Fazil Mustafa: Təhsil nazirliyi həm də ölkəni Qoruma nazirliyidir

FİRUZ MUSTAFA
108700 | 2020-07-28 12:11
Təhsil naziri vəzifəsinə hörmətli Emin Əmrullayev təyin olunundu. Təbii ki, ölkə prezidentinin bu təyinatla öz mülahizələri, məqsədləri var və onlarla kadrın arasından Emin bəy üzərində dayanmışsa, bu o deməkdir ki, onun kimliyi, peşəkarlığı, siyasi yetkinliyi və bilgi tutumu üzərində ciddi araşdırma aparmış və bu nəticəyə gəlmişdir. 

Bu təyinatdan sonra insanlar standart ifadələri bir-birinin ardınca həmişəki kimi işlədirlər, sevindiklərini büruzə verən statuslar yazırlar, cəmiyyətə ümidverici mesajlar verirlər ki, təhsilimizdə hər şey yaxşıya doğru dəyişəcək. Təbiidir ki, illərdir təhsil problemlərinin içində olan, yenilikçi baxışları ilə seçilən nisbətən gənc bir məmurun bu vəzifəyə təyinatı ümidverici aura yaratmalıdır. Ancaq mən istərdim ki, indi yox, məhz bir ildən sonra sevindiyimi yazım. Çünki mənim anlayışama görə Təhsil nazirliyi ölkənin Müdafiə nazirliyindən də önəmli bir dövlət qurumudur. Məhz təhsil siyasəti sağlam zəmində aparılmayan bir ölkənin müdafiə sistemi də arzulanan səviyyədə ola bilməz. Bunu mən özlüyümdən anlamamışam. 

Alman filosofu Fixtenin "Alman millətinə müraciət" adlı pamfletindən mənimsəmişəm. Mən Təhsil nazirliyinə ölkəni Qoruma nazirliyi kimi yanaşıram. Başqa sahələrdə ancaq islahatın tərəfdarıyam. Bu yeganə sahədir ki, inqilabi dəyişikliklərin olmasını arzulayıram və gözləyirəm. Toplumumuzun indiki təhsil anlayışını və sistemini söküb yenidən və həm də böyük sürətlə yenidən yığmaq lazım. Təhsilin mənası, hədəfi dəyişməlidir. Təcili elm sahələri ilə birləşdirilməiş təhsil infrastrukturu yaradılmalıdır. Əslində bizim günümüzün təhsili elmlə arasında uçurum yaradılmış təhsildir. Uşaq bağçasından, məktəbəqədər təhsildən tutmuş ali təhsilə qədər dəyərlər və hədəflər doğru müəyyən olunmalıdır. Xüsusilə də üç sahədə köklü dəyişikliklər vacibdir: Pedaqoji, Tibb və Hüquq. Tədqiqat universiteti modelini qurmaq zəruridir. Müharibə şəraitində yaşamağa məhkum olmuş dövlətin xarakterinə uyğun olaraq orta məktəblərdə bütün oğlanlar və qızlar üçün hərbi dərslər bərpa olunmalıdır. Obtektivliyi ilə tanınan mütəxəssilərdən ibarət xüsusi komissiya yaradılmalıdır və xaricdə ölkəmiz üçün vacib ixtisaslarda təhsil alan xüsusi istedadlı bakalavr, magistr və doktorantlar müəyyənləşdirilib dövlət dəstəyi ilə təmin olunmalıdırlar. Və onlarla bu kimi işlər görülməlidir. Təbii ki, pandemiya dövrünün çətinlikləri hamımıza aydındır. Ancaq ortaya ciddi iradə qoyularsa, problemləri addım-addım çözmək mümkündür.

Azərbaycanda iki boşluq özünü hiss etdirir. Biz mental olaraq Ordu Millətinə çevrilə bilməmişik. Biz həm də Təhsil Millətinə çevrilə bilməmişik. Hər iksinin də əlacı sağlam, məqsədyönlü və hamının iştirakçılığının təmin olunduğu səfərbərlik modelinin tapılmasıdır. Unutmamalıyıq ki, təhsil sadəcə bir nazirin, bir nazirliyin işi deyil, şagirdin, tələbənin, valideynin, müəllimin, məktəbin, kollecin, universitetin, uşaq bağçasının Təhsil Millətinə çevrilmək iradəsi birbaşa əlaqəli məsələdir. Etiraf edək ki, bu iradə olmadıqca, kimisə günahkar axtarmaqla öz boynumuzdan məsuliyyəti atmağa davam edəcəyik.

Emin Əmrullayevlə Təhsil nazirliyinin keçirdiyi müxtəlif tədbirlərdə ayaqüstü təmaslarım olub, dərindən tanımasam da problemlərə baxışının orijinallığı ilə, səviyyəli layihələrin təqdimatı ilə xoş təəsürat yaradıb. Ölkə prezedenti onun üzərinə böyük bir məsuliyyəti qoyub. Təhsilimizin taleyi üçün yanğısı olan, yaxşıya doğru bir şeylərin dəyişməsini arzulayan hər birimiz təhsilimizin inkişafı üçün faydalı olacaq hər bir təşəbbüsə öz dəstəyimizi əsirgəməməliyik.

TƏQVİM / ARXİV