YOXLANILMAMIŞ XƏBƏRLƏRƏ GÖRƏ...

İRADƏ TUNCAY
42323 | 2009-06-20 01:01

(Oxuyacağınız bu yazı heç bir müsabiqəyə təqdim olunmaq üçün yazılmayıb. Rəşad Məcidin xətrinə yazılıb)
   
   
   
   Bu minnətli girişdən sonra deyim ki, çevrəmdə hər kəsin həvəslə bir işin qulpundan yapışdığına baxıb da, hər tərəfdə qızğın yaradıcılıq işlərini izləyib də özümün niyə tənbəlləşdiyimə heyrətlənirəm, həm də utanıram. Yəni məmləkət qaynar qazankən, hamı öz potensialını realizə etməyə bir yer tapmışkən mən niyə tüfeyli olmuşam? ?zü də baxıb görəndə ki, hər tərəfdən- sağdan, soldan istedad, bilik, elm, savad, təcrübə fışqırır, aşıb-daşır, lap xəcalət çəkirsən.
   
   ... Bu xəcalət hissləri ilə çabalayarkən telefon zənginə cavab verməli oluram. Telefon açan Rəşad Məcidin xanımıdı. Hal-əhval tuturuq, söhbətləşirik. Bir az keçmiş Rəşadın özündən SMS gəlir, o da eyni sualları verir.
   
   - Depresyondayım - cavabını verirəm. - Aldatıldım, unutuldum - deyirəm...
   
   Rəşad da, təbii ki, kefimi açmaq üçün bəzi tanınmış adların mənim imzamın niyə görünmədiyinin səbəbini xəbər aldıqlarını yazır mənə. Bu da xoşdu, təbii, amma az keçmiş bir başqa dostumdan da mesajlar gəlməyə başlayır və mən bu suallarda da Rəşadın dəst-xəttini, üslubunu hiss edirəm. Deməli, Rəşad Məcid məni depresyondan çıxarmaq üçün, məni özümlə barışdırmaq üçün diplomatik yollar arayışındadı və bunun üçün də müxtəlif ranqlı elçilərdən istifadə edir.
   
   Elə bir yerdə yaşayırıq ki, başını saxlamaq istəyirsənsə mütləq diplomat olmalısan, danışdığın sözlərə fikir verməlisən, elə danışmalısan ki, bir Allah bəndəsi də sənin nə demək istədiyini anlamasın. Odur ki, dövlətimiz yaranıb formalaşandan gəlmiş-keçmiş baş diplomatların içində ən parlaq sima indiki xarici işlər naziri sayıla bilər. Çünki onun nə dediyindən nəinki biz, hətta özü də baş çıxara bilmir. Və bu da diplomat üçün vacib keyfiyyətdi. Rəşadın sadaladığı adların içində bəzi diplomatların da adı var və mən də bu gün Rəşadın uğurlu missiyasını davam etdirərək diplomatiyadan danışmaq istəyirəm. ?mumiyyətlə, bizim buralarda hər hansı önəmli kürsüyə oturan adam birinci növbədə diplomatiyanın sirlərinə bələd olur. Və gördüyünüz kimi, heç bir sahədə axsama yoxdu. Sağa baxırsan - düppədüz, sola baxırsan - düppədüz, yuxarı elə, aşağı belə... (Deyəsən, mən də diplomat kimi danışmağa başladım. Dünya gör-götür dünyasıdı) Həm də bilmirəm kim-kimdən öyrənib, amma buralara gəlib-gedən xaricilər də bizim üslubda fəaliyyət göstərirlər. Hər dövrün öz xarakteristikası var, amma indi böyük-böyük dövlətlərdən də adını xəritədə tapa bilmədikləri ölkələrə həvəslə işləməyə gəlirlər. Səbəbini özünüz bilirsiniz.
   
   
   
   ***
   
   İnsanlar icma, qəbilə halında yaşayandan savaş tarixi başlayır, savaşlar başlayandan da diplomatiya gündəmdədir. "Qələbə çaldığın zaman qazancın məğlub olub itirəcəyindən çox deyilsə, savaşa başlamağa dəyməz". Bunu Oktavian Avqust deyib. Deməyinə deyib... Bəzi məsələlər var ki, antik dövrlərdən bu günə qədər yol gəlir və dəyişməz qalır. Məsələn, "Parçala, hökm sür" siyasəti. Gördüyünüz kimi Amerika da çox düşündü-daşındı və İranı müharibəsiz dağıtmaq yolunu tutdu. Bəzən müharibələr dövləti daha da gücləndirə bilir. Ruslar II Dünya Müharibəsindən nüvə silahı ilə çıxdı. Amma sonra savaşsız-filansız öz içindən dağıtdılar. İzləyək görək İranda nə olacaq? Düzdür, bizim üçün hər bir halda yaxşı heç nə gözlənilmir, qonşunda yanğın varsa ən azından tüstüdən boğulma təhlükəsini gözə almalısan. Bizi birbaşa narahat edən Ermənistan məsələsi isə hələ Oktavian Avqustun zamanlarından gündəmdədi. Ermənistanın strateji mövqeyi, burda Roma təsirinin güclənməsi, bir tərəfdən Mesopotamiya, bir tərəfdən Babilistan, bir tərəfdən də Parfiya üçün təhlükə törədirdi. Bütün ticarət yollarının, Qara dənizə çıxışın, Qafqazın Roma imperiyasının nüfuz dairəsinə keçməsi İranı narahat edirdi və erməni çarlığında iki partiya mübarizə aparırdı. Roma tərəfdarları və İran tərəfdarları. Romalılar gücləndi, ermənilər onlardan vassal asılılığı qəbul etdilər. Bugünkü gündən fərqi varmı, sadəcə dövlətlərin adları dəyişib.
   
   Bizans diplomatiyasının tarixi isə bütün dövlətlər üçün təcrübə mənbəyidi. İmperatorların sürüşkənmi desəm, çevikmi desəm siyasəti çox zaman ölkəni dağıdıcı savaşlardan qoruya bilirdi. Və Bizans öz maraqları naminə müttəfiqlərini əlcək kimi dəyişdirirdi. Həm də Bizans tarixi ilə qadınların xarici siyasətə təsiri gündəmə gəlir. İmperator Yustinianın xanımı Feodora İran şahı Xosrova yazırmış ki, "İmperator mənimlə məsləhətləşmədən heç nə həll eləmir". İndi bu sözlərin altında yatan mənaları özünüz çözün, maraqlıdı, deyilmi? ?mumiyyətlə, Bizansın min illik tarixi boyu diplomatik missiyaların önəmi, dəyəri artır, fəaliyyəti genişlənir, səfir və səfarətxana anlayışı yaranır. Hətta İslam təşəkkül tapıb dünyaya yayılanda Əməvilərin saray siyasətində özəlliklə Bizans, bir az da Sasani ənənələrindən bəhrələniblər. Müsəlman şərqində diplomatik missiyalardan uğurla istifadə ediblər. Və gələn qonaqlara da hörmətlə yanaşıblar, düşmən ölkələrdən olsa belə. "Quran"da deyilir ki, elçinin bir vəzifəsi var, deyilənləri doğru-düzgün ünvanına çatdırmaq. Səlcuqluların məşhur vəziri Nizamülmülkün "Siyasətnamə" əsərində elçilik məsələlərinə aid xüsusi fəsillər var. O yazır ki, bir-birinə elçi göndərən hökmdarların həm aşkar, həm də gizli niyyətləri olur. "Onlar bilmək istəyirlər ki, ölkədə yolların, keçidlərin vəziyyəti necədi, içməli su varmı, ordu hardan keçə bilər, ərzağı hardan götürə bilər, hökmdarın ordusunun, silahlılarının sayı neçədi, ziyafətləri və toplantıları nə şəkildə keçirilir, iş növbəti necə qurulur, ov və oyunlara meyl varmı, hökmdarın mənəvi siması, xasiyyəti, həyat tərzi necədi, qulağı və gözü kimdi, adildimi, deyilmi? Cavandı, ya ahıldı, elmlidi, ya cahil? ?lkəsi çiçəklənirmi, ya xaraba qalırmı? Xalqı zəngindimi, ya kasıbdımı? ?zü sayıqdımı, ya bivecdimi? Vəzirləri ləyaqətlidimi, nalayiq adamlardımı? Sərkərdələri təcrübəlidimi, əyanları savadlı və istedadlıdımı? Nəyə nifrət edirlər və nəyi sevirlər? Hökmdar içki içəndə şənlənib hamı ilə ünsiyyət qururmu? Ciddi, ya yüngülxasiyyətdimi? Əsgərlərinmi , yoxsa qadınlarınmı arasında olmağı xoşlayır?" Bunu Nizamülmülk XI əsrdə yazıb və elə əslində bu gün də hardansa harasa gələn səfir bu sualların cavabını bilirsə, ölkə haqqında hər şeyi bilir deməkdir. Bir də o zamanlardan bu günə qədər gələn bir təcrübə də var - hədiyyə məsələsi. Rüşvət də deyə bilərik. Kimdən kimə sualını versək, o da duruma bağlı.
   
   XV əsrdən etibarən Avropada mərkəzləşmiş dövlətlərin yaranması siyasətə "dövlət maraqları" anlayışını gətirir. Dövlət marağı isə hakim zümrənin maraqlarına tabedi. Və təbii ki, bu maraqları cəmiyyətə güc yolu ilə də yeridirlər. Bu dövrlər dinin siyasətə təsiri azalır. Və siyasət əxlaq anlayışından tamamilə aralanır. Əsas prinsip güc göstərisidi. Məhz həmin dövrdə Makiavelli "Hökmdar" əsərində yazır: "Nəzərə almaq lazımdır ki, mübarizənin iki yolu var: biri qanun, digəri güc. Birincisi insanlara, ikincisi yırtıcılara aiddi. Ancaq birinci yol yetərli olmayanda ikinci yolla getməli olursan. Buna görə də hökmdar həm insani, həm də heyvani fəndlərdən istifadə etməlidir. Əgər hökmdar heyvani fəndləri öyrənməyə məhkumdursa, onda həm aslan, həm də tülkü cildinə girməyi bacarmalıdır. Çünki aslan özünü ilandan qoruya bilməz, tülkü isə canavardan qorxur. Deməli, ilandan qaçmaq üçün tülkü, canavarı əzmək üçün isə aslan olmalısan. Hökmdarın o qədər çevik düşüncəsi olmalıdır ki, taleyin gərdişindən, zamanın hökmündən gələn cərəyanları ötüşdürə bilsin. Əgər mümkündürsə xeyir əməllərdən, düz yoldan dönməsin və lazımdısa zalımlıq da edə bilsin". Yəni anladığınız qədəri bu prinsiplər də dəyişməz qalır.
   
   Orta əsrlərdə Avropada diplomatik missiyaların seremonial qaydaları müəyyənləşir. Bu qaydaların necə icra olunması isə hər hansı bir dövlətin beynəlxalq aləmdəki xüsusi çəkisi ilə bağlı olur. Yəni dövlət nə qədər güclüdürsə, onu bir o qədər təntənə ilə qarşılayırlar. Həmin dövrdə İngiltərənin Fransada səfiri olmuş Henri Uotton elçinin funksiyasını belə açıqlayır: "Səfir öz ölkəsinin xeyrinə yalan danışmaq üçün qürbətə göndərilmiş şəxsdi". Və səfirlər öz ölkələrinin xeyrinə hər bir yola əl ata bilirlər. Hətta çalışdıqları ölkənin əyanlarını da satın ala bilirlər. Eyni zamanda səfirlərə qarşı da belə üsullardan istifadə olunur. İngiltərənin zəif olduğu dönəmlərdə kralların məvacibini fransız monarxları ödəyirmiş. Təbii ki, nəyinsə müqabilində. Belə bir məşhur hadisəni yada salaq. Bir nəfər İngiltərə kralı Yakovun yanına gəlir, ona çox mühüm bir sirr açacağını söyləyir. Və deyir ki, əyanların böyük əksəriyyəti rüşvət alıb İspaniyaya casusluq edirlər. Kral bu sözlərə gülür və deyir ki, "kaş İspaniya bütün var-yoxunu xərcləyib bizim hamımızı satın alaydı, onda bizimlə müharibə eləməyə nə gücü, nə pulu qalardı". Maraqlı məntiqdi. Görəsən, bizdə də tətbiq etmək olarmı? Diplomatların ən vacib əməllərindən biri isə öz dövlətinin maraqları naminə başqa ölkələri düşmən eləməkdi. Ruslarla türkləri müharibələrə sövq eləmək neçə yüzillərdi Avropa diplomatiyasının ən parlaq qələbəsi sayıla bilər. Yeri gəlmişkən, nə ruslar, nə də türklər diplomatik fəndləri avropalılar kimi mənimsəyə bilməyiblər və bu gün də eyni yolla gedirlər.
   
   Diplomatiya tarixində hər zaman tragikomik situasiyalar çox olub. Hətta böyük münaqişələrə də gətirib çıxarıb. Macarlar Rus çarı Aleksey Mixayloviçin hüzurunda kralın salamını çatdıranda, Aleksey Mixayloviçin papağını çıxarmamağı onları çox əsəbiləşdirib, çıxıb getməyə hazırlaşıblar. Sonra onlara başa salıblar ki, Aleksey Mixayloviçin papağı tacı əvəz edir. Çar isə tacını heç kəsin qarşısında çıxara bilməz. Rus-İran müharibələrində Qriboyedovun acı aqibətini xatırlayırsınız. Qriboyedov yekəxanalığından saraya girəndə ayaqqabısını çıxarmırmış. Oxuduqlarımdan yadımda qalan ən gülməli hadisə isə gərək ki, XVIII əsrdə Niderlandda baş verib. Rusların və ispanların nümayəndə heyəti bir körpünün üstündə qarşı-qarşıya gəliblər və hər iki ölkənin nümayəndələri ölkənin nüfuzunu qorumaq üçün bir-birinə yol verməyiblər, yəni birinci keçmək istəyiblər. Körpü dar olduğundan bir həftə körpünün üstündə qalıblar, sonra naəlac qalan niderlandlılar körpünü sökməyə məcbur olublar.
   
   XIX əsrin əvvəllərindən diplomatik cərgəyə Amerika Birləşmiş Ştatları adlanan yeni bir dövlət qoşulur. Addım-addım hər müharibədən öz xeyrinə istifadə edərək gəlib bugünkü statuslarını qazanıblar. Və indi dünyanın hər hansı bir ölkəsində Amerikanın səfarətxanası kimi ərköyün, hikkəli, dəbdəbəli ikinci bir yer varmı? Hara ayaqlarını qoyurlarsa, özlərini oranın ağası kimi aparırlar. Bax, indi bizdəki səfir öz işini başa vurub qayıdır. Mətbuatımız isə bir aydı göz yaşı tökür. Səbəbini bilmirsiniz?
   
   Məşhur bir deyim var ki, müharibələri hərbçilər başlayır, diplomatlar isə başa vururlar. Boş söhbətlərdi, müharibələri başlayanlar da diplomatlardı. Qızışdırma, qısqırtma məsələləri ilə hər zaman onlar məşğul olurlar. Baxmayaraq ki, danışdıqlarından heç nə anlamaq olmur. Deyək ki, bizim buralara gəlib-gedən diplomatların nə demək istədiyini başa düşə bilirsiniz? Məlum məsələdir ki, diplomatik dildə konkret heç nə söyləmək məqbul deyil. Nə ağa ağ, nə də qaraya qara. Neçə illər Türkiyənin müxtəlif ölkələrdə səfiri olmuş, lakin özünü zorən diplomat adlandıran Yaqub Qədri Qaraosmanoğlu diplomatlar haqqında yazır: "Onlar bu və ya digər hadisə və əhvalatla əlaqədar olaraq mütləq rəsmi izahat gözləyirlər. Halbuki məhz bu rəsmi izahatlar çox zaman həqiqəti təhrif edir və tanınmaz hala salır. Nəticədə səfir cənabları oyma naxışlı yazı masası arxasına keçib məlumat yazmağa başlayanda rəsmi izahatdan yalnız bu ifadələri yadına sala bilir: "Əgər təəssüratım məni aldatmırsa...", "Fərz etmək olar ki...", "Əgər belə demək olarsa...", "Yoxlanılmamış bəzi xəbərlərə görə..." və sairə və sairə.
   
   Bu cənabların davranışında başqa qəribəliklər də vardır. ?zlərini hədsiz dərəcədə üstün tutduqlarından bəzən səhnədə hökmdar rolu oynayan aktyorlara, həm də təcrübəsiz əyalət aktyorlarına oxşayırlar. Başlarına keçirdikləri tac dəqiqə başı yerə yuvarlanır, bellərinə taxdıqları qılınc ayaqlarına dolaşır, süni təşəxxüs ifadəsi tamaşaçılarda qəhqəhə doğurur. Hələ bunları rəsmi qəbullarda görəsən. Hər biri daş bütlərə bənzəyir, onlar nə duyur, nə də başa düşürlər. Əyinlərindəki mundir bədənlərinə biçilmiş qəlib kimidi. Bu qəlib isə qat-qat zirehə bərabərdi. Onları xarici təsirlərdən elə qoruyur ki, bədənlərinə güllə də keçirməz, yanlarında top atıla qulaqları da eşitməz. Əksər diplomatların bir çox böyük hadisələri ancaq olub-qurtarandan sonra bilmələrinin səbəblərindən biri də budur. Buna "parlaq təcrid" siyasəti deyirlər".
   
   ***
   
   Yoxlanılmamış bəzi xəbərlərə görə, oxucularım arasında diplomatlar da var. Birdən məndən inciyib-eləyərlər. Bayaqdan elədiyim söhbətin onlara heç bir aidiyyatı yoxdur. ?mumiyyətlə, dünyada baş verən heç nəyin bizə aidiyyatı yoxdur. Sağa baxırsan- düppədüz, sola baxırsan - düppəduz, bircə mən tüfeyli həyat keçirirəm, bekarçılıqdan problem axtarıram, özümdən küsürəm, depresyona düşürəm. Ondan da Rəşad Məcidin uğurlu diplomatik missiyası sayəsində qurtuluram. Ağlımla ürəyim arasında saziş bağlayıram, özüm-özümlə barışıram.
   
   ... Yazı istəyirdiniz, bu da yazı. ?zü də diplomatik.
   
   
   
   P.S. Bir anonim oxucuya diplomatik şifrə ilə: "Dante qayıtdı".

TƏQVİM / ARXİV