adalet.az header logo
  • Bakı 13°C
30 Iyul 2020 17:13
10967
GÜNDƏM
A- A+

Cəlil Xəlilov: Birgə təlimlər ordumuzun NATO standartlarına tam cavab verdiyini göstərir

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri ordumuzun NATO standartlarına tam cavab verdiyini göstərir.

Adalet.az-ın məlumatına görə, bunu Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. C.Xəlilovun sözlərinə görə, NATO-nun ən güclü ordularından biri olan türk ordusu ilə brigə təlimlər Azərbaycan ordusunun həm maddi-texniki təchizat, həm də peşəkarlıq baxımından mövcud durumunu göstərir: "Bildiyiniz kimi, Türkiyə ordusu NATO-nun ən güclü ordularından biridir və adıçəkilən qurumun sülhyaratma missiyalarında fəal iştirak edir. Bu baxımdan, NATO standartları əsasında təşkil olunan türk ordusu ilə keçirilən brigə təlimlər Azərbaycan ordusunun güc və hazırlıq səviyyəsindən xəbər verir. Bu təlimlər göstərir ki, ordumuz sadəcə maddi-texniki təchizat deyil, həm də peşəkarlıq baxımınan dünya orduları sırasında ön yerlərdə qərarlaşır. Beynəlxalq reytinq mərkəzlərinin hesabatları da bu həqiqəti sübut edir. Bu baxımdan, ordumuzdakı bu inkişaf hər birimiz üçün olduqca qürurvericidir”.

C.Xəlilov birgə təlimlərin siyasi tərəfinə də diqqət çəkib: "Şübhəsiz ki, birgə hərbi təlimlər Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal altında saxlayan Ermənistan və onun havadarlarına həm də siyasi baxımdan bir mesajdır. Bu, o deməkdir ki, Türkiyə istənilən halda Azərbaycanın yanındadır və onun maraqlarını sona qədər, hətta süngü gücünə belə müdafiə edəcək.

Bu baxımdan, işğalçı Ermənistanın, habelə ona havadarlıq edən qüvvələrin baş verənlərdən nəticə çıxarmasına ehtiyac var. Bu gün Ermənistan daxilində ciddi gərginlik və ağır böhran mövcuddur. Boş büdcəyə, zəif iqtisadiyyata malik Ermənistanda ciddi ictimai-siyasi qarşıdurma hökm sürür. Lakin buna baxmayaraq, rəsmi İrəvan işğal edilmiş Azərbaycan torpaqlarını azad etmək istiqamətində heç bir addım atmır. Təbii ki, Ermənistan öz işğalçılıq siyasətindən imtina etməsə, bu, Azərbaycanı hərbi yola əl atmağa məcbur edəcək. Problem siyasi yolla öz həllini tapmasa, o zaman Azərbaycan məcburiyyət qarşısında qalıb işğal edilmiş torpaqlarda anti-terror əməliyyatları aparmalı olacaq. Bu, həm Azərbaycan konstitusiyasının, həm də beynəlxalq qanunvericiliyin bizə verdiyi hüquqdur. İstər 2016-cı ilin aprel döyüşləri, istərsə də bu ilin iyul döyüşləri göstərdi ki, Azərbaycan ordusu qısa zamanda düşmənə güclü zərbələr endirmək, onu ilk həmlədən məğlub etmək qüdrətinə malikdir. Odur ki, Ermənistan mövcud reallığı dərk etməli, öz təcavüzkar, işğalçı siyasətindən imtina etməlidir. Rəsmi İrəvan üçün bu məsələdə ikinci, alternativ yol yoxdur”.