adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Yaxşı adam olmaq...

XURAMAN HÜSEYNZADƏ
50813 | 2013-06-08 06:17
Şərt o deyil ki, kiminsə qəlbini bir hədiyyə, yaxud pulla və s. fəth edəsən. Adam var ki, geniş cibi olmasa da, geniş ürəyi var. Şair Rövşən demiş, "sərin ürəyinizi ayaqlar altına, qanacağı çatan ayaqqabısını soyunub keçəcək".
Adam var, o qədər faydasızdır ki, bu yekəlikdə dünyada ayaq üstə qalar-dünyadakı yeri görünməz yəni.
Öləndən sonra da insan gərəkli olur-əməlləri ilə anılır, yaxşı sözləri, bu dünyada qoyub getdikləri ilə xatırlanır.
Bir mərdimazar qadın vardı. İşi-peşəsi mərdimazarlıq etmək, ev yıxmaq idi. Bu yaxınlarda pis əməllərini də qoltuğuna vurub bu dünyadan köçdü. Ölüm xəbərini sevinclə qarşıladılar, əhd edənlər ehsanından doyunca yedi, inanmayanlar gedib məzarını öz gözləri ilə gördü. Dünyadan ikiəlli yapışan həmən qadın etdiyi bunca yamanlığın müqabilində necə deyərlər, bu dünyadan beş metr ağ kəfəndən başqa heç nə aparmadı. Ona edilən lənətləri eşitməyə ürək lazımdı ki, tab gətirsin...
Bir rəfiqəm xəstəxanaların birində reanimasiya şöbəsində həkimdi. Tez-tez meyit görür. Deyir, gözümün qarşısındaca insanlar ölür. Bu yaxınlarda nə qədər səy göstəriblərsə, gənc və yaraşıqlı bir oğlanın həyatını xilas edə bilməyiblər. Danışanda gözləri dolur. Yaxınları, doğmaları bu nəcib, xeyirxah oğlanın ölümü ilə heç cür barışa bilmirmişlər. Yaxşı adamların ölümünə şahidlik etməsini özünün talesizliyi ilə bağlayır rəfiqəm. Bu neçə ildə meyitdən qorxmadığı halda yaxşı adamları həyata qaytara bilməməsindən qorxur, onların itkisinin ağrısını bir ayrı cür yaşayır. "Hər ölünü hər diriyə bənzətmək düz deyil. Bəzən dirilməsini arzuladığın ölü, ölməyini arzuladığın diridən çox ağrıdır adamı. Yaxşı adamların yeri çəkilmiş diş yeri kimi boş qalır dünyada", - deyir rəfiqəm...

***
İki misal çəkdim. Yəqin ki, sizlər də bu cür insanlarla çox qarşılaşmısınız. İnsan öləndən sonra da yaşayır. "Gorbagor" sözünü yaradan insanlardır. Bu sözü bir-birlərinə ünvanlayırlar. "Rəhmət" ünvanladığımız ölülər "gorbagor"a layiq olmur. Və ya əksinə...
Sağlığımızda yox, öləndən sonra göynədək ürəkləri. Həyatdakı yerimizi boş qoymaqla, yoxluğumuzu hiss etdirməklə... Yaxşı adam olaq yəni.
Ateistin də, möminin də öləndən sonra əməlləri qalır...
Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV