adalet.az header logo
  • Bakı 21°C
03 Avqust 2020 15:07
14913
GÜNDƏM
A- A+

AZİZ SANCAR: Azərbaycanın ali təhsil sistemində ümidverici prosesləri müşahidə etdim

"Hər bir müsəlman və türk aydını kimi, Aziz Sancar da İslam dünyasında, eləcə də vətəni Türkiyədə elmin nə üçün inkişaf etmiş Qərbdən bu qədər geri qaldığı üzərində düşünür və bu barədə fikirlərini dilə gətirir. Müsahibələrindən birində bu haqda deyir:Elmlə məşğul olmaq, elm mədəniyyətini inkişaf etdirmək, bir növ, ənənə olmalıdır. Bunu Türkiyədə inkişaf etdirmək lazımdır. Yəhudi qardaşlarımız dünya əhalisinin 2%-ni təşkil edir, ancaq Nobel mükafatlarının 20%-ni qazanıblar. Onlar digər insanlardan daha üstün zəkaya sahibdirlərmi? Xeyr. Onların mədəniyyətində elmə, təhsilə əhəmiyyət verilir”. Yenə də klassik sual ortaya çıxır: bəs nə etməli? Sancara görə, övladlarımıza uşaq vaxtından elm sevgisi və mədəniyyəti aşılamağa başlamaq lazımdır: "Uşaqlarımıza elmi sevdirmək lazımdır. Uşaqlarımızı fizika, kimya, biologiya və texnologiya sahələrinə təşviq etmək lazımdır. Çox gənc yaşlarında onlarda sınaq keçirmək vərdişi yaratmalıyıq. Sınaq keçirməyə vərdiş edən insan düşünəcək və bu, vərdiş halını alacaq. Bunu bir ənənə halına gətirməliyik. Hər şeyi dövlətdən gözləməməliyik. Bunun məsuliyyəti mühüm dərəcədə də valideynlərin üzərinə düşür”.

Övladlarımıza elm sevgisi və mədəniyyəti aşılayacaq olanlar bir tərəfdən valideynlərdirsə, digər tərəfdən də müəllimlərdir. Müəllimlərin cəmiyyətdəki statusu yüksəldilməli, onlara elmli və bilikli nəsil yetişdirmək üçün hər cür şərait yaradılmalıdır. Sancara görə, təəssüf ki, bu gün müəllimlərə yetərincə dəyər verilmir: "Müəllimlər dünyanın hər tərəfində az təqdir edilir. Amerikada da, Avropada da, burada da belədir. Təəssüf ki, dünyanın hər tərəfində müəllimlər təqdir edilmir. Bu bizə məxsus bir cəhət deyil. Onlar uşaqlarımızı, sabahın insanlarını yetişdirən şəxslərdir. Onlara daha çox dəyər vermək lazımdır. Dünyaya təkrar gəlsəm, müəllim olmaq istərdim. Çünki gələcəyi onlar qurur, onlar yaradır. Məncə, müəllimlərin həkimlər qədər maaş almaq haqqı var”.

İslam dünyası üçün zəruri olan digər bir sual da "hansı elmlərə daha çox üstünlük verilməlidir” sualıdır. Aziz Sancarın bu suala birmənalı olaraq cavabı belədir: fundamental elmlərə. Həqiqətən də bu gün İslam dünyasına nəzər yetirdikdə fundamental elm sahələrində daha çox geridə qaldıqları, inkişafın isə daha çox bu elmlərə bağlı olduğu qənaətinə varmaq çətin deyildir. Fikrimizcə, bu barədə Sancarın İstanbul Aydın Universiteti Elm və Texnologiya Mərkəzinin açılışında ifadə etdiyi bu fikirlərə diqqət yetirmək faydalıdır: "Hər universiteti ziyarət edərkən deyirəm: Türkiyənin inkişafı, Avropa və Amerika ilə eyni səviyyədə olması üçün fundamental elmə əhəmiyyət verməli, fundamental elmdə insan yetişdirməliyik. Texnologiya, təbii ki, çox vacibdir, texnologiyanın təməlində fundamental elm dayanır. Burada bir sıra müasir cihaz gördüm, bunların üzərində xarici ölkələrin markası var. İnşallah, bu məhsulları biz istehsal edərik. Fundamental elmdən ən son dərmanları istehsal etməyə, avtomobillər istehsal etməyə, təyyarələr yaratmağa qədər bütün mərhələdə öz məhsulumuz olar. Bunu bacardığımız vaxt özümüzü Avropa və Amerika səviyyəsində hesab edə bilərik. Yoxsa biz xaricdən material, maşın idxal edib burada Avropa və Amerika ilə yarışa bilmərik. Bunu təkrar edirəm, biz mütləq bunları istehsal etməliyik. Yoxsa xaricdən asılı vəziyyətdə qalarıq. Bu bizim sürətimizi yavaşladır. 2023 düşüncəmiz var. Respublikanın 100-cü ilində bizim Atatürkə, atalarımıza borcumuz var. Biz Avropa və Amerika səviyyəsində olmalıyıq, bu bizim namus borcumuzdur, vəfa borcumuzdur”.

Ədalət MURADOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor

Elşən BAĞIRZADƏ,
Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun müşaviri,
dosent

"Azərbaycan" qəzeti