adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ARXAMCA BİR QƏBİR BAXDI...

ƏBÜLFƏT MƏDƏTOĞLU
78611 | 2013-06-08 06:18
Bəzən doğulduğum üçün, yaşadığım üçün özümün özümdən zəhləm gedir. Az qala yerə-göyə asi düşmək istəyirəm...gaz qala hamını bezdirmək, hamını sancmaq, hamını əsəbiləşdirmək durumuna düşürəm. Lap açığı desəm, özümdən də, yaşamağımdan da bezirəm, yoruluram... Bunları pafoslu sözlər hesab etməyin. Düşünməyin ki, yəqin yenə hansısa damarım tapdanıb, kimsə mənə qarşı ögeylik numayiş etdirib, haqqımı tapdayıb... Xeyr, mən onsuz da belə məqamlara alışmışam, adətkarda olmuşam. Ətrafımdan, cəmiyyətdən, doğmalardan, dostlardan, qohum-qonşudan o qədər soyuq baxışlar, laqeyd münasibətlər, haqsızlıqlar görmüşəm ki, bir növ bunu həyatımın norması hesab etmişəm. Anlamışam ki, hamı hər kəs üçün eyni ölçüdə, eyni düşüncədə, eyni yanaşmada ola bilməz. Əgər olsa, onda dünyanın dadı-duzu tamam qaçar... Eyni boz rəng gözləri yorar, ümidsizlik yaradar və insanlar da daha çox tərikdünyalığa könül verərlər...
Bəli, bütün bu dediklərim, bu yazdıqlarım əslində dünyanın özünə və yaxud da taleyimə, bəxtimə olan küfr deyil. Sadəcə və sadəcə gerçəkliyə, yaşama qarşı bir dözümsüzlükdü, bir üsyandı. Axı bütün yolların sonu olduğu kimi, bütün işlərin yekunu göründüyü kimi, bütün düşüncələrin sonu bəlli olduğu kimi, mənim də bu dünyada, bu həyatda taleylə, bəxtlə yol-yoldaşlığımın bir sonluğu olmalıdır. Və mən baxıb, görüb bilməliyəm ki, bu tale, qismət məni haraya, və niyə çəkib aparır və ümumiyyətlə nəyin sorağındayam, mən nə istəyirəm, nə arzulayıram, nə axtarıram, məni nə gözləyir? Bu ardıcıl sözlər özü-özlüyündə bir sualdır və özü-özlüyündə də mükəmməl və konkret bir cavab gözləyir. Təəssüf ki, 55 yaşımın bir göz qırpımında dayandığım məqamda da mən o cavabları tapa bilmirəm.
Elə bilməyin ki, düşücəm, dünyagörüşüm kasaddı, anlayışlı deyiləm, yozum edə bilmirəm, çözüm tapmıram. Yox, belə deyil. Əslində bəlkə də mən dünyanı daha çox anlayıram, taleylə, qismətlə daha çox barışıram. Buna görə də dünya da, tale də, qismət də məni üzüyola, sözəbaxan uşaq kimi qəbul edib. Necə deyərlər, yola verir. Yol demişkən...
Hə, ömür əslində bir yoldur. Ancaq həmin ömür yolu hər kəs üçün fərqli-fərqlidir. Kimi göy çəmənlikdən keçir, kimi səhradan, kimi tozlu-torpaqlı yoldan, kimi kol-kos içindən, kimi də daşlı, qayalı, çınqıllı ərazilərdən... Amma ən qəribəsi odur ki, bu yolların hamısında ləpir izi qalmır. Çünki o yol sahibi öz məqsədinə, öz amalına doğru hərəkət edəndə Allahın sevdiyi və Allahını görüb yola çıxdığını ifadə edən kəsləri ləpir sahibi kimi, iz sahibi kimi naxışlayır yollara. Yəni mənim üçün birmənalı qəbul olunan həqiqət budur ki, içində Allah sevgisi, başının üzərində Allah olan, əqidəsi saf, düşüncəsi və ürəyi eyni kök üzərində köklənmiş insanların izi qalır dünyada, onların yolları xatırlanır, onların yolları işarələnir tarixin yaddaşına. Qalanlara isə...
Məncə nə isə deməyə ehtiyac yoxdur. Sadəcə, anlamaq lazımdır ki, yolçu da hər adam olmur. Sözün böyük mənasında yolçu ümidə, işığa doğru gedəndi. Amma yolçuluq edənlər isə dilənənlər, əl açanlardı. Ən qorxulusu da, elə əl açanlardı. Allaha yox ha, insana, bəndəyə - özü də fərq qoymadan, ağına-bozuna baxmadan, əqidəsini bilmədən. məsləkindən xəbərdar olmadan... Bax, rəhmətlik Qabil demiş, onda müsibət oluruq biz!
İndi ətrafımda baş verənləri, gördüklərimi, eşitdiklərimi elə bil kino lenti kimi gözümün önündən keçirirəm. İstəyirəm ki, öz yolumu, öz izimi, öz ləpirimi həmin o olanların içərisində axtarıb tapım. Ancaq mümkün olmur, ona görə ki, həmin olanlar, həmin o çevrəmdə müxtəlif baxışlarla, müxtəlif düşüncələrlə, müxtəlif əqidələrlə, müxtəlif mövqelərlə bir camiyə təşkil edənlər əslində kütlə imiş. Kütlə isə özü-özlüyündə, ən yaxşı halda "uraa!" qışqıra bilirəm. Amma mənim o yaşım keçib. Mən qışqırmaq fikrində deyiləm və heç olmamışam da. Özüm bildiyim, özüm dərk etdiyim çətinliyinə, əziyyətinə, hətta uğursuzluğa apardığını bildiyim yolla getmişəm, gedirəm və ömür vəfa etsə, gedəcəm də. Ömür demişkən...

Mənim ola bilmədin
Bəlkə də istəmədin
Bəlkə də... yox!
Sənin ola bilmədim
Bəlkə də çox istədim
Bəlkədən çox!..

Mənim ola bilməyən
Sənin ola bilənin
Bəlkədən asılı qalıb!..

Bəlkə də...
Bəlkə də bu səbəbdən
Tərəddüdlər edirsən
Ölüm səndən aldığın
Ziyarətə gedirsən?! -
Bəlkə də yox...

***

Dayandığım yer Qarabağın aran hissəsidi. Bu nöqtədən mənim kəndimə uzağı 50-55 km bir məsafə var. Dan yerinin sökülən vaxtı idi. Günəşin ilıq nəfəsi dağların arxasından boylanmağa başladığı bir vaxtda mən də gözümü zilləmişəm kəndim olan istiqamətə. Dağın döşündəki evlər qara nöqtələr kimi görünür. Necə maraqla baxdığımı hiss edən zabit dostum sürücüsünə göstəriş verir, maşından binokl gətirirlər... Və onu gözlərimə yaxınlaşdırıram. İndi kəndimlə mənim aramdakı məsafə hardasa 5-3 dəqiqəlik qaçış uzunluğundadı. İlahi, insan niyə bu qədər zalımdı, zülkardı, dağıdıcıdı. Axı evi də, abidəni də, yurd-yuvanı da, bir sözlə, gözümüz görən nə varsa, onun yüzdə doxsan doqquzunu insan yaradır, insan tikib qurur. Bəs onda öz tikdiyini, öz ucaltdığını niyə belə amansızcasına yandırıb, dağıdıb kül edir? Anlaya bilmirəm. Başa düşə bilmirəm ki, daşın, divarın, ağacın, otun, quşun nə günahı var? Niyə biz mütləq dağıtmalıyıq, kəsib doğramalıyıq, öldürməliyik, yandırmalıyıq? Məgər bunsuz mümkün deyil? Məgər işğal olunmuş kəndin evləri tikildiyi kimi, ucaldığı kimi qalsa dünyaya, insanlığa qüsur gətirər? Bəlkə dağıtmaq nəyisə dəyişir, nəyisə yaxşıya doğru aparır. Yenə baş aça bilmirəm. Elə baş aça bilmədiyim bir halda da həmin o boyüdücü binokulla kəndimi öz təxminimlə ev-ev gəzirəm. Birdən gözüm kəndin ən uca yerindəki qəbiristanlığa sataşır. Orda babalarım yatır, nənələrim yatır... Orda Azərbaycan tarixində unudulmaz imzası olan "Qarabağnamə" müəlliflərindən biri kimi tanınan alim, yazar, müəllim Mirmehdi Xəzani yatır... Orda şəhid doğmalarım uyuyur. Və mən o məzarları səngərin bu biri üzündən gözdən keçirirəm. Məzarları görmək mümkün deyil. Kol-kos, vəhşiləşmiş təbiət elə bürüyüb ki, məzarları, sanki onları qorumağa, hifz etməyə çalışır. Və mən bu kol-kosun qəbirlərə olan ehtiramı qarşısında susuram. Axı onlar indi məndən daha güclü, daha qətiyyətli görünürlər... indi onlar həmin məzarları qoruyurlar, ziyarət edirlər, axşam səhərini birlikdə açırlar. Mən isə...
Əslində mən isə öz xəyallarımla, xatirələrimlə və hərdən də yuxularımın qonağı olan müxtəlif məqamlarla baş-başa qalmışam. İnsan nə qədər xəyalla, xatirəylə təsəlli tapar, anlaya bilmirəm. Sadəcə, həmin məqamda anladığım bircə odur ki, sən demə insan dağdan da, daşdan da, dəmirdən də, bir sözlə sərt nə varsa hamısından güclüdür, dözümlüdür. Ona görə də dözür və dözdüyü qədər də içində əriyir, içində şam kimi sozalır. Onu kənardan görmək mümkün olmur və yaxud da görmək istəyənlər tapılmır. Bax, belə bir anda da bayaqdan diqqətimin ilişib qaldığı Mirmehdi Xəzaninin qəbirüstü günbəzinin lap dibində bitmiş xan çinarın necə böyüdüyünü seyr edirəm. O çinarı sonuncu dəfə 1991-ci ilin oktyabr ayının sonunda görmüşdüm. Onda çinar təzəcə günbəzə boy verirdi, təzə-təzə onun budaqları günbəzin üzərinə kölgə salırdı. Amma indi üstündən 22 il keçəndən sonra o çinarın necə əzəmətli olduğunu görüb və ona o qədər uzaqdan və bu qədər daxili bir sarsıntı ilə baxmağın nə demək olduğunu mən ifadə edə bilmirəm. Məhz ona görə də deyirəm ki, insan dağdan-daşdan dözümlüdü. Təəssüf ki, biz dözümə yaman öyrəşirik, yaman vərdiş edirik. Vərdiş də ki, insanı heç də həmişə uğura, yaxşılığa aparıb çıxarmır...

Dolaşıq düşən günlərin
Kələfin çözmək çətindi...
Dərdin yumruqları altda-
Dayanıb dözmək çətindi!

Kimdi sinəsinə döyən?
Uşaq kimi özün öyən...
Kimə dəysə mənə dəyən -
Bilər ki, dözmək çətindi!..

Nağıl danışmaq asandı
Demə, ağıllı susandı...
Kimlər yalandan usandı -
Bilər ki, dözmək çətindi...

***

Hə, yazımın əvvəlində bir qəribə söz oyunu oynatmaq istədim, daha doğrusu, özünü kökləmək istəyən aşıq kimi var-gəl etdim. İstədim ki, dünyanı da, yolları da, insanları da, çevrəmi də, öz iç dünyamı da, haqlı-haqsız olduğumu da, bir sözlə, görünən, duyulan nə varsa hamısını bir yazıda, bir sim üstdə pıçıldayım. Bilmirəm alındı, yoxsa yox, amma...
Dağlıq Qarabağın dövlət fond torpağı olan və bu gün Xocavənd rayonunun bir neçə qəsəbəsinin, icra strukturlarının yerləşdiyi Haramı düzündə özümlə üz-üzə qalanda əvvəldə yazdıqlarımın hamısını ürəyimdən, ağlımdan keçirdim. Bu da səbəbsiz deyildi. Çünki köhnə qəbiristanlığını kol-kos basmış qədim Tuğ kəndinin Haramı düzündə təzə bir "nusxəsi" də dünyaya gəlib. Bunu da insanlar yaradıb. Evlər tikib, ağaclar əkib - adını da Yeni Tuğ qoyublar...
Bu Yeni Tuğun yeni bir qəbiristanlığı da var. O da Haramı düzündədi. Burda da mənə doğma insanlar uyuyur. Həmin insanların başdaşlarını gözdən keçirirəm, doğum, ölüm tarixlərinə baxıram və fikirləşirəm:
- İlahi, insanlar nə yaman az yaşayırlarmış?!
Burdakı qəbirlərin üzərində göstərilən tarixlərə baxıb hesablama aparanda 15-16 yaşından üzü yuxarı bu dünyada 25 il, 30 il, 40 il yaşayan həmkəndlilərim köç ediblər. Amma Qarabağ savaşından öncə kəndimizdə dünyasını dəyişən insanların orta yaşı 60-65 olurdu. Biz 60-65 yaşında dünyasını dəyişənlər üçün dəhşətli dərəcədə üzülürdük. Az qala bütün kənd həmin mərhumu böyük sıxıntılarla, böyük sarsıntılarla son mənzilə yola salırdı, hamı ağlayırdı. İndi isə Yeni Tuğda dünyasını 30-35 yaşında dəyişənlər üçün az qala doğmalardan başqa kimsə göz yaşı tökmür. Sanki insanlar çevrələrindəkinin bu yaşda ölümünə də adət ediblər. Bunu da təbii qəbul edirlər. Bax elə buna görə mən vərdişin necə pis bir iş olduğunu təkrar-təkrar yazıram.
Biz ölümə də vərdiş edirik... biz ölən üçün də ağlamağı yavaş-yavaş unuduruq. Amma unutmadığımız, lap dəqiq desəm, Tuğ kəndində etmədiyimiz nələr varsa, onları rahatlıqla həyata keçiririk. Yaslarımızda süfrə bəzəyirik, çeşid-çeşid şiniyyatdan meyvələrə qədər. Yas süfrəsi az qala toy süfrəsi kimi təmtəraqlı olur. Bu Yeni Tuğun qaydasıdı, ona hamı canıyla, başıyla əməl edir. Köhnə Tuğda isə bu qaydalar heç kimin yadına da düşmürdü, ağlına da gəlmirdi və heç kim də yas məclisini toy məclisinə bərabər tutmağı vərdişə çevirmirdi. Bu gün isə...
Yeni Tuğun yeni qəbiristanlığı. Qəbirlər nizamlı, səliqəli, ətraflarının ot-ələfi təmizlənib... Bir qəbir də qazılır. Bu ünvanın bir sakini də artır. Əslində son bir ayda bu kənd artıq beşinci sakinini itirir, özü də müxtəlif yaşlarda. Neyləmək olar, bu da belə bir yazıdı, bu da belə bir taledi, biz də onu yaşamağa məhkumuq. Ona görə də məhkumluğumuzu da yavaş-yavaş vərdişə çeviririk.

Yenə ağrılı bir gün
Yenə qəmə əsirəm
Mən öz inadlarımla -
Kəndirimi kəsirəm!

Əlim, qolum boşalır
Yolum, izim silinir
Saçını sər üzümə
Yoxsa dərdim bilinir!

Bəbəklərim lillənir
Gözlərimin suyundan
İynə ucu işıq ver -
Tutub çıxım quyudan!

... Hə, son günlərimin çox qəribə məqamları oldu. Təzə-təzə çalarlar da, təzə-təzə münasibətlər də, təzə-təzə keyfiyyətlər də, təzə-təzə sifətlər də üzə çıxdı. Və anladım ki, mənim köhnə, qədim bildiyim dünya əslində sən demə, hər məqam üçün, hər sifət üçün yeni imiş, təzə imiş. Ona görə də arxamca baxan o qəbrə təzə dünyada "xoş gördük və əlvida!" deməkdən başqa ağlıma heç nə gəlmədi. Onsuz da bu dünya məndə ağıl qoymayıb ki...
Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV