adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Avqust 2020 12:20
9853
GÜNDƏM
A- A+

Lay-lay estetikası, vay-vay etikası - Aqşin Yenisey yazır

Azərbaycan dili, ya da Azərbaycan türkcəsi - konkret lüğətə məhkum edilmiş bir dil. Xatirələri hələ də bir çox beyində vurnuxan keçmiş imperiyanın ruslaşdırma siyasətinə canla-başla nökərlənən dilçi çinovniklərimiz dilimizi məlum sərhədlər daxilinə məhkum etməklə şüurumuzla dilimiz arasındakı əlaqəni kəsdilər, məsələn, onu arqo deyimlərdən məhrum etdilər, çünki söyə bilərdik, erotik qatını kəsib tulladılar, çünki sevə bilərdik. Düzxətli bir dil yaratdılar, bu məhdud dil də bizi modern vəhşilərə çevirdi.

Şüurla dil arasında əlaqə ikitərəflidir; şüurun inkişafı dilə təsir etdiyi kimi, dilin inkişafı da şüuru formalaşdırır. Konkret lüğətə məhkum edilmiş ədəbi dilimiz yeniliklərə bağlıdır. Qrammatikamız xalis Xudayar bəydir, kəndxuda!

Modernləşmə şurumuzda gedə bilmədi, çünki biz sənayeləşmə, modernləşmə proseslərinə sonradan və tamaşaçı, istehlakçı kimi qoşulmuşuq. Modernləşmə şüurumuza ancaq dil vasitəsilə ötürülə bilərdi. Konkret lüğət tərkibi isə məhdud sayda sözün, anlayışın dilimizə girməsinə icazə verirdi. Buna görə də şüurumuzu irəli aparacaq dilimiz modernizasiyaya məruz qalmadı, nağıl dili kimi şöhrətləndirildi. Bu gün Azərbaycan türkcəsi artıq həyatımızda olmayan atarabanı təsvir etmək üçün mükəmməl imkanlara malikdir, amma bu dillə məsələn, hər gün mindiyimiz avtomobili heç cür təsvir edə bilmərik. Hələ mən NASA filan texnologiyasının dilimizdəki lallığını qoyuram bir qırağa.

Dilimizin bu cür arxaikliyi ədəbiyyatımızı qədim insanların həyat tərzi səviyyəsində saxladı. Gənc yazıçılarımız kənd həyatını və qoca kişiləri çox böyük ustalıqla təsvir edirlər, çünki gözlərini açıb dilimizdə onu görüblər, onu götürüblər. Ən çox oxunan, sevilən şairlərimiz yas estetikasının tərənnümçüləridir. Çünki məişətlə məhdudlaşdırılmış dilimizın leksik tərkibi göz yaşı ilə zəngindir. Eləcə ədəbi dilimizin lüğətini götürüb sözləri əlifba sırası ilə oxuyanda adamın ağlamağı gəlir. Hələ gör bu tərkiblə şeir yazsan nə müsibət qopacaq.

Axıcı üslub, şirin təsvirlər, lay-lay estetikası, vay-vay etikası. Bütün bunlar monoton, düzxətli dilimzin "uğurlarıdır". Bu dildə ancaq modern vəhşilər böyütmək olar və böyüdürük də. Ona görə bir az mədəni, yaxud mədəniləşmək istəyən ailələrimiz dilimizdən qaçır, mədəni gələcəyi başqa dillərdə axtarır, həm də öz ölkəmizdə.

Mən belə dilin bayramını təbrik etmirəm. İnciyənin də...