adalet.az header logo
  • Bakı 19°C
30 Iyul 2020 14:22
91081
ƏDƏBİYYAT
A- A+

DİRİYKƏN ÖMRÜNÜ BİTİRƏNLƏR

Keçmə namərd körpüsündən, qoy aparsın sellər səni. Bunu ulularımız əsil insanlar üçün deyib. Doğrudan da, əsil insan nəyə qadir deyil? Dünyanı yaradır, yaşadır, gözəlləşdirir və yüz təəssüf, min təəssüf ki, elə dünyanın özünü eybəcərləşdirən də insanların özüdür.

Tovuz bölgəsində baş vermiş təxribatın qarşısını təzəcə almışdıq, haqq yolunda, vətən yolunda həlak olanların ağrısını-acısını çəkirdik. Neçə gündür ki, yenə də təlatümlü günlər yaşayırıq. Dünyanın hər yerində diqqət erməni diasporunun nümayəndələrinin soydaşlarımızın üzərinə təşkil etdiyi hücumlara yönəlib. Azğınlaşmış ermənilər, ASALA terror təşkilatının nümayəndələri vəhşicəsinə yoldan keçən azərbaycanlılarımızın üzərinə düşmüş, onları necə deyərlər, al qanlarına boyamışlar.

Ancaq qeyrətli həmyerlilərimiz çox əz sayda olmaqlarına baxmayaraq, elə anındaca onlara nifrətdən, kindən yoğrulmuş cavablar vermişlər.

Çox təəssüf ki vətəni üçün of demədən canından keçənlər, «Xoşbəxtəm ki, oğlum vətən uğrunda şəhid olub» deyənlər, heç nədən çəkinmədən düşmənin nəzarəti altında olan bölgələrə keçib, neçə-neçə ermənini qətlə yetirib sonda özünə əl qaldıranlar kimi oğullarımızla yanaşı, nankor, yediyi çörəyin qədrini bilməyən, ona edilmiş yaxşılıqları unudan sapı özümüzdən olan baltalar da mövcuddur. Görəsən onların adları gələndə belə, xalqın necə nifrətlə çalxalandığından xəbərləri varmı? Qoy bu ritorik sualıma elə özüm cavab verim. Əlbəttə var. Sadəcə onlar vətənlərini satıblar, bizləri satıblar, dövlətimizi, Prezidentimizi satıblar və qula çevriliblər. Xaricdə yaşayan mühacir Vidadi İsgəndərli açıqca bəyan edir ki, müharibə başlasa, əlində silah ermənilərə qarşı yox, bizə qarşı vuruşacaq. İlahi, «kişinin cəsarətinə» bax. Çünki bu sözləri yalnız o deyə bilər.

«Vətənpərvərlik, Azərbaycançılıq canına hopmuş», adı gələndə çoxlarının əti ürpəşən Sevinc Osmanqızı isə söyləyir: Təhlükə yoxdur. Sivil mübarizə aparılmaqdadır. Mən sizi inandırıram ki, heç erməni tərəfindən belə bir niyyət yoxdur. Bu gün bu sivill mübarizəni pozan Azərbaycan tərəfidir.

Atası ermənilər tərəfindən öldürülən bir qadın, necə daşürəkli olmalı, necə ağalarının qarşısında nökər olmalıdır ki, bu ifadələri işlətsin?!

«Ermənilərin heç bir günahı yoxdur, baş verənləri Azərbaycanın xüsusi xidmət orqanları edir», – deyir keçmiş səfir Arif Məmmədov. Mənə elə gəlir ki, Xəlil Rza Ulutürkün «Kişi bətni» şeiri sanki bu alçaqlara ithaf olunub.

İndi ən böyük mərəz-

Bu, yırtıcı zümrədir, Bu satqınlar ordusu.

Bu dar gözlər sürüsü, Şərəfisizlər sürüsü…

Bunlar bataqlıq ikən,

Özünə gülşən deyir…

Sülənir hardasa namərd, kəmfürsət,

Dardadır cəsarət, çəkilib ərşə!

Arxlar daşla dolub, kəhrizlər bomboş,

Tufeyli ortada meydan sulayır.

Qananlar qəlbinin yeyir qanını,

Qanmazın, alçağın qurdu ulayır.

Düşmən axmaq deyil, tanıyır, tapır,

Diriykən ömrünü bitirmişləri.

Xalq üçün düşməndən daha qorxulu,

Milli simasını itirmişləri.

Bax bu milli simasını itirmişlərin bir çoxu da milli şura deyilən, daha doğrusu cənab Prezidentin təbirincə desək, antimilli şurada toplaşan ünsürlərdir.

Qəribədir ki, hər şey gün kimi aydın ola-ola dünyada ikili standartlar mövcuddur və bunu hər kəs də bilir.

Uzun illər düşmən tapdağında qalan torpaqlarımızın, yurd - yuvalarından qovulmuş didərginlərimizin doğma yurdlarını yalnız yuxuda görənlərimizin vəziyyəti dünyanın «baş bilənlərinin» eyninə də deyil. Bax, ölməz şair Məmməd Araz bu yerdə deyib: «Mən belə dünyanın nəyindən küsüm?!»

Nə gözəl ki, bu ikili standartların möcudluğu dövlətimizi qorxutmur, ölkəmiz qətiyyən geri çəkilmir, tarixi həqiqətlərə, real faktlara əsaslanaraq gücümüzü, birliyimizi hər an nümayiş etdirməkdən çəkinmir.

«Tarixən Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi çox olub» söyləyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fikirlərində nə qədər haqlıdır.

Bu gün ermənilərin sözün əsl mənasında «ərköyünləşməsini» görməmək mümkün deyil.

Görmə! – Baş üstə yumaram gözlərim

Dinmə! – Mütiəm, kəsərəm sözlərim

Bir söz eşitmə! – Qulağım bağlaram

Gülmə! – Pəkey, şamu səhər ağlaram

Qanma! – Bacarmam, məni məruz tut

Böyləcə təklifi mahalı unut

Qalibi imkanmı olur qanmamaq

Məcbəri nar icrə olub yanmamaq?!

Allah sənə rəhmət eləsin Sabir dünyada yaşayanlar hər şeyi başa düşür, hər şeyi qanırlar. Sadəcə, özlərini qanmamazlığa vuranlar var. Cənab Prezidentimiz demiş:- «O ki qaldı, bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq heç nə demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm. Buna ehtiyac yoxdur. Bu, zərərli ola bilər. Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Bundan artıq hələ ki, nəsə demək düzgün olmaz».

Demokratiyanın beşiyi sayırıq Amerika Birləşmiş Ştatlarını. Bəs, dünyaya demokratiya dərsi keçən Amerika niyə susur Los-Ancelesdə, Brusseldə digər şəhərlərdə azərbaycanlılara qarşı törədilmiş zorakılığa, vandalizmə niyə göz yumur?

Bilirsiniz, cinayətkar layiq olduğu cəzanı almırsa, çox ciddi sanksiyalara məruz qalmırsa daha da azğınlaşır, havadarlarına arxalanıb özlərini mütləqi hakim hesab edirlər. Gördüyü ikiüzlü siyasət paşinyanları, onların görünən və gjörünməyən tərəfdarlarını bir az da irəliyə getməyə ruhlandırır. ATƏT-in Minsk Qrupunun həmsədirlərinin bəyanatı sanki ermənilərin hərəkətlərinə bir az da rəvac vermək üçün yazılıb.

Real vəziyyəti təhlil edəndə qanımız şübhəsiz qaralır. Amma bu da faktdır ki, heç kəs, heç nə bizi sındıra bilmir. Diplomatik cəhdlərdə, informasiya müharibəsində indiyə dək əlimizdən gələni etmişik. Elə döyüş meydanında da gücümüzü dəfələrlə göstərmişik. Bizim Ali Baş Komandan kimi məğrur, qorxmaz, situasiyalardan anındaca baş çıxaran Prezidentimiz var.

Fikir verdinizmi, bircə çağırışla orduya nə qədər insan yazıldı. Əslində vətənpərvər olmaq, vətənini sevmək hər kəsin borcudur. Bir çox hallarda səmimiyyətdən uzaq vətənpərvərlik bizə ancaq ziyan gətirə bilər. Türk şairi Orhan Vəlinin misraları yadıma düşür:

Nələr etmədik bu vətən üçün,

Kimimiz öldük,

Kimimiz nitq söylədik.

Bəli zaman bizi tələsdirir. İndi nə nitq söyləməyə, nə də ölməyə vaxtımız var. İndi ancaq irəli getməliyik. Cənab İlham Əliyev kimi intellektual səviyyəyə, yüksək idarəçilik qabiliyyətinə malik bir Prezidentin rəhbərlik etdiyi ölkənin vətəndaşlarıyıq. Sarsılmamalıyıq. Arzumuza çatmaq üçün çaba göstərənin yanında olmalıyıq. Tarixi keçmişi, tarixi missiyası və tarixi daşıyıcısı olmayan dövlət məhvə məhkumdur. Tarixin arxivlərində nə qədər yalançı ölkələr zamanın tozu altında qalmaqdadır. Biz Ermənistanın məhz o günün görəcəyik. Şərəfli keçmiş. Şərəfli missiya. Ölməz lider. İstedadlı daşıyıcı. Bu, bizik, qədim köklərə malik Azərbaycan.

Dünyada yüksək ehtirama malik olmağın çox cətin olduğunu hamımız bilirik. Onu da bilirik və görürük ki, azərbaycanın ünvanına hər cür böhdanlar yağdıran erməni diasporu və lobbi gücləri dayanmadan iş aparır, sapı özümüzdən olan baltalar da həvəslə onlara qoşulurlar. Azərbaycanlı deyib tanımaq istəmədiyimiz bu ünsürlər ətrafda baş verən həqiqətləri görməmək üçün gözlərini bərk-bərk qapayırlar. Elə qapayırlar ki, zülmətdə nə etdiklərini, nəyə görə etdiklərini, tutduqları yolun onları hara apardıqlarının fərqinə vara bilmirlər.

Ya onlar nəhayət səhf yolda olduqlarını etiraf edib bizə dönməlidirlər, ya da bizlər onların kök atdıqları yeri dibindən yox etməliyik. Bu kökü məhf etmək hər birimizin borcudur. Gəlin birlikdə olaq, gəlin sabahımıza inanaq! Yazımı Nazim Hikmətin fikirləri ilə bitirmək istəyirəm: «Ən gözəl günlər hələ yaşanmamış günlərdir».


Əminə YUSİFQIZI,

Yevlaxda çıxan «Kür» qəzetinin baş redaktoru,

Respublikanın əməkdar jurnalisti