adalet.az header logo
  • Bakı 13°C

AVTOPORTRET 2

MƏMMƏD DƏMİRÇİOĞLU
32764 | 2013-06-08 06:13
"Insan mənzərələri"nin oxucularıyla yenidən görüşə gəldik. İlk görüşə də "Avtoportret"lə gəlmişdim və "Avtoportret-2" ilə tanışlığımızı yenidən bərpa edib, son zamanlar yazılmış, eyni zamanda bu günümün ovqatına bənzəyən bir neçə şeirimlə oxucularımızı salamlamaq niyyətinə düşdüm...
***
Atam Musa kişi, İncə Dərəsinin Qaymaqlı kəndində ən kasıb kişilərdən biri idi. Mən beşinci sinifdə oxuyarkən kasıblığın daşını atmaq üçün Qarayazıya, "Meyvə tingçılik sovxozu"na köçmüş, həmin sovxozda orta məktəb natamam, yəni dördüncü sinfə qədər olduğundan məni ailədən ayırıb böyük qardaşı Qaleyçi Nəbiyə tapşırmaq məcburiyyətində qalmışdı. Beləliklə mən doğma ailəmdən ayrılaraq orta təhsilmi başa çatdırana kimi, düz beş il ata-ana nəvazişindən, qardaş-bacı mehrindən ayrı düşdüm. Orta məktəbi bitirdikdən sonra isə Bakıya oxumağa getdim və Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinə daxil oldum.

Akif Səməd demiş:
Ay maşınçı, ay qatarçı, ay adam,
Bu şəhərə siz doğmasız, mən yadam.
Burax gedim, ay gözəlim, ay qadam,
Mən Bakıya oxumağa gəlmişdim...

Beləcə, düşdüm zamanın axarına. 1983-cü ildə bu axar məni Özbəkistana aparıb çıxardı. 1990-cı ilə qədər zəngin koloritli bu Cığatay ellərində monumentalçı rəssam kimi fəaliyyət göstərdim. Ara-sıra şeirlər yazmağıma baxmayaraq heç yerdə dərc olunmadım. Yaxşı mənada gizləndim, bu azman, qutsal və Tanrının özü qədər uca olan Sözdən çəkindim, yazdıqlarımı üzə çıxarmağa cəsarət etmədim.
Günlərin birində mənə də şair dedilər. 2004-cü ildə "Dəmirçioğlunu dindir" adlı kitabım işıq üzü gördü. Sonra rəssam şair dedilər, sonra memarlığı, heykəltəraşlığı da bu adlara qoşdular. Bu adları mənim əynimə biçdilər, adıma yaraşdırdılar, necə ki, Ağamalı Sadiq "Dəmirçioğlu" təxəllüsünü boynuma biçdi, sənət dünyama yaraşdırdı...
İncəlilərin portretlərindən və portret yazılarından ibarət "İnsan mənzərələri" adlı yazılarımı yazmağa başladım. Qəribə olsa da bu qutsal məkanın saz-söz və dəyərli kişiləri haqda xeyli yazılar yazmış olsam da, nə atam nə də mənə atalıq etmiş Nəbi əmim haqda mənzərə yazmamışam. Fikirləşmişəm ki, atam çox sadə və kasıb kişi, Nəbi əmim isə dəmirçı və nalbənd olub. Bunlar haqda yazsam məni özünü təsvirdə qınayarlar. Fikrimdə yanıldığımı anlayıb, nəhayət qərara aldım ki, növbəti ilk yazılarımı onlarla başlayım...
Yazdığım şeirləri yaşamamış yazmadım. Elə oldu ki, yazdım, sonra yazdığımı yaşadım.
Dünyanı silkələyən sunamilərdən öncə Türk TV kanallarının birində zəlzələdən ziyan çəkmiş bir qızcığazın ağlaması ətimi ürpətmişdi. Bütün əzizlərini itirmiş qızcığaz ağlayaraq hönkürürdü. Ancaq mənə elə gəldi ki, həmin qızcığaz hönkürə-hönkürə gülürdü. Bax bu şeir həmin vaxt yarandı və az keçməmiş dəhşətli sunamilər başladı.

AĞLAYA-AĞLAYA GÜLÜN

Bir quş ömrü nəmənəydi,
Qıymadı mənə Allahım.
Vaxtından qabaq ölməyə,
Qoymadı yenə Allahım.
Bu son nəfəsi də dərib,
Gedirəm sənə, Allahım.
Can üzgün, yollar yoxuşa,
Belimdəki taya gülün,
Sizə bir nağıl danışım,
Ağlaya-ağlaya gülün.

Neynirsən quru cəsədi,
Itiribsənsə başı sən.
Isaq-Musağa qulaq as,
Itgin başı ha qaşı sən.
Burdan o yana yol ha yox,
Ömrü daşı, ha daşı sən,
Durnalarla köçüb gedən,
O haraya, haya gülün,
Sizə bir nağıl danışım,
Ağlaya-ağlaya gülün.

Güzgü dalında ovçular,
Bəzəkli quşlar ovlayır.
Dini, imanı, gümanı,
Ağca ağuşlar ovlayır.
Qan aparır ürəkləri,
Gözləri yaşlar ovlayır.
Baxın gecənin halına,
Ağ camallı aya gülün,
Sizə bir nağıl damışım,
Ağlaya-ağlaya gülün.


İblislər dəliqanlıdır,
Göydə Allahımız fağır,
Gülüşlər əli qanlıdır,
Dərdimiz, ahımız fağır.
Bu dünya düzələn deyil,
Yüz dəfə Allahı çağır.
Öpüb qan tökən əlləri
Oxlar atan yaya gülün,
Sizə bir nağıl danışım
Ağlaya-ağlaya gülün.

Damcı sular ümman olur,
Bulaqlar sel olub gəlir,
Ucalıqdan enən sular,
Dərələrə dolub gəlir,
Kəndi, kəsəyi, ...şəhəri
Budağından yolub gəlir.
Qərq olub Nuhun gəmisi,
Bu nəhrə, dəryaya gülün,
Sizə bir nağıl danışım,
Ağlaya-ağlaya gülün.

Çoxuna olduğum kimi görünməmişəm. Zahirən bir az imkanlı, bir az qayğısız, bir az yeyib-içən, deyib-gülən kimi görünmüşəm. Amma hər gecə "sabahım necə olacaq" təşvişi içində qovrulmuşam, hər ötən ayı, ili sanki, qıl körpüsünün üstündə yaşamışam.

Səhər doğulunca gecə can verir,
Üfüqün qırmızı tül körpüsündə.
Sabaha salamat çıxan ümidlər,
Şeh olub titrəşir gül körpüsündə.

Könül gülşənimi dərib sözlərim,
Uçuq könüllərə sərib sözlərim.
İçimdə hürküşən qərib sözlərim,
Sorğu-sualdadı dil körpüsündə.

Tanrım xəlq eylədi dünyanı sirli,
Aşkarı müəmma, pünhanı sirli.
Bir yanı bəllidi, bir yanı sirli,
Yorğun bir dərvişəm qul körpüsündə.

Dindi arzularım qara saz kimi,
Köçdü durnalarla xoş avaz kimi.
Əsdim, yıxılmadım, kəndirbaz kimi
Yaşadım ömrümü qıl körpüsündə.

Hər bahar sanki, yenidən doğulub, sübh alaqararanlığında cəh-cəh səsləriylə səhəri salamlayan quşlarla sabaha diri çıxmışam. Ümid, Ümid. Sonuncu yarpaq da son ümidəcən yaşayır. Beləcə Ümidin ətəyindən tutub sabahlara, baharlara yol getmişəm.

ÜMİD

Dan ulduzu doğulacaq
Gecənin yahularından.
Dünya asılıb qalacaq
Ay üzünün hilalından.

Yenə ümidlər verəcək,
Vəfalı yarpaq səsləri.
Qaranlıqda tapılacaq
Gündüzün itən kəsləri.


Alışacaq Səməndər tək
Od üstündən əsən mehlər.
Səhər yenə barışacaq
Qönçələrdən küsən şehlər.

Yatıb yuxular görəcək
Sapsarı səhra gülləri.
İtiyinə qovuşacaq,
Gecənin anadilləri.

Ruhum dönəcək canıma
Ağ gecənin nəfəsiylə.
Yenə diri qalacağam,
Yoxa dönmək həvəsiylə...

Dan ulduzu doğulacaq,
Gecənin "yahularından".
Dünya asılıb qalacaq
Ay üzünün camalından.

İndi isə yaman narahat günlər yaşayıram. Bir neçə il idi ki, dilimdə bir beyt dolaşırdı, özü də "Qaraçı" havası üstündə": Gəlmədi, gəlmədi bir ərəb atlı" - deyə dodaq altı zümzümə etsəm də bu beyti şeir halına sala bilmirdim. O ərəb atlını Türklər min illərdi gözləyir...
Dünya çaxnaşır, yer-göy güməşir, Tanrıdan işarələr gəlir, amma insanlar öz əməllərində, dünya siyasətiçiləri güzgü arxasında öz işlərindədirlər. Ərəblərin düşdüyü bəlalar, Türkün təlaşı... və s.
Bütün bunları yaşaya-yaşaya neçə illərdi dilimdə dolaşan bu beyti yenicə tamamlamışdım, Türkiyədə "Gezi parkı"ndakı olaylar başladı:

DƏVƏSİ ÖLMÜŞ ƏRƏBƏ


Bulud kölgələri səhrada xaldı,
Buludlar da laldı, səhra da laldı.
Sarvansız karvanlar səhrada qaldı,
Gəlmədi, gəlmədi bir ərəb atlı.

Yarı şiyələrik, yarı sünnülər,
Qarı düşmən bizə onunçün gülər.
Atılan nizələr, oxlar, süngülər
Tuşlanıb, tuşlanıb bir Ərə batdı.

Sağalmır yaramız, sarı, ha sarı,
Keçilmir bu yolun ilğım hasarı.
Dayanır, yol gedir ilğıma sarı,
Bir ərəb piyada, bir ərəb atlı.

Son zamanlar yoxluqlarla söhbət edirəm. Yoxluğun mənzərələrini yazıram. Yox olanların mənzərələri var olanlarınkından daha zəngin, daha əlvandırlar. Onlardan birini sizə təqdim edirəm:

YOXUN MƏNZƏRƏSİ

İşıqlar axıb gəlir,
Bizdən o yana yoxdan.
Əyan olan nə varsa,
Gəlib bəyana yoxdan.

Bu dünyanın surəti,
Yeddi rəngli işıqdı.
Yer ilə göy arası,
Yox ilə barışıqdı.

İçində gizlənibdi,
Baxıb gördüyün adam.
Vardan yoxa varışdı,
Yerə hördüyün adam...

Mən yoxun adamıyam,
Yoxdan vara gətirmə.
Gətirsən sal könlünə,
Yerə salıb itirmə.

Yaşamaq asanmı, çətinmi? Acımı, şirinmi? - dileması arasında bax beləcə yaşayıram:

BARIŞA BİLSƏM

Ömür quş, can yuva, dünya kövşənlik,
Kim geri döndədər axan çayları?
Yuvasını atıb haraya uçur,
Sarı kövşənliyin torağayları?..

Yuxuya getmişəm bu dar macalda,
Söykənib səbrimin dar macalına.
Durnalar bir qatar salavatımdı,
Karvan buludlarin ağ camalına.

Üyünür vaxt, vədə sari dən kimi,
Kim saxlaya bilər bu dəyirmanı?
Sinəmdə ürəyim, gözümdə arzum,
Çax-çaxı dayanmış su dəyirmanı...

Uçardım göylərə, geri dönərdim,
O axan sulara qarışa bilsəm.
Nə var yaşamağa burdan o yana,
Bundan o yanayla barışa bilsəm.

Barışığı sevən adamam, amma bilmədim belə yaşamaqla barışım, ya barışmayım.

* * *

Bu dünya bir ilğım imiş.
O başı, bu başı divar.
Hara vardım mənim deyil,
Nəyə baxdım sahibi var.

Kimə əmanət eyləyim,
Bu canımı harda qoyum?
Harda ölüm, tapılmayım,
Günahımı harda yuyum?

İşığa çıxa bilmədi,
Sonuncu udduğum nəfəs.
Mən ki, son sözümü dedim,
Nədir içimdəki o səs?..

Yaşaya bilmədimsə də,
Bu səbir, bu dözümlə mən,
Allah, sındır inadımı,
Qoy barışım özümlə mən.

Barışdım. Bilmədim dünyayla barışdım, yoxsa özümlə. Amma bilirəm ki, yenə küslü qaldım. Bilmədim dünyayla küslü qaldım, yoxsa özümlə. Barışdım və bu şeiri yazdım:

QULLARIN YAZIQ


Ilahi, bir lalə ömrü yaşadım,
Köksümə çəkdiyin xalların yazıq.
Sərilib, döşəndi ayaqlarıma,
Düz gedə bilmədim, yolların yazıq.

Yanan ocaqları kül tutasıymış,
Bu solan ləçəklər gül butasıymış.
Yazdığım şeirlər qul xatasıymış,
Allah, kərəm eylə, qulların yazıq.

Bir şimşək ömrüdü çaxıb lal qalan,
Dönər ümmanlara axıb lal qalan.
Birdimi, beşdimi baxıb lal qalan,
Dəmirçioğlu kimi lalların yazıq.

Ardı gələn sayımızda
Məmməd Dəmirçioğlunun təqdimatında

TƏQVİM / ARXİV