adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Gecə ulduzlarla söhbət edirəm,

ZƏLİMXAN ŞAİRİ
305809 | 2013-06-08 06:14


















SAÇLAR


Qapqara saçların qara dönübdü,
Rəngi qar kimidi, üşüdür məni.
Nəfəsim gödəlir, ömrüm qısalır,
Enişlər-yoxuşlar tövşüdür məni.

Onun da yolu var, yolağası var,
Yol gedir həmişə qaradan ağa.
Qara tellərini qoruya bilsən,
Nə var yük daşıyıb, daş qaldırmağa.

Ağ saç üz ağlığı, baş ucalığı,
Vaxtında oyanıb, vaxtında gəlsə.
Ağ saç üz qarası, könül yanğısı,
Ağır xəstəliyin taxtında gəlsə.


HEYF

Heyif bu torpağa, heyif bu daşa,
Heyif bu ağaca, heyif bu ota.
Heyif göz oxşayan bu gözəlliyə,
Heyif bu ocağa, heyif bu oda.

Heyif bu torpağın yaşıllığına,
Heyif bu daşların min-bir rənginə.
Heyif ağacların verdiyi bara,
Heyif ocaqların od çələnginə.

Heyif yamacların çiçəklərinə,
Heyif dağ çayının şırıltısına.
Heyif xəzəllərin söz-söhbətinə,
Heyif yarpaqların pıçıltısına.

Heyif təbiətdən aralı düşdüm,
Qırıldı yenə də içimdə bir sim.
İnsan olmayanda yan-yörəsində,
Gözəllik yetimdi, təbiət yetim.


GƏLİR

Bu qoca dünyaya hər doğulanla,
Nəfslər, iştahlar, tamahlar gəlir.
Cənnətdə buğdaya gözümüz düşür,
Günahlar dalınca günahlar gəlir.
Hər günah özüylə ağrı gətirir,
Cana min ağrılar, min ahlar gəlir.
Yerdə də, göydə də Allahı danan,
Böyüklü, böyüksüz "Allahlar" gəlir.
Sağlamlıq yerinə, sağlıq yerinə,
İnsanı öldürən silahlar gəlir.
Bütün ağrıların əlacı kimi,
Nə yaxşı gələcək açır qoynunu,
Nə yaxşı dünyaya sabahlar gəlir.


SÖZ

Gecə ulduzlarla söhbət edirəm,
Gündüz həmsöhbətim Günəşdir mənim.
Yıxılan da mənəm, yıxan da mənəm,
İş-gücüm söz ilə güləşdir mənim.

Gah mən güc gəlirəm, gah o güc gəlir,
Görüş meydanında davamız olur.
Onu da, məni də havalandıran,
Sözün içindəki havamız olur.

Gözdü yerimizdən tərpədən bizi,
Bizim ruhumuzu oynadandı söz.
Ocaq da ondadı, buz da ondadı,
Bizim içimizi qaynadandı söz.

Silahım, səngərim, ordum, qoşunum,
Dəyər söz üstündə döyüşmək üçün.
Duydu yaxşıları, yaxşılıqları,
Sözə minnətdaram bu ürək üçün.


GÖZƏLDİ

Yağışın səsidir, qarın səsidir,
Sellərin nəğməsi gözəldi, qardaş.
Zirvələr həmişə zildən oxyur,
Yellərin nəğməsi gözəldi, qardaş.

Daşlar da dil açıb gəlir həvəsə,
Can cana toxunur, nəfəs-nəfəsə.
Yaşılbaş sonalar verir səs-səsə,
Göllərin nəğməsi gözəldi, qardaş.

Alışıb sönəni yadına salır,
Yaddaşa dönəni yadına salır.
Keçmişi, dünəni yadına salır,
Çöllərin nəğməsi gözəldi, qardaş.

Yorulmaz ötməkdən nə dodaq, nə dil,
Əyil bu qüdrətin önündə, əyil!
Min il oxusan da tükənən deyil,
Ellərin havası gözəldi, qardaş.


DÜNYADAN KÖÇƏN MƏNƏM


Beşikdən qəbrə qədər
ağlayıram, gülürəm,
Ömrümü ömürlərə
paylayıram, bölürəm.
Min illərdi doğulur,
min illərdi ölürəm,
Dünyaya qonan məndim,
dünyadan köçən mənəm.

Dünya nədir, həyat nə,
ötüb keçən an nədi,
Axşam nədi, sabah nə,
cahan nədi, can nədi.
Damarı qarışdıran
ağ qan, qara qan nədi,
Loğman kimi öyrənib,
təbib tək seçən mənəm.

Qarışır torpaqlara
ahı, tüstüsü, külü,
Puç olan arzuların
bir də açılmaz gülü.
Bir bədəndi, bir kəfən
torpaqda yatan ölü,
Dünyaya qonan məndim,
dünyadan köçən mənəm.

Gəlir qəbir qazanlar,
qəbir yeri qazılır,
Kim olmuşam dünyada
baş daşına yazılır.
Yağış döyür, qar vurur,
yazılanlar pozulur,
Dünyaya qonan məndim,
dünyadan köçən mənəm.

Gah toyda, gah yasdadı,
qəmli keçir, şən keçir,
Ayaz, şaxta, boz bulud
keçir, ömürdən keçir.
Ömür yanır, qurtarır,
közdən, kömürdən keçir,


Dünyaya qonan məndim,
dünyadan köçən mənəm.

Zəhəri şərbət kimi
qaldırıb içən mənəm,
Əkən, səpən, göyərdən,
zəmini biçən mənəm.
Körpü salan, yol çəkən,
körpüdən keçən mənəm,
Dünyaya qonan məndim,
dünyadan köçən mənəm.


TORPAQ OL, YAŞA

Sükutdan qaç,
Qəlbini aç,
Nurunu saç,
Ocaq ol yaşa!

Sevsinlər boyunu,
Çalsınlar toyunu,
İçsinlər suyunu,
Bulaq ol yaşa!

Təhqir-töhmətdən,
Yersiz xiffətdən,
Kin-küdurətdən,
Uzaq ol yaşa!

Süfrəni bol aç,
Sevgiyə qol aç,
Yolsuza yol aç,
Çıraq ol yaşa!

Yaşat dünyanı,
Yaşat cahanı,
Yaşat insanı,
Torpaq ol yaşa!


VAR

Mən mənbəs görməmişəm,
Mən zindanda yatmamışam.
Ancaq içimdə
Astanası yaslı,
Kilidi, açarı paslı,
Zindandar var!
O zindanda
Qəlbindən qanlar axan,
Gözü yollara baxan,
İnsanlar var!
Onların başında faciələr,
Gözlərində leysanlar var!
İnsanları bir-birindən ayrı salan,
Ayrılıqlar, həsrətlər,
Hicranlar var!
Zindana salan da,
Zindanda yatan da bilməlidir,
Həyatda inqilablar, tufanlar,
Üsyanlar var!

SEVGİ

Sev bu dünyanı sev, bu cahanı sev,
Nə var bu dünyada sevgidən gözəl.
Sevgidən doğulan hər insanı sev,
Nə var bu dünyada sevgidən gözəl.

Ünvanı yurd elə, yurdu sev, könül,
Dərmanı əzizlə, dərdi sev, könül.
İti sev, atı sev, qurdu sev, könül,
Nə var bu dünyada sevgidən gözəl.

Əbədi ünvanı ürəkdir, ürək,
Onsuz dada gəlməz nə duz, nə çörək.
Göyərib daş üstə gül bitirəcək,
Nə var bu dünyada sevgidən gözəl.

Yerin işığıdı, göyün nurudu,
Bütün uğurların ilk uğurudu,
Tərtəmiz bulaqdı, dumduru sudu,
Nə var bu dünyada sevgidən gözəl.

Sözün gözəlidi, söhbətin xası,
Nurdu təbiəti, tanımaz pası.
Tarladı, zəmidi düzü, dünyası,
Nə var bu dünyada sevgidən gözəl.

Sevgi bir ovsundu, nazlı pəridi,
Kimlər vuruldusa yandı, əridi.
Allahın ən böyük şah əsəridi,
Nə var bu dünyada sevgidən gözəl.

Çiçəkdə şey olar, gül üstə arı,
Saflığı zirvənin bəmbəyaz qarı.
Bütün sevənlərin həmdəmi, yarı,
Nə var bu dünyada sevgidən gözəl.

Yumşaldar, əridər daşı mum kimi,
Öpər sahilləri qızılqum kimi.
Qara torpaqları əkər şum kimi,
Nə var bu dünyada sevgidən gözəl.

Könüllər mülkündə sultan olarsan,
Həm xaqan olarsan, həm xan olarsan.
İnsanı sevərsən insan olarsan,
Nə var bu dünyada sevgidən gözəl.


MƏN KİMƏM

Bu gün dünyadayam, dünya mənimdir,
Əslimə, nəslimə adam, hörmətəm.
Dünənki günlərin xatirəsiyəm,
Bugünkü günlərə şanam, şöhrətəm.

Sevincəm, kədərəm, amanam, aham,
Hər dərdi çəkməkdə şah oğlu şaham.
Sazda "Kərəmi"yəm, tarda "Segah"am,
Şeirəm, nəğməyəm, sözəm, söhbətəm.

Gözümdə, könlümdə Nuhun tufanı,
Qəlbin fəryadıyam, ağlın üsyanı.
Yaddaşın gücüyəm, zehnin dastanı,
Bir az möcüzəyəm, bir az heyrətəm.

Arzu bağçasında açan çiçəyəm,
Xeyirxah niyyətlə çarpan ürəyəm.
Dostun süfrəsində halal çörəyəm,
Şirinəm, şərbətəm, dadam, ləzzətəm.
Yurdun torpağıyam, yurdun daşıyam,
Nə varsa yükünü gərək daşıyam.
Uca bir vətənin vətəndaşıyam,
Hünərəm, dözüməm, gücəm, qeyrətəm.

Həmi bölünməyim, həm bölməyim var,
Çoxlu ağlamağım, az gülməyim var.
Həmi doğulmağım, həm ölməyim var,
Təbiət qoynunda bir təbiətəm.


AZADLIQ VER İNSANA

Qoy dolansın xəyalı
göyün yeddi qatını,
Qoy tanıtsın dünyaya
öz əslini, zatını.
Azadlıq ver insana,
alsın mükafatını,
Sökülsün dan yeritək,
açılsın sabah kimi!


Buludlu göylər kimi
boşalıb-dolar insan,
İstədiyi olmasa
gül kimi solar insan.
Azadlığı verməsən
heç bir şey olar insan,
Dodaqları göyərdər,
dil yandırar ah kimi.


Üzüyünə qaş olsun
göylərin mavi rəngi,
Uduzmasın savaşda
gedən döyüşü, cəngi.
Dava günü gələndə
paslanmasın tüfəngi,
Azadlıq ver insana,
açılsın silah kimi.

Nə iş görürsənsə gör,
orda ədalət olsun,
Yamanlığa, pisliyə
min dəfə lənət olsun,
Azadlıq ver insana,
yeri ziyarət olsun,
Qiymətini uca tut
ulu bir dərgah kimi.


Düzü dağa döndərsin,
dağları düz eləsin,
Bir ürəkdə sevinci
artırıb yüz eləsin.
Qaranlıq gecələri
nurlu gündüz eləsin,
Azadlıq ver insana,
hökm etsin Allah kimi.


BUDUR

Ürəkdən oxuyar, ürəkdən dinər,
Şairin çalğısı, rübabı budur.

Şeirdi, nəğmədi, sözdü varlığı,
Çətin suallara cavabı budur.
Allahdan haray yox, bəndədən kömək,
Həmişə meydanda tək qalacaq, tək.
Şair oxunmursa, ölüdür demək,
Vicdanın ən böyük əzabı budur.
Daşıyar möhnəti, çəkər ağrını,
Qəmlər kül eləyər qara bağrını.
Yazar həqiqəti, yazar doğrunu,
Şairin ən düzgün hesabı budur.


Keçər imtahandan, aşar çətindən,
Dönməz ölənədək sədaqətindən.
Füzuli demişkən qəlbin ətindən,
Verər qonaqlığı, kababı budur.

Onu susdurammaz nə dərd, nə azar,
Qəbrə köçəndə də gül açar məzar.
Şair məhəbbətdən, sevgidən yazar,
Deyərlər kişinin kitabı budur.


BİLƏR

Baş nə fikirləşir, ömür nə çəkir,
Onu bir can bilər, bir ürək bilər.
Düzdən nə danışır dağın zirvəsi,
Onu bir dağ bilər, bir külək bilər.

İnsana dağların qarı nə deyir,
Rəngimiz olanda sarı, nə deyir.
Bülbül nə danışır, arı nə deyir,
Onu bir gül, bir çiçək bilər.

Vaxtdan qorxu görür, zamandan hədə,
Sağalmır ürəyə vurulan zədə.
Canın zəifliyi nədədir, nədə,
Onu bir qol bilər, bir bilək bilər.

Kim harda təntiyib tora düşəcək,
Kim harda çətinə, dara düşəcək.
Evin ağırlığı hara düşəcək,
Onu bir dam bilər, bir dirək bilər.

Qorxudan göylərin bağrı yarılır,
Göylər ildırıma, oda sarılır.
Qırılmaz qanadlar niyə qırılır,
Onu bir quş bilər, bir lələk bilər.

Yellər ağacların saçını yolur,
Gül kimi yanaqlar saralır, solur.
Üfüqlər nə zaman boşalır, dolur,
Onu bir göy bilər, bir şimşək bilər.

Doğru nə söylədi, yalan nə dedi,
Abad nə var idi, talan nə dedi.
Gedən hara getdi, qalan nə dedi,
Onu bir vaxt bilər, bir ələk bilər.

Haşa, ağrıların əlindən haşa,
Oxumuz nə zaman dəyəcək daşa.
Ömrümüz hansı gün çatacaq başa,
Onu bir bel bilər, bir kürək bilər.


Donur heyrətimdən damarımda qan,
Hər gün əzrayıla can verirəm, can.
Niyə xəstələndi sağlam Zəlimxan,
Onu mən bilmərəm, bir fələk bilər.

YOXDU


Xeyli var sazımı dilləndirmirəm,
Dindirən xəstədi, çalanı yoxdu.
Nə kök sözə baxır, nə tel dillənir,
Sözümün yanlışı, yalanı yoxdu.

Dağda çən dolanıb, dumanlar gedib,
Ümidlər, şübhələr, gümanlar gedib.

Dünyadan nə qədər insanlar gedib,
Bir nəfər salamat qalanı yoxdu.

Nə qədər sonalar gedib gölümdən,
Sözlər qaçaq düşüb şirin dilimdən.
Sevincim quş kimi uçur əlimdən,
Qəmin dağılmağı, talanı yoxdu.

Hər insan ömrünün şan-şöhrəti var,
Hər uca şöhrətin bir zəhməti var.
Həyatın nə qədər naz-neməti var,
Ölümdən varlısı, kalanı yoxdu.

Ürək yazdığını dərd ilə yazar,
Arxamda beşik var, önümdə məzar.
Gör bir nə zamandı bağlanıb bazar,
Dərdimi satıram, alanı yoxdu.


ŞİRİN YUXU KİMİ BAŞLANIR ÖMÜR

Atam yol göstərib, anam yol verib,
Uzaqdan gəlirəm, bala, uzaqdan.
Dünyanın üzünə təzə düşmüşəm,
Beşikdən, bələkdən, döşdən, qundaqdan.

İllər çoxaldıqca yaşlanır ömür,
Meyvə ağacıtək daşlanır ömür.
Şirin yuxu kimi başlanır ömür,
Yüyrükdən, layladan qoldan, qucaqdan.

Gözəldən gözəldi ömrün hər anı,
Sevgi qarşılayır axşamı, danı.
Öpüblər bəlkə də saçımız sanı,
Çənədən, boğazdan, üzdən, yanaqdan.

Allah da çox sevir o sevən kəsi,
Anadır dünyanın ən müqəddəsi.
Batıb qorxusundan ananın səsi,
Səsim gəlməyəndə evdən, otaqdan.

Bir həyat tapmışam hər təzə izdə,
Qüvvətim cəm olub biləkdə, dizdə.
Göl də gözəllikdi, çay da, dəniz də,
Bulaqdan su içib eşqim, bulaqdan.

Gəzdim səyyah kimi uca dağları,
Özümə bənzətdim yaşıl tağları.
Ömrümün sevilən-sevən çağları,
Şeirim söhbət açdı dildən-dodaqdan.

Məni öldürəmməz nə qəm, nə qəhər,
Təzə duyğularla açılıb səhər.
Yazda gül olmuşam, payızda bəhər,
Çəkmişəm şirəmi kökdən, budaqdan.

Qorxudan qorxunun gözü dörd olub,
Gördüyüm kişilər mərddən mərd olur.
Atam ocaq olub, anam yurd olub,
Almışam gücümü oddan, ocaqdan.
Belədi Tanrının verdiyi fərman,
Canım ocaq olub, sinəm də xırman.
Məni qorxutmadı nə dərd, nə drəman,
Üzüağ çıxmışam hər cür sınaqdan.
Söhbət mən olmuşam, ad mən olmuşam,
Dünyada ən şirin dad mən olmuşam,
Ocaqlar yandıran od mən olmuşam,
Gözlərim od alıb şamdan, çıraqdan.

Yamanlar günümü eləyib qara,
Varlığım neçə yol çəkilib dara,
Bəzən çəkilmişəm qaranlıqlara,
Uzaqda durmuşam gözdən, qulaqdan.

Bədxahlar üstümə gəldikcə gəldi,
Bəd nəzər, bəd xəbər bağrımı dəldi.
Mətləb uzandıqca ömür gödəldi,
Aldılar vaxtımı haqdan, nahaqdan.

Dərdimi bir qələm, bir dəftər bilir,
Ürək dediyini dil əzbər bilir.
Atanı özünə peyğəmbər bilir,
Yoxdu şikayətim oğul-uşaqdan.

Torpağa peşkəşdi ömrün qalığı,
Görüb dərk etmişəm o ucalığı.
Nə ölümü yoxdu, nə qocalığı,
Allahdı ucada başdan, papaqdan.

Başımda həyatın min bir oyunu,
Gördüm matəmini, gördüm toyunu.
Uddum havasını, içdim suyunu,
Gözlərim doymadı qara torpaqdan.

Kökdən ayrılanda quruyar budaq,
Kəsməz bir kəlməni nə dil, nə dodaq.
Dünya ev sahibi, mən qərib qonaq,
Nə var istənəsi qərib qonaqdan?!

HƏYAT DA, ÖLÜM DƏ SƏNDƏN ÖTRÜDÜ

Ömür göz qırpımı, fındıq qabığı,
Ömür bir ocaqdı, yandı, qurtarır.
Dünənə əl çatmır, sabaha imkan,
Fındıq qabığıdı, sındı qurtarır.

Hər gün korun-korun yanan bir ocaq,
Hər gün tüstülənən hisli bacasan.
Doğulmaq ölməkdi, ölmək doğulmaq,
Üçüncü qapı yox gedib açasan.

Həyat da, ölüm də səndən ötrüdü,
O da düz, bu da düz, əyrisi yoxdu.
Səni aparmağa, rahatlamağa,
Ölümdən, qəbirdən qeyrisi yoxdur.

DUALARIN QƏBUL OLSUN, AY ANA


Ömrün keçsin nur içində nur kimi,
Duaların qəbul olsun, ay Ana.
Qadir Allah ürəyini qırmasın,
Duaların qəbul olsun, ay Ana.

Tüstüsünü heç kəsməsin bacalar,
Ucaldıqca qoy ucalsın ucalar.
Yaradana yaxın olur qocalar,
Duaların qəbul olsun, ay Ana.

Hikməti var göyə qalxan əllərin,
Qüdrəti var Allah deyən dillərin.
Haqq səsini qoy eşitsin ellərin,
Duaların qəbul olsun, ay Ana.

Namazında yerlə-göyün vəhdəti,
Orucunda qəlbin nuru, şəfqəti.
İnsan ilə ilahinin söhbəti,
Duaların qəbul olsun, ay Ana.

Dua sözü şəkər kimi yeyilər,
Yaradana pıçıltıyla deyilər.
İnsan olan dualara əyilər,
Duaların qəbul olsun, ay Ana.

Zəlimxan YAQUB
Xalq şairi

TƏQVİM / ARXİV