adalet.az header logo
  • Bakı 18°C
28 Iyul 2020 13:15
26491
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: TİBBİ MASKALAR...

... Dünyanı cənginə alan koronavirus özü ilə çox bəlalar gətirib. Hələ də dünya səhiyyəsi bu xəstəliyin müalicəsini və vaksinini tapa bilməyib. Hətta dünyanın ən inkişaf etmiş ölkələri belə COVİD-19-un əlində əsir-yesir olublar. Amerika kimi dünyaya meydan oxuyan bu dövlət xəstəliyin qarşısında aciz qalıb. Yeganə çıxış yolu kimi əhaliyə tövsiyə olunur ki, sanitar-gigiyenik qaydalara əməl etsinlər, ara məsafəsi saxlasınlar və maskasız küçələrə çıxmasınlar. Təbii ki, indiki zamanda virusdan qorunmağın yeganə yolu məhz budur.

Azərbaycan da düz 4 aydan çoxdur ki, koronavirusla mücadilə edir. Dövlət və hökumət səviyyəsində əhalinin sağlamlığının qorunması üçün öncədən bütün qabaqlayıcı tədbirlər görülüb. Cənab prezident İlham Əliyevin tapşırığı ilə bu xəstəliklə mübarizəyə ixtisaslaşmış səhiyyə ocaqları ayrılıb, üstəlik də yeni tipli modul xəstəxanalar tikilərək istifadəyə verilib. Və bu xəstəxanalarda virusa yoluxanların müalicə edilməsi üçün hər gün dava-dərman, texniki avadanlıqlar və süni tənəffüs aparatları vardır. Elə məhz bu avadanlıqların və preparatların köməklikləri nəticəsində COVİD-19-a yoluxan əksər xəstələrin həyatını xilas etmək mümkün olub. Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində əvvəlki vaxtlarla müqayisədə virusa yoluxanların sayı azalıb, sağalanların sayı isə çoxalıb. Təbii ki, bu müsbət tendensiya dövlətin və hökumətin, konkret olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın həyata keçirdiyi sərt karantin rejimi nəticəsində mümkün olub. Və əhali də əvvəlki vaxtlara nisbətən bir qədər bu xəstəliyə daha məsuliyyətlə yanaşır, mövcud virus təhlükəsindən qorunmaq üçün sanitar-gigiyenik qaydalara əməl edir.

Amma məsələnin görünməyən və daha doğrusu, hamının bilmədiyi tərəflər də var. Bəlkə də bunu çoxları görür, amma əhəmiyyət vermir. Çünki bəziləri fikirləşir ki, elə maska taxırsan, deməli, bu xəstəlikdən sığortalanmısan. Ancaq maska taxmaq hələ bu xəstəlikdən tam xilas olmaq demək deyil. Çünki maskadan da düzgün istifadə etməlisən və sonda da düzgün çıxarıb sellofan kağıza bükərək zibil qutularına atmalısan.

Təəssüf ki, biz küçələrdə, prospektlərdə, xiyabanlarda 2-3 addımdan bir yerə atılmış maskalara rast gəlirik. Hansı ki, həmin maskaların atıldığı yerin yanında zibil qutuları var. Biz iki addımlıqda olan o zibil qutusuna istifadə etdiyimiz maskanı atmırıq, hara gəldi tullayırıq. Sonra həmin yerdə özümüz, balalarımız gəzirik və hərəkət edirik.

Məsələn, Yeni Günəşlidəki 282 nömrəli tam orta məktəbin həyətində və stadionunda hər gün qələbəlikdi. Başqa sözlə demiş olsaq, bu massivdə park olmadığı üçün camaat isti günlərdə gəlib axşamüstü məktəbin həyətində və stadionda gəzir. Və camaat gəzdiyi yeri elə bir günə qoyur ki, adam bu səhnəni görəndə dəhşətə gəlir. Məktəbin həyətində və stadionda içilib istifadə edilmiş müxtəlif plasmasdan olan su qabları, tum qabıqları və eləcə də istifadə olunmuş tibbi maskalar hara gəldi atılıb. Və bu tibbi maskalar sanki ölüm kabusuna bənzəyir. Onun iki addımlığında isə balaca uşaqlar yerdə oturub oynayır, əllərini hara gəldi vurur və bir sözlə, odla oynayırmış kimi davranırlar.

Bir neçə Günəşli sakini ilə söhbət eləyirəm. Akif Əhmədov bildirir ki, mən tibbi maskalardan çöldə gəzəndə istifadə etmirəm. Ancaq mağazaya, avtobusa minəndə bu maskanı taxıram. Axırda da maskanı çıxarıb zibil qutusuna atıram. Başqa bir Günəşli sakini Nazilə Rzayeva deyir ki, mən bir maskadan bir ay istifadə eləyirəm. Pulum olsa, gündə ikisini alaram. Amma gündə iki maskaya pul verənə qədər onun müqabilində bir çörək alıram. Üstəlik də maskanı çıxaranda hara gəldi atıram.

Digər bir Günəşli sakini - Mətanət Novruzova bildirir ki, bizim camaat maskadan düzgün istifadə eləmir. Hətta avtobusa minəndə görürəm ki, nəzarətçilər olanda hamı avtobusu taxır. Elə ki, nəzarətçi olmadı, içi mən qarışıq maskanı lazımi səviyyədə taxmır. Yəni mənim özüm də görürəm ki, nəzarətçi yoxdu, maskanı çənəmə salıram. Hərçənd ki, bilirəm maska taxmamağa görə 100 manat cərimə oluna bilərəm.

Yaşı 60-ı haqlamış Hüseyn Məmişov isə bildirir ki, heç mən əvvəldən maska taxmıram. Çünki nəfəs ala bilmirəm, maska da taxanda boğuluram. Gərək adamı Allah qorusun. Bu yaşa çatmışam, min şükür! Bundan sonrası qazancdır.

Göründüyü kimi, rəyini öyrəndiyimiz insanların hamısı heç də tibbi maskadan istifadəyə birmənalı yanaşmır. Bu isə çox təhlükəlidir. Tək özümüz üçün yox, evimiz, ailəmiz, balalarımız üçün böyük təhlükədir. İnsanlar özləri haqqında yox, doğmaları barəsində daha dərindən düşünməlidirlər. Operativ Qərargahın, həkimlərin tövsiyələrini hamı birmənalı olaraq yerinə yetirməlidir.

Əgər biz istəyəriksə, sərt karantin rejimindən tezliklə qurtaraq, onda 10 milyonluq Azərbaycan vətəndaşının hamısı bu qaydalara əməl etməlidir. Tay biri deyir ki, oğlum əsgərlikdən gəlib məclis qururam, biri deyir ki, nişan eləyirəm, biri də deyir ki, rəhmətə gedən əzizimə yas mərasimi verirəm. Təbii ki, elə insanlar da ən çox belə kütləvi yerlərdə virusa yoluxurlar. Virusa yoluxmamaq üçün hamı bir nəfər kimi mütəxəssislərin və həkimlərin tövsiyyələrinə əməl etməlidir. Yalnız biz bu yolla həyatımızı COVİD-19 virusundan xilas edə bilərik.

Gəlin maska taxaq, məsafə saxlayaq, sanitar-gigiyenik qaydalara əməl edək və kütləvi yerlərə çox getməyək! Bu deyilənlərə əməl etsək, bizim əvvəlki həyatımız və gözəl günlərimiz yenidən qayıdacaq və biz birlikdə işləyib yaşayacaq, bu dövlətə, bu ölkəyə, bu millətə xidmət edəcəyik!..