adalet.az header logo
  • Bakı 11°C

Əcaib fiqurlar düzəltmək

SAMİRƏ ƏŞRƏF
63679 | 2013-06-08 06:18
Sinoptiklər xəbər verirlər ki, bu yay son əlli ildə görülməmiş istilər baş verəcək. On ildən çoxdu ki, biz hər il bu sözləri eşidirik. Amma həmin ən dəhşətli isti günlərdə belə hava haqqında məlumatlarda qırxdan yuxarı dərəcə qeyd olunmur.
Belə bir məsələ var "istidən hələ heç kim ölməyib". Amma yalan söhbətdi. Mənə belə gəlir ki, ən şiddətli xəstəliklər məhz isti havalarda təzahür edir.
Mənim üçün havaların isti keçməsinin ən çətin məqamlarından biri də odur ki, yazı yazmaq işim çətinləşir. Evi süni şəkildə nə qədər sərinlədirsən sərinlət, dəxli yoxdur, bilgisayarın istisi adamın əhədini kəsir. Odur ki, nə qədər ki, qara ayaq istilər bizi əldən salmayıb sizə bəzi yaxşı və pis vaqeələrdən yazmaq istəyirəm.
Müsəlman elinin adəti ilə birinci yaxşıdan başlayaq... Uşaq vaxtı yadıma gəlir ki, yay tətilində ən çox getdiyim iki ev vardı. Biri kənddə yaşayan nənəmgil, o biri də onunla qonşu olan xalamgilin evi. Nənəmgildə çox qaldığımdan onunla bağlı xatirələrim lap çoxdu. Nənəm hündürboylu, ağsifət, qaragözlü qadın idi. Onları nəsillikcə xarakterizə edən özəllikləri vardı. Bir boylarının ucalığı, iki isə əllərinin uzunluqları idi. Çox maraqlıdı. Birdə nənəmin çox gözəl qara badamı gözləri vardı... Nəysə, on üç əvvəl rəhmətə gedən nənəmi tərif elədiyim bəsdir, keçək mətləbə...
Ən çox yadımda qalan günlərdən biri də nənəmin yuxa bişirdi kimi ad qoyduğu günlər idi. Həmin gün nənəm səhər sərinində yuxudan qalxıb inəyini sağar, tut ağacından kəndirlə asılan taxta nehrəsində ayranını çalar, daha sonra isə cehizlik teştində yuxa üçün xəmirini qatardı. Uzağı on beş dəqiqəyə həmin xəmiri hazır edib kündələrə ayırardı. Sonra çovustan dediyi çəpərləmədə ocağını qalayıb, sacını qurardı. Dördayağı qarşısına qoyub kündələrdən iri yuxalar açıb, isti sacın üstündə bişirərdi. Bir saata, bir saat yarıma əlli, altmış yuxanı bişirib ayağa qalxardı. Yuxa bişirmənin ən xoşuma gələn hissəsi yaş xəmirin isti sac üzərində bişib ordan-burdan şişməsi olardı.
Nənəmin yuxa bişirmə ilə bağlı missiyası başa çatdıqdan sonra, quru xəmirləri evdə subay olan xalam gəlib evə aparardı. Sonra da hər dəfə süfrəyə gətirməzdən yarım saat əvvəl yuxalardan dörd, beşini sulayıb dəsmala bükərdi ki, yumşalsın.
Xeyr-şər məclislərində də ağbirçək qadınların yuxa sulamaqlarını görməzdim. Bu cür nərmə-nazik işləri cavan adamlara tapşırardılar. Tez-tez də deyərdilər ki, ay gəlin yuxanın qulağını (kənarı) yaxşı sula. Çünki, yuxanın kənarları qalın və çox quru olurdu. Bəlkə də "yuxa qulağı sulayan" zərb məsəli də də elə burdan yaranmışdı...
Yuxa bişirdikdən sonra nənəm cehizlik teştini heç vaxt yumazdı. Deyirdi sınamışam, bərəkət qaçır. Amma nə fənd edirdisə, teşt par-parıldayıb yerinə qoyulardı.
Yeddi illik orta məktəb təhsili olan rəhmətlik nənəm həmin cehizlik teşti ilə səkkiz uşaq böyütmüş, onlardan akademik, həkim, müəllim, bank işçisi yetişdirib cəmiyyətə təhvil vermişdi.
Anam deyir, biz kənd uşaqları ev üzü görməzdik. Bütün günü dağda, bağda ağacların ətrafında, bulaqların başında olardıq. Evə ancaq acanda gəlib bir tikə yavanlıq edib yenidən çölə bayıra axışardıq. Lakin bununla yanaşı məktəb vaxtı dörd, beş uşaq bir şamın ətrafına yığışıb dərslərimizi də oxuyardıq.
Bu baxımdan o analarla bu günün analarını müqayisə edəndə ortalığa çox dəhşətli mənzərələr çıxır.
Müsəlmanının o günü olmasın, o günləri avtobusla evə gələndə qarşımda iki qadın, mənim yanımda isə o qadınlardan birinin az yaşlı uşağı əyləşmişdi. Qadın əlində tutduğu qoğalı gəvələyirdi. Uşaq isə jelibom deyilən şirniyyatla məşğul idi. Uşaq şirniyyatı bitirib anasına üz tutdu: "Ana, salfetka istəyirəm". Yeməyə və yanındakı qadınla söhbətə bənd olmuş ananın cavabı isə çox qısa oldu: "Nağayrım, sən onu yeyəndə bilmirdin ki, əlin bulaşacaq?" Uşaq daha heç nə demədi. Görünür anasının bu cür sözlərinə və münasibətinə öyrəncəli idi. Başını avtobusun şüşəsinə dayayıb, əlinin şirəsini ora-bura yaxmağa başladı.
Mən cavan valideynlərin övladlarına qarşı belə münasibətlərinin çox şahidi olmuşam. Küçənin ortasında onları heyvan kimi çırpıb, gözünün yaşını burnunun suyuna qatan qadınlarla çox rastlaşmışam. Amma gəl gör ki, məktəbdə müəllim onların uşaqlarına bircə çırtma vursun, həmin anaların yoxa çıxmış analıq sevgiləri o dəqiqə pərvəriş edir... Binəva müəllimə demədikləri qalmır.
Bu yaxınlarda isə çox dəhşətli bir söhbətin şahidi oldum ki, həmin söhbətin təsirindən hələ çıxa bilmirəm. Və bugünkü valideynlərin əqli durumları məni həqiqətən də düşünməyə məcbur edir.
Tez-tez getdiyim bir qurumda tanış xanım var. İki övladı var. Biri orta məktəbdə oxuyan az yaşlı oğlan, o biri isə bağçaya gedən qız uşağıdı. Qadın səhər doqquzdan axşam saat altıya kimi işləyir. Məktəb yaşlı oğlu dərsə özü gedib gəlir, hətta bacısını da bağçadan gedib özü evə gətirir. Bir sözlə nümunəvi ev uşağıdı. Amma bir məsələ var ki, bu uşaq dərslərini yaxşı oxumur. Qiymətləri çox vaxt zəif olur.
Bir günləri də uşaq dərsdən iki alıb evə gələndə həmin qadın möhkəm əsəbiləşib gündəliyin iki yazılan vərəqini çırıb, uşağı həmin vərəqi yeməyə məcbur edir. Və buna müvəffəq olur.
Bu hərəkətini qadın, onunla bir otaqda əyləşən otaq yoldaşına danışanda mən dəhşətdən deməyə söz tapa bilmirdim. O biri qadın isə istehza ilə qadına təxminən belə bir söz dedi: "Barı kağızı isladıb yedirdəydin, boğazında qalmasın".
Bəli, bu bizim cəmiyyətimizdə stol arxasında əyləşən, dövlətin ona etibar etdiyi hansısa səlahiyyəti icra edən, dörd illik universitet təhsili olan bir qadının, nəhayətində isə ananın hərəkətləridi. Ev qadınlarının uşaqları ilə münasibətləri də təxminə elə bu cür formadadı. Ərinə, qayınanasına, baldızına hiddətlənib acığını uşağından çıxan, döyə-döyə öz uşaqlarını kor, kar, əsəb xəstəsi edən analar da tanıyıram. Lakin uşağına kağız yedirdən ana ilə ilk dəfə idi ki, rastlaşıram.
Nədən, hardan yaranır, öz qanından, canından olan birinə qarşı bu cür dəhşətli münasibət?!! Bunudamı ataq Rəqsanənin səsinin, Telli Borçalının sazının üstünə...
Axı sabah həmin uşağın böyüyüb öz anasını baltalamayacağını kim əminliklə deyə bilər. Kim deyə bilər ki, sabah həmin uşaq oğru, quldur, yolkəsən olmayacaq. Bu gün o uşaq öz anası tərəfindən kağız yeməyə məcbur edilirsə, sabah cəmiyyət onu hansı pis işlərə məcbur edəcək heç düşünürsünüzmü???
Yaxşı olmazmı ki, uşağınızı döyməyə, acılamağa sərf etdiyiniz vaxtları, onları sevməyə, onlarla müntəzəm vaxt keçirməyə ayırasınız. Axı nə qədər şablon səslənsə də, onlar bizim gələcəyimizdilər. Həmin gələcəyi məhv etməyə, onlardan plastilin kimi əcaib fiqurlar düzəltmək haqqını sizə kim verib? Analıq hüquqlarınızmı? Unutmayın ki, ana olmaq, hələ həmin hüquqlara çatmaq və həmin hüquqları ayaqlar altına atmaq anlamına gəlmir. Bu gün övladına kağız yedirdən ana, sabah həyatın ən ağır zərbələrinin dadar. Bundan heç kimin şübhəsi olmasın!
Samirə Əşrəf

TƏQVİM / ARXİV