CAN DE Kİ, CAN DA EŞİDƏSƏN - ŞAHNAZ ŞAHİN YAZIR

Şahnaz ŞAHİN
115425 | 2020-07-27 16:53

İnsanlararası və ailədaxili münasibətlər, davranış qaydaları, qarşılıqlı hörmət, ehtiram, sevgi hisslərinin daim nəzarətdə saxlanması məsələləsi hər vaxt məni diqqətli olmağa vadar edib. Borca verilən salamdan, əvəzi güdülən paydan uzaq durmağa çalışmışam. Salamı birinci verməyin, imkansızın qapısını açmağın savab və fəzilətli olmasını valideynlərimdən əxz etmişəm. Özündən böyüklərin hörmətini saxlamağın yollarını öyrənmişəm, cahil danışanda susmağa, gərək olmayınca danışmamağa üstünlük vermişəm. ..Bəzən düzgün anlaşılmasam da hərəkətimin düzgünlüyünə inanmışam, qəlb qırmamağı, kimsəsizə həyan durmağı, əl tutmağı, yıxılanı qaldırmağı, uşaqları, insanları, təbiəti , onun həyat verici elementlərini- suyu, havanı, günəşi, torpağı, küləyi, odu sevməyi vacib hesab edirəm. Ən çətin anlarında gülümsəməyi bacarmaq asan deyil, bilirəm, amma lazımdır, dərdin, kədərin üzünə meydan oxumaq deməkdir bu, mən güclüyəm, bu aşırımı da aşacağam, bacaracağam deməkdir!.. Belə adamlara optimist deyirlər, ən qaranlıq tuneldə olsa belə lap uzaqlardan bir işıq görə bilir belələri. Hər zülmət gecənin bir işıqlı səhəri olduğuna inanır...

...Nədir can? Can hava quşudu, qalmaz bu təndə deyilir "Əsli və Kərəm” dastanında. Yəni bir növ ruh anlamına gəlir. Baxışın can almağı var, candan can vermək var, cana doymaq, candan olmaq, can vermək, can almaq, cana gəlmək, canın sıxılmağı var..


...Çırtma vursan can çıxar,

Can gəlincə can çıxar!..

Arzudan qanad çıxart,

Taxım, yanına gəlim...(Ş.Ş)

Sən elə bilirsən asandı sevmək?!..

Canın çat-çat olar, ah çıxar üzə...

...Sən hələ bilmirsən, bilmirsən sevmək

Dünyadan könüllü əl götürməkdi.

Yarımcan adama yeni can vermək,

Ölüb inandırmaq heç nə deməkdi..!?..(Ş.Ş)

"..Önümü

qəlibə salınmış sevgilər kəsdi, Ustad.

Canımı

ölçülü-biçili adamlar sıxdı..” Ş.Ş ("Darısqallıq həddi” poeması)


Can ana, can vətən deyirik, dilimizdə can sözü ilə bağlı çoxmənalı ifadələr işlənir. Bir qismini yuxarıda sadalamışam, bəzilərini də alt mənası ilə deyim, məsələn, can çəkmək-tənbəlliyi, can bəsləmək-özünə yaxşı qulluq etməyi, can bahası- qan tökərək nəyisə əldə etməyi , can çürütmək- sevmədiyin, istəmədiyin birilə yaşamağı, can qoymaq- birinin yolunda çox əziyyət, zəhmət çəkməyi , canı yanmaq- yaxşılığını istəməyi bildirir. Bir də var can deyib can eşitmək...

Gəlməsin yad bu gözəl gülşənə, canan gəlsin,

Can deyək, can eşidək, can evinə can gəlsin...(S.Rüstəm)

Bizim yaxın və uzaq münasibət qurduğumuz insanlar, ailə üzvlərimiz, qohumlar və dost-tanışlarımız var. Bu gün isə virtual dünyadan tanıyıb qəlbə, ruha yaxın hesab etdiklərimiz də üstəlik. Heç üzünü belə görmədən doğmalaşdıqlarımız,elə yaxın yoldaş, dost kimi hörmət etdiyimiz və bizi də eynən bu cür qəbul edənlər var. Uzaq ya da yaxın, doğma ya da ki, yad olsun, insanlar arası münasibətlərin öz qaydaları, qanunla təsbit olunmayan qanunları, "həddini bilmək” anlayışı vardır. Amma bu məsələdə həddini bilənlərlə yanaşı, həddini aşanlar və ümumiyyətlə həddin nə olduğundan bixəbərlər də var. Hədd daxilində münasibət saxlayan insanlar heç vaxt başqasına zərər verməz, özünü başqasından yüksək hesab etməz, kimsəni təhqirə, əzməyə qalxmaz...Bu cəmiyyətdə həddini aşanlar daha çox rast gəlinir və buna saysız nümunələr göstərmək olar. Əgər həddi aşan kimsə bilərəkdən qarşısındakı şəxsə meydan oxuyursa, hədd anlayışından bixəbər olan bunu mahiyyətə varmadan, sonu düşünmədən, nəticəni fikirləşmədən edir. Bu isə daha pisdir. Hədd gözləyən özünü kiməsə borclu bilirsə, həddi aşan əksini düşünür...Başqasının fikrini doğru olsa belə hesaba almamaq, özünü hamıdan ağıllı, bacarıqlı, düşüncəli hesab etmək çox zaman qarşılıqlı münasibətləri korlaya bilir...

...Etiket qaydaları insanlar arasındakı münasibətlərin tənzimlənməsində böyük rol oynayır. Hər hansı bir qaydanın səhv tətbiqi münasibətləri gərginləşdirə ya da ümumiyyətlə poza bilir. Məsələn,yersiz zarafatlar, müraciət formalarının düzgün seçilməməsi şəxsə ziyan gətirir. ..Çox zaman valideynlər özü də böyüdüb ərsəyə yetirdikləri, müəyyən yaş dövrünə gəlib çatan, artıq öz yetkin fikri, analiz etmə bacarığı, düşüncəsi olan övladını belə hələ də uşaq hesab etdiyi səbəbindən bilmədən incidir. Əlbəttə biz elə ailə dəyəri olan ölkədə yaşayırıq ki, bizdə böyük sözü, məsləhəti vacib və dəyərli hesab olunur. Amma burda da bir hədd mütləq vardır və bu gözlənilməlidir!..

Yadıma Respublikanın Əməkdar Artisti, Bakı KVN yaradıcı üzvü, istedadlı Tahir İmanovun bir tamaşaçının sualını cavablandırması düşdü. Sual təxminən belə idi :

-Sizin babanız indi sizə, gördüyünüz işlərə necə reaksiya verərdi ?

Cavab çox aydın və dəqiq oldu :

-Babam elə sağlığında bizi həmişə dəstəkləyib və son vaxtlarda harasa zəng vuranda özünü "Tahir və Cabir İmanovların babasıyam” deyə təqdim edirdi..

Bax budur böyüklük, budur insana, övlada, dosta, yoldaşa olan dəyər...

Ona da şəxsi təcrübəmdən əminəm ki, sevgi sevgi doğur, qəzəb, nifrət də eynisini...Hörmət, sayğı, diqqət özünü saflaşdırmaya və sevilməyə yoldur. Nə vermisənsə onu da alacaqsan, nə əkmisənsə onu biçəcəksən, aşına tökdüyün bir gün mütləq qaşığına çıxacaq...


...Azalır hər gün hava da,

Quruyur suyum, çörəyim.

Bozarır qanımın rəngi,

Solur binəva ürəyim...

...Dünya kürə şəklindədi,

Yolundan ehtiyatlı ol.

Fırlanıb özünə dəyər,

Oxundan ehtiyatlı ol...Ş.Ş


Və yadda saxlayın ki, verdiyiniz dəyər təkcə o şəxsin deyil, həm də sizin özgüvəninizdi, heç vaxt "çor” dediyiniz adam dönüb sizə "can " deməyəcək..

Can söyləyin ki, can da eşidəsiniz...!

TƏQVİM / ARXİV