adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Iyul 2020 12:56
43335
MƏDƏNİYYƏT
A- A+

Bəstəkar Vasif Adıgözəlovun yubileyidir: 85 ilin sönməyən nuru...

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli, unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür. Bu gün görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, professor Vasif Zülfüqar oğlu Adıgözəlovun anadan olmasından 85 il ötür.

Adalet.az xəbər verir ki, Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci ildə Şuşa qəzasının Qaradolaq kəndində (Hazırda Ağcabədi rayonunun kəndidir) anadan olmuş məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq və fortepiano sinflərində təhsilini davam etdirib. 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi işləməyə başlayıb. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M.Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A.Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə işləyib.

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edib. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının katibi seçilib.



"Ölülər", "Natəvan" operalarının, "Hacı Qara","Nənəmin şahlıq quşu", "Boşanaq-evlənərik", "Lənət şeytana" musiqili komediyalarının, "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, həmçinin bir neçə simfoniya və instrumental konsertin, mahnı və romansların müəllifidir. Zəngin sənət ömrü yaşamış və daim xalqına bağlı olan Vasif Adıgözəlovun musiqisi bu gün də insanlara vətənpərvərlik, sevinc, inam, sevgi duyğuları bəxş edir. Bu mənada, sənətkar bu gün də bizim müasirimizdir. Onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri daim xatırlanır.

Qeyd edək ki, Professor, xalq artisti, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov dahi bəstəkarımızın övladıdır.

Əntiqə Rəşid