adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Iyul 2020 12:07
49297
ƏDƏBİYYAT
A- A+

Varis: “Pandemiya kitab satışını minimuma endirəcək”

Pandemiya digər sahələr kimi kitab bazarına, bu sahədən gəlir əldə edən şəxslərə də təsir edib. Hətta bir çox kitab mağazaları bir müddət bağlı qaldı. Varis Azərbaycanda kitablarından ən çox qazanan yazıçılar sırasındadır. Müəllif adalet.az-a açıqlamasında bildirib ki, pandemiya ona da ciddi təsir edib. Bir sıra əsər və kitablarının nəşri bu səbəbdən təxirə salınıb.

"Mənim kitablarım ölkəmizdə də, ölkə hüdudlarından kənarda da nəşriyyatlar hesabına çıxır, yəni ki, yazıb nəşriyyatlara təhvil verirəm, zəhmət haqqımı alıram, harda, necə satılması daha məni qayğılandırmır. Odur ki, kitab mağazalarının bağlanmasının, bilavasitə mənə təsir etməməsi təəssüratı yaranır. Amma əslində, təsir edir, özü də ciddi. Azərbaycanda "Qırmızı ləçəklər” romanımın təkrar nəşri, Özbəkistanda "Sənə inanıram”, Rusiyada "Qızıl cib saatı” romanlarımın nəşri pandemiya ilə əlaqədar təxirə salındı, təbii ki, bu, ciddi maliyyə itkisi demək oldu mənimçün. Pandemiya bütün sahələrlə yanaşı, kitab bazarını da iflic vəziyyətinə salıb, maddi və mənəvi zərərlər çox böyükdür.”

Yazıçı hesab edir ki, dünyada yaşanan iqtisadi problemlər kitabdan da yan keçməyəcək. Insanlar sürətlə maddiyatlarını itirdikdən sonra kitabla müqayisədə ərzaq və digər qayğılarına pul xərcləməyi üstün tutacaqlar. Bu da kitab satışını minimuma endirəcək.

"Üstəlik, dünyanın üzləşdiyi iqtisadi böhran, insanların sürətlə maddiyatlarını itirmələri postpandemiya dövründə də kəskin surətdə özünü göstərəcək, kitab tirajlarının sürətlə düşəcəyi, kitab satışı həcminin ən aşağı minimumda qərarlaşacağı proqnozlaşdırılır. İnsanlar təbii ki, kitab, yaxud zəruri ərzaq seçimi edəndə ikincini seçəcəklər. Amma hazırda ölkəmizdə sərt karantin rejimimdə yumşalmalar edilən bir zamanda kitab mağazalarının hələ də bağlı qalması da təəssüf doğurur. Əvvəla, insanları elmdən, savaddan, zövqdən, mənəvi qidadan uzaq salmaq düzgün deyil. Hətta onu da nəzərə almırlar ki, kitab mağazalarında onsuz da qələbəliyə rast gəlinməz, zallarda təkəm-seyrək kitabaevərlər olar, orda insanların elə bir yoluxma və yoluxdurma təhlükəsi də yoxdur. Mən Azərbaycanda kitaba münasibətin müsbət səmtə dəyişməsini bilirsiniz, necə arzulayıram?”

Emin Piri