyət verməyən, heç bir siyasi, iqtisadi tərəfkeşlik tutmayan, özünün fəlsəfi, siyasi, əxlaqi "dünyası” olan və bu "dünyanı” insanların yaşadığı real dünyanın qarşılığı olaraq onlara təqdim edən insandır.

Pola görə, intellektual bizim Nizami Gəncəvi kimi heç bir "icazə kağızı” olmadan ucdantutma hamıya ağıl verir, amma Nizami Gəncəvi kimi sifariş və hədiyyə qəbul etmir. Şahlardan aldığı sifarişlər, 9 kənd və Afaq xanım məsələsi olmasaydı biz Nizami Gəncəvimizi gəlmiş-keçmiş bütün intellektualların ulu əcdadı adlandıra bilərdik.

Nə yazıq ki, bizim dərədə xalis intellektual olmaq heç bir dövrdə mümkün olmamışdır. Hətta "ən təmiz” intellektualın köynəyində də dolanışığın şorba, şöhrətin şərab ləkəsi vardır. Bəlkə, bu güzaran ləkəsi Rafiq Tağının da pencəyinə düşəcəkdi bir gün. Amma yaratdığı və inandığı dəyərlər buna imkan vermədilər. Qatili Rafiq Tağının qulluqçusu idi.

Kimə intellektual deyilə bilər sualına verilən cavabların ümumi mənzərəsinə baxanda biz gördük ki, ziyalını intellektualın düşməni adlandırarkən səhvə yol verməmişik, əksinə, çox yumşaq davranmışıq.
Ziyalılar mövcud sistemlərin kahinləridir. Ziyalının funksiyası təmsil etdiyi sistemə görə dəyişir, dəyişməlidir. Məsələn, çar Rusiyasının ziyalıları dindar-liberal düşüncəni dəstəkləyirdilər, kommunist Rusiyası onları ateist-proletar düşüncəni əldə bayraq edən ziyalılarla əvəzlədi. İntellektualın belə bir ideoloji, morfoloji adaptasiya bacarığı yoxdur, olsa, o da dönüb ziyalı olar.

Rafiq Tağı heç vaxt ziyalı olmaq istəmədi, özünə qiymət oxutdurmadı.

Ziyalı dolanışıq və şöhrət xatirinə içində qətlə yetirdiyi, bəzən də içində can verə-verə yaşayan, ölmək bilməyən intellektualın qisasını hər kəsdən, hər an almağa hazır olan "ictimai məmurdur”. Onun aşağılar və yuxarılar qarşısında vəzifəsi var. Ziyalı həm aşağıların, həm yuxarıların karına gələn adamdır. Cəmiyyətin bir intellektualdan çox, bir ziyalıya ehtiyacı var. Ziyalı həyəcanla gözlənilən, intellektual isə çağırılmamış qonaqdır. Ziyalı cəmiyyətdə beyinlər, düşüncələr arasında şütüyən bir "təcili yardım” vasitəsidir. O, həm aradüzəldən, eyni zamanda həm də aravurandır. Və bu xidmətlərinə görə bir tərəfdən mükafatlandırıldığı kimi, o biri tərəfdən də aşağılanır. O, bunların hər ikisinə dözməlidir. Həm də mədəni bir formada dözməlidir. Üsyankarlıq ziyalının içindəki qətlə yetirdiyi intellektualı oyada bilər ki, bu da evdə arvad-uşağın ac qalması deməkdir.

İntellektualın belə bir dərdi yoxdur, əgər ailəsi onun həqiqətinə əngəl olacaqsa, arvadını özü başqasına ərə verəcək, uşaqları isə böyütmək üçün qoca anasının yanına göndərəcək. Məsələn, intellektual ata Volter altmış səkkiz yaşında kralın qorxusundan Fransadan mühacirətə qaçanda dostunun 28 yaşlı arvadını da qoltuğuna vurub aparmışdı. Yaxud onun həm fəlsəfi, həm ictimai irsinin davamçısı Rassel hər həftə bir arvad alırdı.

Bizdə belə adamları siftə ziyalılar daş-qalaq edir; çünki ziyalı olan ümumi əxlaqın xəfiyyəsi, xüsusi tərbiyənin casusudur. Xalq və hökumət onları öz dəyərlərini qoruyan müqəvva kimi görmək istəyir.
Rafiq Tağı heç vaxt ictimai müqəvva olmadı.

İntellektual, bir növ, modern çağın, bilgi dünyasının xəyalpərəstidir, macərapərəstidir, Don Kixotudur. O, nə sistemin, nə cəmiyyətin, nə də özünün xeyrini güdür. O, sadəcə, ortalıqda bir beyin fırtınası kimi dolaşır. Ona görə də intellektual öz cəmiyyətinin (hətta bəzən dünyanın) kimsəsizidir, yalqızıdır. İntellektual həm də bu yalqızlığına görə mədəniyyətin içində deyil, çölündə yer alır; o, mənsub olduğu mədəniyyətin, bir növ, süni peykidir.

Bir intellektual, məsələn, Stalinin vaxtında Yazıçılar Birliyinə üzvü olmaq fikrinə düşürdüsə, dönüb ziyalı olurdu. İndi bilmirəm, vəziyyət necədir. Əsl intellektual üçün ziyalı olmaq, başına gəlməsini istəmədiyi ən pis hadisədir. Biz tərəflərdə intellektual, adətən, toy gecəsi ziyalı olmağa başlayır. Xalq onu ilk növbədə qoltuğuna verdiyi arvadla "etkisiz” hala gətirir. Nağara intellektualı məsafədən zərərsizləşdirən milli silahdır.

İntellektual olanla mədəni olan da eyni tip deyil. Mədəni olan ziyalıdır, ondan intellektuallıq yox, mədənilik tələb olunur. O, bir ictimai, hətta inzibati maket, nümunə olmalıdı. Mədəni olan gecə saat üçdə də istifadəyə yararlı halda gözləməyi bacarmalıdır. İnsanlar onu heç vaxt yatmayan, yeməyən, tualetə getməyən universal varlıq kimi təsəvvür etməlidirlər. Mədəni olan yeri gələndə çəkic, yeri gələndə mıx olmalıdır. Stalin sovet ziyalısı tipini bu şablona uyğun yaratmışdı. Sovet ziyalısı xalqın, cəmiyyətin qarsında Stalinin təmsilçisi idi. Onun kimi geyinməli, onun kimi qımışmalı, onun kimi öskürməli, onun kimi...

İntellektualın isə mədəni olmaq kimi bir öhdəliyi yoxdur. əksinə, o, mədəniliyin yerinə azadlığı qoyur. Adətən, əsl intellektual mədəni olmaqdan qaçır, çünki mədəniliyin onu elitanın və kütlənin qulluqçusuna çevirəcəyini bilir. İntellektual mədəniyyətdən azad (bəlkə də, xilas) olmuş adamdır. Ziyalı intellektuala müharibə elan etdiyi kimi, intellektual da ziyalının təmsil olunduğu mədəniyyətə müharibə elan edir. Çünki o, gözəlliklə yanaşı, eybəcərliyi də mədəniyyətin yaratdığını bilir.

Mədəni olan etikdir, intellektual olan estetik. Mədəni olan intellektual, intellektual olan mədəni görünmək istədikdə, yaxud buna məcbur edildikdə zayı çıxır.

Dostoyevskinin "Böyük İnkivizitor”undan, yəqin ki, bizi oxuyan hər kəsin xəbəri var. Orada İsa peyğəmbər intellektualın, inkivizitor ziyalının arxetipidir. Elə bil, "cəmiyyətə hansının faydası daha çoxdur” dediyinizi eşitdim. Bu suala doğru cavab vermək üçün əvvəlcə cəmiyyətin fayda anlayışını aydınlaşdırmalıyıq. Əgər onun, cəmiyyətin ən böyük arzusu oğul toyunda oynamaqdırsa, o cəmiyyət öz intellektuallarını tarakan kimi tapdalayıb öldürsün.

Çünki intellektual bilginin fayda üçün deyil, həqiqət üçün istismar edilməsini müdafiə edən şəxsdir, faydalı olmaq istəyən intellektual deyil, elm adamıdır. İntellektual bəzən firmalara hamballıq edən elm adamlarının da qəniminə çevrilir. Onun məqsədi oxumaq, gəzmək, yaratmaq deyil, oxuduqlarının, gördüklərinin, yaradılanların içindən ən yaxşılarını seçməkdir. Yaxşıların içindən ən yaxşını seçmək. Çünki o bilir ki, yaxşı ən yaxşının düşməndir. İntellektualın zəhmətindən qazanan çox vaxt bilginin özü olur. Sokrat demokratiyanın tənqidçisi idi, Sokratın edamından qazanan da demokratiyanın özü oldu.
Stalin yadigarı olan cəmiyətimiz bir bütün olaraq hələ ki, mədəni olana tapınır, ziyalı olana sitayiş edir. Biz intellektual olanı anlamırıq. O, bizə ögeydir. O, bizim mədəni mühitimizdə yad ünsürdür. Axtarıb öz cəmiyətini tapmalıdır.

Rafiq Tağı bu dünyada öz cəmiyyətini tapa bilmədi, o dünyada isə… o dünya deyilən bir yer yoxdur!

Yaşa, ustad, o dünyaya arxayın olub ölmə!

TƏQVİM / ARXİV