adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Iyul 2020 12:43
27026
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: ÖZBAŞINALIQ...

İndi Bakı şəhərində çoxlu sayda yüksək mərtəbəli mənzillər tikilir. Bu mənzilləri inşa edən tikinti təşkilatları əksər vaxt şəhərin milli memarlıq üslubunu nəzərə alır və ümumi görünüşə xələl gətirmədən yeni binalar ucaldırlar. Təbii ki, ucaldılan bu "göydələnlər” Bakıya bir gözəllik və füsünkarlıq gətirir...

Elə Mənzil Tikinti Kooperativləri də var ki, Bakının milli memarlıq üslubuna nöqsan yaratmaqla yanaşı, şəhərdə kortəbii yüksək mərtəbəli evlər tikirlər. Və tikilən bu yüksək mərtəbəli evlər aydındır ki, bir o qədər də şəhərimizə gözəllik gətirmir. Əksinə, Bakını eybəcər bir formaya salır. Yəni şəhərimizə gələn əcnəbilər gözəllikləri görməklə yanaşı, bu eybəcərlikləri də görür və dodaq büzürlər. Buna da səbəb kim gəldi çoxmərtəbəli bina inşa etməsidir. Bayaq dedik axı, tanınmış şirkətlər və tikinti koopretivləri şəhərimizin gözəlliyinə ziyan vurmadan bu yüksək mərtəbəli binaları inşa edirlər. Və o binalardan da mənzil alan sakinlər çox razılıq eləyirlər.

Təəssüf ki, heç də Bakıda bütün binalar tikinti normativinə və mövcud qaydalara uyğun inşa edilmir. Məsələn, Yeni Günəşli yaşayış sahəsinin "V” massivində bir neçə il bundan əvvəl 15 mərtəbəli bina tikilib istifadəyə verilib və sakinlər də sevinə-sevinə o binaya köçüblər. Sakinlərin isə sevinci heç də uzun çəkməyib. Çünki Mənzil Tikinti Kooperativinin sahibi axşam yatıb yuxusunda nə görübsə, səhər başlayıb onu icra etməyə. Yəni 15-ci mərtəbədə daha iki mərtəbə ucaltmaq haqqında fikirləşib. O, hər şey fikirləşə bilər.

Aydındır ki, hər binanın özünün layihəsi olur və o layihəyə müxtəlif qurumlar razılıq verəndən sonra çoxmərtəbəli bina inşa edilir. Bu 15 mərtəbəli bina da 3 il bundan əvvəl tikilib. Layihədə və təsdiq olunan sənədlərdə 15 mərtəbə kimi göstərilib və aidiyyəti qurumlar da o binanı qəbul edərək əhalinin yaşamasına razılıq verib.

Əcəba, bəs indi necə olub ki, 3 il bundan qabaq istifadəyə verilmiş binada daha iki mərtəbə inşa edilir?! Onun 16-cı mərtəbəsi tikilib, indi də 17-ci mərtəbəsi tikilir. Dünyanın heç yerində belə özbaşınalıq ola bilməz ki, bizdə tikinti sahəsində nə desən baş verir. Kimsə həyətində bir toyuq hini tikən kimi o dəqiqə icra hakimiyyətindən, bələdiyyədən, polisdən və digər icra qurumlarından adamlar gəlib toyuq hini tikən insandan sənəd tələb edir. Ya sənədi göstərməlisən, ya da "şirinlik” verib onları kiritməlisən. Əks təqdirdə, adını sadaladığımız qurumlar sənə o toyuq hinini tikməyə imkan verməyəcəklər.

İndi həmin binanın sakinləri qanunsuz tikinti ilə bağlı müxtəlif ünvanlara müraciət ediblər. Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsində tikilən bu bina barəsində yəqin ki, əksər icra qurumlarının xəbəri var. Təbii ki, icra strukturlarının xeyir-duası olmadan heç bir Mənzil Tikinti Kooperativi ürək edib 3 il bundan əvvəl istifadəyə verilmiş 15 mərtəbəli binanın üstündə yenidən iki mərtəbəli bina tikməz. Həmişə belə olub, indi də belədir. Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti camaat səsini çıxarmayana qədər bu qanunsuz tikintilərin qarşısını almırlar. Ya da xala-xətrin qalmasın, bir-iki gün həmin tikintini gəlib adını çəkdiyimiz icra strukturları saxlayır və bir-iki gündən sonra vəziyyət sakitləşəndə yenidən öz işlərini görməyə başlayırlar.

Təbii ki, 15 mərtəbəli binaın üstündə iki mərtəbə inşa edən mənzil tikinti kooperativinin əlində elə bir hüquqi sənədi də yoxdur. Sadəcə olaraq, onların arxası güclü olduğu və Yeni Günəşli də gözdən uzaq olduğundan aidiyyəti qurumlar həmin adamın bu işinə göz yumur, səhlənkar münasibət bəsləyir, tikinti başa çatandan sonra lazımi sənədləri hazırlayırlar.

Belə də özbaşınalıq olar?! On beş mərtəbəli binada çoxlu sayda insanlar yaşayır, yuxarıda da mənzil tikilir. Ordan yerə düşən tikinti materialları istənilən adamın üzərinə düşə bilər və hər hansı adam bu hadisə zamanı ya xəsarət alar, ya da dünyasını dəyişər. Heç belə vəziyyət də mənzil tikinti kooperativini qətiyyən maraqlandırmır. Çünki tikinti zamanı onların səhlənkarlığı üzündən ya fəhlələr, ya da yoldan keçən hər hansı bir adam xəsarət alır, ölür, amma həmin işbazlar həmişə sudan quru çıxırlar.

Artıq bu qanunsuz tikililərlə bağlı müxtəlif televiziya kanallarında süjet də göstəlirib. İndi gözləyək görək Bakı Şəhər İcra Hakimiyyəti və eləcə də Suraxanı Rayon İcra Hakimiyyəti bu qanunsuz tikintini dayandıracaq və o qanunsuz tikintini sökdürəcək, ya yox?! Amma bir imkansız adam həyətində qanunsuz olaraq bir otaq tiksəydi, o dəqiqə onun tikdiyi otağı icra strukturları sökdürərdi.

Ümumiyyətlə, Yeni Günəşli gözdən uzaq, könüldən iraq olduğuna görə, burdakı tikinti kooperativləri heç vaxt əhalinin istəyi, fikirlərilə razılaşmayıblar. Onlar insanların hüquqlarını həmişə pozublar və bu gün də pozurlar. Çox uzağa getməyək, "D” massivində 13 nömrəli 9 mərtəbəli binanın qarşısında "Ana Kür” MTK-nın sədri Vahid Abdullayev iki 16 mərtəbəli bina ucaltdırır. On üç nömrəli binanın 200-ə qədər sakini müxtəlif nazirliklərdən tutmuş, digər icra orqanlarına qədər tikinti kooprativinin qanunsuzluqlarından şikayət etsə də, buna məhəl qoyulmadı və iki 16 mərtəbəli binanı tikməklə kooperativin sədri 9 mərtəbəli binanın sakinlərini gün işığına və təmiz havaya həsrət qoydu. Məlum oldu ki, kooperativin sədrinin arxasında çox güclü himayədarı var. Əgər himayədarı olmasaydı, onlar tikinti normativlərini pozub 25 metrlik məsafədə iki bina ucaltmazdı. Bu adam deyir ki, "burda mənəm, Bağdadda kor xəlifə”, istədiyimi eləyəcəm. Və istədiyini də Allahdan və qanundan qorxmadan həyata keçirdi. Bax, bu cür mənzil tikinti kooperativləri öz havadarlarına arxayın olaraq qanunsuzluqlarını davam etdirir, digər sakinlərin hüquqlarını tapdalayır, qazanc əldə etmək üçün nəyə desən gedir.

Ona görə də qanuna əməl etməyən və eləcə də hüquq qaydalarını və tikinti normalarını kobud surətdə pozan bu cür mənzil tikinti kooperativləri barədə sərt addımlar atılmalı, cinayət işi açılmalıdır. Çünki onların bu cür qanun pozuntularına yol vermələrinin qarşısı bu günə qədər də alınmayıb.

Təbii ki, qanunu və hüquq qaydalarını saya salmayan belə mənzil tikinti kooperativləri və o cümlədən "Ana Kür” tikinti kooperativi yerində oturdulmalı, qanunsuzluqlara rəvac verdiyinə görə, cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Onların özbaşınalıqlarının qarşısı alınmasa, şəhərimizin milli memarlıq üslubuna xələl gətirən belə binalar indən sonra da hələ çox inşa ediləcək.