adalet.az header logo
  • Bakı 13°C
30 Iyul 2020 12:35
11078
GÜNDƏM
A- A+

Etibar Əliyev: Bu oğulları bir daha tanıyın!

Eyni gündə anadan olmuş, Qarabağ döyüşlərində şəhid olmuş bu üç Milli Qəhrəmanımızın bioqrafiyası və qəhrəmanlığı bir mövzu kimi dərsliklərə salınmalıdır.

Azərbaycanın Milli Qəhrəmanı Aqil Məmmədovun (30 iyul 1969, 7 avqust 1993) doğum günüdür.
O, dəfələrlə cəsur kəşiyyatçı yoldaşları ilə birlikdə Ermənistanın Qafan və Gorus rayonlarına keçərək, çoxlu hərbi girovla geri qayıtmışdır. 1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyinə hücum edilməli idi. Hər şey isə kəşfiyyatçılardan asılı idi. Aqil öz dəstəsi ilə tapşırığı müvəffəqiyyətlə yerinə yetirib geri dönərkən, gözlənilmədən mühasirəyə düşür. O, öz dəstəsini bu çətin vəziyyətdən çıxarmaq üçün müxtəlif yollar düşünür. Onlar düşmənin xeyli canlı qüvvəsini məhv edərək, mühasirəni cəsarətlə yarırlar. O, döyüş dostlarına qarşı tərəfin minalandığını bildirir. Amma tale onun bəxtinə gülmür. 



Bir qədər getdikdən sonra özü minaya düşərək ağır yaralanır. Yoldaşları onu təhlükəli yerdən çıxarmağa çalışırlar. Lakin çoxlu qan itirdiyinə görə onun həyatını xilas etmək mümkün olmur.

 Allah Rəhmət eləsin.

Azərbaycanın Milli Qəhrəmanı Nadir Əliyevin ( 30 iyul 1962- 22 iyul 1993) doğum günüdür.
1991-ci ildən Mili Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək Azərbaycan DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert (Ağdərə) rayon bölməsində, 1992-ci ildən isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili işləmişdir.



Ağdərə uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün könüllü surətdə rəhbərliyə raportla müraciət etmiş, MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə rəşadət göstərmiş, Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərmiş və qəhrəmancasına həlak olmuşdur.

Allah Rəhmət eləsin.

Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Musayevin (30 iyul 1957, 11 aprel 1992) doğum günüdür.
30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində anadan olmuşdur. 1964-1974-cü illərdə burada təhsil almışdır. 1975-ci ildə hərbi xidmətə çağırılmış, Çexoslovakiyada, sonra isə Orenburq vilayətində xidmət etmişdir. 1979-cu ildə Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1982-ci il bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.



Milli Ordu yaranandan sonra o, Vətənə dönür və Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak edir. Fəxrəddin Musayev sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci ilin 11 aprelində baş leytenant Fəxrəddin Musayev Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur.

Allah Rəhmət eləsin...