1 Avqust - Azərbaycan Əlifbası Günüdür
Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. 1 avqust tarixinin seçilməsi də təsadüfi olmamışdır, beləki həmin gün 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılmışdır.
Bildiyimiz kimi, XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında görkəmli dilçi alimi, müasir Azərbaycan Əlifbasının müəllifi, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, akademik Afad Qurbanov latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim olmuşdur. Onun təşəbbüsü ilə 1 avqust 1990-cı ildə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq Afad Qurbanov komissiyanın sədri təyin edilmişdir.