adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Iyul 2020 18:22
11430
MƏMLƏKƏT
A- A+

Düşmən taptağı altında qalan qoruqlarda nadir flora və fauna növləri məhv olmaq təhlükəsi ilə üz-üzədir

Bu gün Bəsitçay və Qaragöl Dövlət Təbiət Qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı Dövlət Təbiət yasaqlıqlarının düşmən taptağı altında qalması nəticəsində nadir flora və fauna növləri məhv olmaq təhlükəsi ilə üz-üzədir.

AMEA Zoologiya İnstitutundan Trend-ə verilən məlumata görə, artıq 30 ilə yaxındır ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun torpağını, suyunu, atmosferini, dövlət təbiət abidələrini məhv edir, biomüxtəlifliyini - flora və faunasını yarasız hala salır, təbii sərvətlərini talamaqda davam edir. Landşaft müxtəlifliyi baxımından çox əlverişli olan bu ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir ki, onlardan 70-i endemik növ olub, dünyanın heç bir yerində təbii halda bitmir. Bundan əlavə, zəngin fauna müxtəlifliyinə malik bu ərazilərdə Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na daxil edilmiş məməlilərin 4, quşların 8, balıqların 1, amfibiya və reptililərin 3, həşəratların 8, bitkilərin isə 27 növü yayılmışdır ki, onlardan bəziləri hətta "Beynəlxalq Qırmızı kitaba” daxildir. Davamlı inkişaf və ətraf mühitin mühafizəsini təmin etmək məqsədi ilə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qoyulan qaydalardan biri də hətta müharibələr belə təbiətdə biomüxtəlifliyinin davamlı inkişaf prosesinə dağıdıcı təsir gostərməməlidir. Lakin Ermənistan işğal etdiyi ərazilərdə ətraf mühit və biomüxtəlifliyin mühafizə edilməsinə dair qəbul edilmiş beynəlxalq hüquq normalarına riayət etmir, əksinə Dağlıq Qarabağ ərazisində tarixən formalaşmış fauna və floranın məhvinə səbəb olur. Bu ərazilərdə qəsdən tez-tez yanğınların törədilməsi biotopların sıradan çıxarılmasına, ərazinin və oradakı su hövzələrinin bilərəkdən kimyəvi maddələrlə çirkləndirilməsi, meşələrin qırılması ekoloji terrordan başqa bir şey deyil:

"Mənfur düşmən, işğal altındakı Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasını dünyaya erməni maddi tarixi-mədəniyyət nümunəsi kimi təqdim edir, tarixi saxtalaşdırır. Bundan əlavə, separatçı rejimin nəzarəti altında olan Azıx mağarası nadir yarasa növlərinin sığınacağıdır ki, onlar BMT-nin Ətraf Mühit Proqramı (UNEP) Miqrasiya edən Heyvanların Konvensiyası (CMS) çərçivəsində EUROBATS (Avropa Yarasa Populyasiyalarının Mühafizəsi) Razılaşması ilə beynəlxalq statusla mühafizə olunurlar ki, onlar da bu gün potensial təhlükə altındadırlar. İşğal edilmiş ərazilərdə, həmçinin Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na daxil edilmiş Safsar, Çay samuru, Qonur ayı, Zolaqlı kaftar, Qamışlıq pişiyi, Çöl pişiyi, Vaşaq, Qafqaz bəbiri, Nəcib maral, Cüyür, Bezoar keçisi kimi nəsli tükənmək təhlükəsində olan orta və iriölçülü nadir məməlilər də az deyil.

İşğal olunmuş ərazilər Avropadan Afrika və Asiyaya və əks istiqamətdə quşların vacib transqafqaz miqrasiya yollarından birini təşkil edir. Zəpt olunan sahələrdə yanğınlar zamanı torpağın üst münbit qatının sıradan çıxmasından əlavə burada məskunlaşan heyvanların yanması, quş yumurtalarının, balalarının tələfatına və həmin növlərin yaşayış yeri ilə əlaqəsinin birdəfəlik itirilməsinə səbəb olur. Bu da həmin növlərinin sayının kəskin azalmasına gətirib çıxarır. Bundan əlavə, düşmən öz iqtisadi mənfəəti naminə Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na salınmış ayıfındığı növündən ibarət meşələri kütləvi surətdə qıraraq mebel istehsalı üçün Ermənistana göndərir, relikt bitki sayılan, Laçın Dövlət Təbiət Yasaqlığı ərazisində yayılan Qırmızı palıd ağacları mebel və xüsusən də spirtli içki istehsalı üçün istifadə edir və xaricə satır. Ağacları qırarkən və daşıyarkən ağır texnikadan istifadə olunması çəmənlikləri, məhsuldar otlaqları yararsız hala salır, torpaq erroziyasına səbəb olur. Bu gün enerji böhranında boğulan ermənilər yüngül, daşınması asan və daha çox istilik verən Tozağacı meşələrini qıraraq ondan yanacaq kimi istifadə edir ki, məhz bu meşəliklər endemik növlər olan Qafqaz tetrasının və Xəzər ularının yaşayış yerlərini təşkil edir. Belə ki, yeni yaşayış biotopları tapmayan quşlar tələf olur və ya asanlıqla ovçuların qurbanına çevrilir".

Məlumatda qeyd edilir ki, işğal olunmuş ərazilərin 70% - i sürünən heyvanların növ müxtəlifliyinin daha çox olduğu və geniş yayıldığı ərazilərdir. Zoosenozların qida zəncirində əhəmiyyətli mövqe tutan amfibilər və reptililər ekosistemin fauna biomüxtəlifliyinin stabilliyində mühüm rol oynayırlar. Onların məhvi trofik əlaqədə olduqları digər fauna növlərinin də zəifləməsinə və məhv olmasına gətirib çıxarır. Amfibilər və sürünənlər həm də zərərli həşəratları və gəmiriciləri yeyərək məhv etdiklərini də nəzərə alsaq, bu heyvanlar əhali üçün faydalı sayıla bilər. Lakin işğalçı Ermənistanın bu ərazilərə və onun fauna müxtəlifliyinə vəhşi, dağıdıcı münasibəti sözügedən ərazilərdə yaşayan heyvan növlərinin məhvinə gətirib çıxarır. Belə vəhşi münasibət nəticəsində amfibi və sürünən növlərin təbii yaşayış yerləri sıradan çıxır, biotoplar dağılır, nəticədə populyasiyalar zəifləyərək məhv olur, ətraf mühitin çirklənməsi, səngər və qazmaların salınması, hərbi təlimlər və əməliyyatlar zamanı texnikanın hərəkəti kimi narahatedici amillərin təsirinə daha həssas olan amfibi və sürünənlərin yaşayış areallarının dəyişməsinə səbəb olur. Bundan əlavə, faydalı, iqtisadi gəlir verə bilən amfibi və sürünən növlərinin təbii resurslarını talamaqda davam edən mənfur düşmən Göl qurbağasının ətinin Avropada nadir ləzzətli ərzaq məhsulu kimi qiymətləndirildiyi üçün bu növün biznesi ilə məşğul olur, təbii sərvətimizi xaricə ixrac edərək talan edir. Bundan başqa, işğal olunmuş Qarabağ ərazilərində zəhərli ilan növü olan Levantin gürzəsi də geniş yayılmışdır ki, Ermənistanın öz ərazisində bu ilan növünə çox az rast gəlinir. Lakin bu da danılmaz bir faktdır ki, hazırda Ermənistan dünya bazarına qızıldan qiymətli sayılan gürzə zəhəri çıxarmağa cəhd edir. Şübhə yoxdur ki, Ermənistan bu qiymətli tibbi xammalı Azərbaycanın işğal olunmuş Qarabağ ərazilərindən talan edilmiş gürzə ilanları hesabına əldə edir:

"Düşmən, həmçinin Azəbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllərin, çayların tükənməsinə və çirklənməsinə səbəb olur. Araz və Kür çaylarının qolları olan Oxçuçay və Ağstafaçayın Ermənistan tərəfindən ən ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaradır. Çay və göl sularının həddindən artıq məişət və kimyəvi maddələrlə çirlənməsi bu sahələrin "ölü zona”ya çevrilməsinə səbəb olur. Bu da həmin sularda yaşayan qiymətli vətəgə əhəmiyyəti olan balıq növlərinin sayının kəskin azalmasına, Beynəlxalq Təbiətin Mühafizəsi Birliyi (IUCN), həmçinin Azərbaycan Respublikasının "Qırmızı Kitabı” siyahısına daxil edilmiş nadir balıq növləri və digər hidro resuslar üçün böyük təhlükədir.

Çox təəssüf ki, bu gün Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yalnız bəşəri dəyərlərə qarşı deyil, təbiətə, onun canlı sərvətlərinə qarşı da törətdiyi bu terrora dünya dövlətləri və ictimaiyəti hələ də susur! Lakin qüdrətli dövlətimiz artıq belə vəhşiliklərə susmayacaq!".