Faiq QİSMƏTOĞLU: ARXAYINLIQ
Arxayınlıq yaxşı əlamətdi, amma bəzən bu arxayınlıq həddindən artıq çox olanda insan nəyi varsa, onu itirməklə üzləşir. Başqa sözlə demiş olsaq, bu arxayınlıq onda özündənrazılıq yaradır və nəticədə son anda nə qazanıbsa, onun əldən çıxdığını görür. Məsələn, hər hansı idmançı (istər bokusçu olsun, istər güləşçi, istərsə də finiş xəttinə çatmaq istəyən yürüşçü) görürsən ki, qələbənin bir addımlığındadı və daha çox xal toplayıb.
Bir anlıq onda arxayınlıq yaradır, bir neçə saniyədən sonra qələbə çalmağına ümid bağlayır və əvvəlki güc və enerji ilə mübarizə aparmır və nəticədə rəqibinə uduzur. Yaxud da başqa bir misal. Hər hansı məşhur futbol komandası rəqibinə birinci hissədə 5:0 hesabı ilə qalib gəlir, ikinci hissədə arxayınlıq yaranır və əvvəlki sürətlə və texnika ilə mübarizə aparmır, nəticədə oyun ya heç-heçə qurtarır, ya da əvvəl qalib gələn komandanın məğlubiyyəti ilə bitir. Biz bunların hamısını zaman-zaman görmüşük.
Elə bil oxucunu bir qədər dağa-daşa saldım və yordum. Bilirsiniz, söhbət nədən gedir? Söhbət ölkəmizdə koronavirusla mübarizədən və ona qarşı aparılmış qabaqlayıcı tədbirlərdən, səhiyyə işçilərinin bu mücadilədə qələbəsindən gedir. Sirr deyil ki, artıq 5 aya yaxındır ki, 3-cü Dünya Müharibəsi səviyyəsində olan koronavirusa qarşı məmləkətimizdə çox gərgin bir mübarizə ilə mücadilə aparılır. Sərt karantin rejiminin tətbiqi, dövlət və hökumət tərəfindən həyata keçirilən mütəmadi tədbirlər, bütün bunlar zaman-zaman öz nəticəsini verdi. O da bəlli oldu ki, ölkəmizdə bu böyük bəlaya qarşı öncədən hazırlıqlar görülür və o ocağın sönməsi üçün bütün lazimi addımlar atılır.
Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən mövcud təhlükəyə qarşı bütün nə lazımdısa, onlar hamısı vaxtında və zamanında gerçəkləşdirilib. Başqa sözlə demiş olsaq, ixtisaslaşdırılmış xəstəxanalardan tutmuş, yeni modul tipli tibb mərkəzlərinə qədər bütün qüvvələr bu təhlükəli virusun qarşısının alınmasına yönəldilib. Ölkəyə ən müasir avadanlıqlar, süni tənəffüs aparatları, xəstələrin müalicəsi üçün dava-dərmanlar gətirilib.
Son 10-15 gündə bu xəstəliyə qarşı ölkədə müsbət dinamika yüksələn xətlə inkişaf edib. Yəni əvvəllər virusa yoluxanların sayı gün ərzində 500-dən yuxarı idisə və sağalanlar bundan qat-qar az idisə, artıq bir neçə gün bundan əvvəl həm virusa yoluxanların sayı əsaslı surətdə azalıb, həm də sağalanların sayı 600-ü keçib. Bax, bunun özü çox böyük uğurdur. Əlbəttə, həm Səhiyyə Nazirliyinin, həm də TƏBİB-in və eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın və bütün həkimlərin gecə-gündüz istirahət etmədən gördükləri zəhmətin nəticəsi idi bu. Bu həm də onu göstərir ki, hər hansı bəlaya qarşı bütün dövlət qurumları və əhali birgə mübarizə aparanda o təhlükənin qarşısını almaq o qədər də çətin olmur.
Problemlərin həllində Daxili İşlər Nazirliyinin yol patrul, çevik polis alayı və post patrul xidmətinin mütəmadi olaraq sutkanın 24 saatı fasiləsiz xidməti də önəmli əhəmiyyət kəsb edir. Və burda əhalinin böyük əksəriyyətinin sərt karantin rejiminin qaydalarına riayət etmələrini xüsusilə qeyd etmək lazımdır. Əvvəlki vaxtlara nisbətən insanlar ictimai nəqliyyatda və qapalı yerlərdə tibbi maskalardan daha çox istifadə edirlər. Amma bu o demək deyil ki, hamı sanitar-gigiyenik qaydalara və maskalardan istifadəyə önəm verir.
Artıq avqust ayının 5-dən səhər saat 6:00-dan sərt karantin rejimi tətbiq olunan şəhər və rayonlarda və o cümlədən Bakı şəhərində yumuşaldılmalar olacaq. Birincisi, SMS sistemi ləğv ediləcək, bununla yanaşı, hər hansı park və xiyabanda 5 nəfərdən artıq insan toplaşa bilməz. Yəni sərt karantin rejiminin bir çox qaydaları qüvvədə qalır. O cümlədən tibbi maskalardan istifadə etməməyə görə, İnzibati Xətalar Məcəlləsindəki 211.1 maddəsi qüvvədədir. Yəni SMS-in ləğv edilməsi o demək deyil ki, tibbi maskalardan istifadə edilməməlidir. Çünki insanların bir çoxu elə təsəvvür edir ki, SMS-lər ləğv edilirsə, tibbi maskalardan da istifadə olunmayacaq. Ona görə də sərt karantin rejimi tətbiq olunan şəhər və rayonlarda əhali bu məsələləri diqqət mərkəzində saxlamalıdır.
Təbii ki, SMS sistemi ləğv olunandan sonra şəhər və rayonların küçələrində, xiyabanlarında insan axını daha da çoxalacaq. İşi oldu-olmadı əksəriyyət çalışacaq ki, Bakının küçə və prospektlərinə, xiyabanlarına, lap elə dəniz kənarı parka çıxsın və təmiz hava qəbul eləsin. İnsanları da qınamalı deyil. Artıq 5 aya yaxındır milyonlarla insanlar evdən çölə çıxmır, ünsiyyətdə olmur və park və xiyaban üzünə həsrət qalıb.
Təbii ki, bu prosesdə hər bir insanın üzərinə çox böyük yük və məsuliyyət düşür. Bir çox insanlar yumuşalmadan arxayınlaşaraq bütün günü küçə və xiyabanlarda olmaqla həyatları üçün təhlükə yarada bilərlər. İlk növbədə həmin yerlərə gedərkən insanlar çox olan məqamda tibbi maskadan istifadə edilməli, ara məsafəsi saxlanılmalı, sanitar və gigiyenik qaydalara əməl olunmalıdır.
Aydındır ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu yumuşaldılmanın gedişatına nəzarət edəcəkdir. Əgər SMS-lərin ləğv edilidiyi dövrdə virusa yoluxanlar azalsa, xəstəliklə müalicə edilənlər çoxalsa və bundan sonra yumuşaldılma sahəsində daha ciddi addımlar atılacaq. İri ticarət mərkəzlərinə və xidmət sahələrinin fəaliyyətinə icazə veriləcək və eləcə də bir çox digər məsələlərin yumuşaldılmasına münbit şərait yaradılacaq. Ancaq Allah eləməmiş, hər şey əksinə baş versə, karantin rejimi yenidən daha da sərtləşdirilə bilər.
Buradan belə bir məntiqi nəticə çıxır ki, yumuşaldılmalara doğru getməyin konkret bir yolu var: o da bütün insanların mövcud qaydalara ciddi riayət etməsidir! Yoxsa biz müəyyən uğurlara arxayın olsaq, karantin rejiminin qaydalarını pozsaq, koronavirus ölkəmizdə yenidən tüğyan eləyə bilər və bizim hər birimiz yaxalayar. Çünki artıq Avropa ölkələrində bu virusun ikinci və üçüncü dalğası başlayıb. Sadəcə olaraq, biz birlikdə olsaq, bu bəlaya qarşı bir yerdə mücadilə etsək, özümüzü və ölkəmizi bu təhlükədən xilas eləyə bilərik!..