adalet.az header logo
  • Bakı 7°C
02 Avqust 2020 11:48
83299
MƏDƏNİYYƏT
A- A+

Tamaşaçıların sevimli “Zaur”unun yubleyidir - 65 yaş!

Azərbaycanın xalq artisti Fəxrəddin Manafov "Evləri köndələn yar", "İşgüzar səfər", "Park", "Şeytan göz qabağında", "Ölsəm... bağışla", "Təhminə", "Otel otağı", "Dronqo", "Qraf Krestovski", "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Sübhün səfiri", "Mahmud və Məryəm" kimi ekran işlərilə tamaşaçıların qəlbinə yol tapmış aktyordu.

Aktyorun 65 yaşı tamam olur. O, 2 avqust 1955-ci dünyaya gəlib. Hazırda işğal altında olan Xankəndində doğulub boya-başa çatan aktyor mətbuata müsahiblərində ən böyük arzusunun Qarabağa qayıtmaq olduğunu bildirib. 65 yaşlı aktyorun bu arzusunun həyata keçməsi təkcə onun deyil, dövlətini, xalqını, millətini sevən hər bir azərbaycanlının arzusudur.

1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən F.Manafov 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1977-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilir. 1987-ci ildə Azərbaycan SSR-nin əməkdar artisti, 2000-ci ildə isə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülub. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.


Ən sevilən obrazı "Təhminə” filmindəki Zaurdur.

Qeyd edək ki, Fəxrəddin Manafov 30 ildən artıq AZTV-nin diktoru olmuş Vera (Vahidə) Manafova ilə ailəlidir. Yaxınlarda sosial şəbəkələrdə yayılan informasiya isə onların "məhəbbət hekayəsi"ni heç də Manafovun rol aldığı filmlərdən fərqləndirmir. Bəlkə də, o rollardakı personajlardan daha səmimidirlər. Məlumatlarda qeyd olunurdu ki, uzun illərdir ailəli olmasına baxmayaraq, cütlüyün övladı yoxdur. Hətta xanımı aktyora "Get evlən, övladın olsun" desə də, "Səndən olmayan övlad mənə lazım deyil" deyərək, bu müzakirələrə birdəfəlik yekun vurub.

Əntiqə Rəşid