ETSN: İqlim dəyişmələri fonunda su ehtiyatlarının azalması sürətlənir
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 6 ayın yekunları və qarşıda duran vəzifələrlə bağlı videokonfrans formatında geniş tərkibli kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, kollegiya iclasında Azəbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün tədbirlər planı”ndan irəli gələn öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə olunub.
İclas zamanı həmçinin çaylarda və su anbarlarında quraşdırılacaq hidroloji suölçmə məntəqələri, ölkə ərazisində hidrogeoloji planlama işlərinin davam etdirilməsi, yeraltı su hövzələrinin axtarışı, meşə ilə örtülü ərazilərin genişləndirilməsi məqsədilə ağacəkmə aksiyalarının keçirilməsi, nadir təbiət komplekslərinə beynəlxalq statusların verilməsi və xüsusi mühafizə olunan təbiət ərazilərindən səmərəli istifadə məsələləri ilə bağlı məruzələr dinlənilib.
Yekunda nazirliyin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının bu vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verilib.