adalet.az header logo
  • Bakı 7°C
30 Iyul 2020 14:44
84353
ƏDƏBİYYAT
A- A+

Qəşəm İsabəyli: Yarı canım

Yarı canım

Həkim deyir:
- İmmunitetin zəifdi, şair,
Belə şeyləri sevməz koronavirus!
- İmmunitet başına haranın daşını salsın,
Doktor?!
Yarı canım uşaqlarımın yanındadı!
Yarı canım nəvələrimin yanındadı!
Qohum-əqrəbamın yanındadı yarı canım!
Dost-tanışlarımın yanındadı yarı canım!
Yarı canım yanındadı xeyirin-şərin!
Yanındadı yarı canım külli-bəşərin!
İmmunitet başına haranın daşını salsın,
Doktor?!

İt oğlu paraq

İt itdi, paraq da itdi.
Hərdən çatdığın arzulara baxıb,
Hər qoltuğuna
Bir Həşimxanlı qarpızı sığmayanda,
Keçmişinə də qayıdıb bax. -
Kirayədə qaldığın dar otaq
Yadına düşürmü heç?!
Yadına düşürmü ki,
Ev pulunu verə bilməyəndə
Səhər sübhdən başılovlu çıxıb,
Bir də yarı gecə qayıtdığın?!
Bəzən də onun-bunun
Ayağı altda yatdığın.
Unutmamısan ki,
Qarnıdolusu yeyə bilmədiyini?!
Özünü tox tutub,
Dost-tanışa dərdini deyə bilmədiyini?
Ayağın sevinəndə,
Əynin-başın sevinmədiyi
Gəlirmi yadına?
Bəpbo kimi gözlərini bərəldərdin,
Bayquş kimi demək istəyirəm,
Keçib gedən qıza-qadına!
İndi arvadlı da olmusan,
Oğul-uşağın da yerli-yerində.
Əlin də çörəyə çatıb,
Bir yeyib, iki ağnayırsan.
Özünü öz yanından
Beş kişinin də biri sayırsan.
Hərdən çatdığın arzulara baxıb,
Hər qoltuğuna
Bir Həşimxanlı qarpızı sığmayanda,
Keçmişinə də qayıdıb bax. -
Bəlkə dinə-imana gəldin,
İt oğlu paraq!

Haqq yolu

Haqq yoluna qayıdır hamı, -
Əllərini qoşalayıb,
Saqqalı boyu üzünə çəkir, -
Dəstəmaz alır,
İbadət eləyir.
Gündə beş ülkət qılmağı
Adət eləyir.
Haqq yoluna qayıdır hamı, -
Cənnətə şirin,
Həyata acı baxmır.
Allaha and olsun,
Dünya malına
Bir çimdik də qıyqacı baxmır!

Sərçələr

Pəncərədən qovurdum,
Qapımın kandarını sökürdülər.
Zəhləmi tökürdülər:
- Cik... cik... cik...
Aç qapını, gəlmişik!
Dən verirdim,
Daşdan yumşaq
Əlimə keçəndən verirdim.
"Evdə qal!" çağrışından
Qəribliyə düşmüşəm, -
Novruza qalmış
Payız alması kimi bürüşmüşəm!
Gözüm - pəncərədə,
Qulağım - səsdə...
Yağlı əppək olub,
Yoxa çıxıb sərçələr də.
Daşa dönməsin bunları,
Bunların da çörəyi dizi üstəymiş!

Həpçiii...

Avropalaşmaq yenə də dərd yarıydı,
Olub-olmamağın
İsti-soyuqluğu varıydı.
Bu yandan da bəşərin başı çaşdı:
- Qloballaşmaq lazımdı! Qloballaşmaq!..
Dünya qloballaşdı.
İndi, Allahından dönüb biri,
Kürdəmirin Xəlsəsində asqıran,
Bütün dünya, mən qarışıq içi,
Sübh xoruzu kimi bir-birinə qarışır:
- Həpçiii...
Qiyamət
Gözüqıpıq günə salıb
Xeyir Şəri -
Ruhunda
Paklaşma gedir bəşərin!
Var-dövlətinə baxıb,
Şükr eləyən varlılar
Fikir eləyir indi.
Kasıblığına baxıb,
Fikir eləyən kasıblar
Şükr eləyir indi!

Hürr insan...

Korona qadağası başlayandan
Evə çəkilib insanlar.
Boşluqdan, bekarçılıqdan
Namaza qayıdan çox olacaq.
Bundan şəxsin qazancı nədir, -
Özü bilər!
İslam nə qazancaq, -
O da Allah sirridi!
Məscidlər qazanacaq amma -
Canamaz...
Təsbeh...
Möhür...
Hürr böyüyürsən, insan,
Hürr...
Şəhidlərimiz
Niyə şəhid veririk?
Qanını almırıq axı! -
Bizə silah qaldıran
Düşmənin
Canını almırıq axı!

Qorxu

Keçəlləşə-keçəlləşə gedir kişilər,
Əvvəl eyib bilirdilər özünə -
Parik-marik qoyurdular.
Utanmaqdan keçib indi -
Aya tuturlar, Günə tuturlar-
Vitamin "D"-siz yaşamaq olmur axı!
Mən isə xoşbəxt sayıram özümü, -
Yetərincədi saçım.
Amma keçəlləşmək qorxusu da
Çıxmır canımdan.
Bir daz görəndə,
İstər-istəməz əlim başıma gedir, -
Gülümsəyirəm.