ƏNƏNƏLƏR

İRADƏ TUNCAY
47008 | 2009-03-20 00:13

Bu yazı bir il əvvəl yazılıb. Deyə bilmərəm ki, bu bir il ərzində nəsə böyük qlobal dəyişmələr yaşamışıq. Qlobal böhranı nəzərə almasaq. Bir də ki, iqtisadi inkişaf nazirinin dəyişməsini nəzərə almasaq. Qalan hər şey öz yerindədi, olduğu kimi. Mən də bu yazını yenidən olduğu kimi çap eləmək qərarına gəldim.
   
   Uşaqlığımızın unudulmaz xatirələrindən biri də Sabir babamızın qanımıza, canımıza hopmuş bu misralarıdır":Gəl, gəl, a yaz günləri, ilin əziz günləri". İndi ilin əziz günləridi. Dağda, bağda əriyən qarlar, aşıb-daşan çaylar, tel-tel olan taxıl, yarpağı ləçək-ləçək olub çiçək açmaq istəyən ağaclar yazın gəlişindən xəbər verir. Yaz gəlir, günəşin zəif şüaları yavaş-yavaş ruhumuzu, qəlbimizi isidir. Bizim bu hərarətə çox ehtiyacımız var. Yalnız fəsillərin soyuqluğundan yox, həm də həyatımızı üşüdən nəsnələrin ağırlığından buz bağlamış ürəyimiz istiyə möhtacdır.
   
   Bayram gəlib bizimlə salamlaşdı, axır çərşənbəni də yola saldıq. Bayramın bütün qaydalarına əməl eləsək nə olacaq? Süfrəni bəzəməkdən danışmıram, özünüz hər şeyi yaxşı bilirsiniz. Deyirlər ki, belə günlərdə ancaq yaxşı söhbətlər eləmək lazımdır ki, qulaq falına çıxanlar da xoş söz eşitsinlər. Axır çərşənbə günü bir tanışım bu ümidlə neçə-neçə qapıya yaxınlaşıb - eşitdiyi nə olub: sərhəd bölgələrində atışma, intiharlar, jurnalistin bıçaqlanması, qətllər - qanı qara qayıdıb evə. Mən ona təskinlik verməyə çalışdım. Dedim ki, gərək iqtisadi inkişaf nazirinin qapısına gedəydin. Hər zaman gözəl sözlər danışır (insaf da yaxşı şeydi, dilimizi də öyrənir). Yəqin televizorda öz çıxışlarına baxıb gülməkdən qəşş də edir, həmin gülüşü eşitmək xoş olardı. Tanışım isə mənə cavab verdi ki, nazirlərin evinin yaxınlığından keçmək olur ki, hələ bir qulağını da qapısına dayayasan?! Doğrudan ha, mən bu nüansı nəzərdən qaçırdım. Nə qədər vəzifədədirlər onları bir cür qoruyurlar, işdən çıxıb həbsxanaya düşəndə də bir başqa cür. Bu da bir ənənədi. Ümumiyyətlə isə qapı pusmaya getməyin, eşidəcəyiniz sözlər məlumdu. Məlumdu dedim, amma çox vaxt çox məlumları naməlumluq pərdəsi ilə örtürlər və özlərini elə aparırlar ki, guya heç kəsin xəbəri yoxdu. Var, qardaşım, hamı bilir ki, narazılıq var. Hamı bilir ki, ölkədəki vəziyyəti qarışdırmaqda maraqlı qüvvələr var. Narazılıq artdıqca bu qüvvələrin də qüvvəsi artır. Hamı bilir ki, hamı yalan danışır. O tərəf də, bu tərəf də. Bu da bir ənənədi.
   
   Ənənəvi bayram şənliklərini qeyd etdiyimiz bu günlərdə neçə-neçə sənət, ədəbiyyat fədailərinin də doğum günləridir. Mənə həmişə maraqlı gəlib ki, bu qədər adam Novruz bayramında doğulub, amma görünür, əvvəllər heç kimin doğum tarixini dəqiq bilmədiklərindən hər kəsin təvəllüdünü həmin bayram günlərinə aid edirlərmiş, ənənəvi olaraq. Cəfər Cabbarlı, Mehdi Hüseyn, Şəhriyar, Əli Kərim, Abbasmirzə Şərifzadə, Lütfəli Abdullayev, Əliağa Ağayev, Yusif Vəliyevin də doğum günləri bu bayrama təsadüf edir. Və Səməd Vurğun...
   
   Bu günlərdə Aybəniz xanım (şairin qızı) telefon açır və bayram tədbirləri ilə əlaqədar bizi də dəvət edir. Mən Aybəniz xanımı çox gözəl anlayıram, o neçə illərdi davam edən bir ənənəni yaşatmaq əzmindədir. Amma...
   
   
   
    Bakının dərdi var, Bakı xəstədir,
   
    Könül intizarda, göz yol üstədir...
   
    Soyuq divarlarda güllə nişanı,
   
    Didir parçalayır, insan insanı.
   
    Burda döngələrin yeri darısqal,
   
    Oturmuş palanın üstündə hambal,
   
    Dərin fikirlərə qərq olmuş yazıq.
   
    Dincəlmək istəyir o da azacıq.
   
    Şahların qızdığı qorxunc bir zaman
   
    Atıb külfətini gəlmiş İrandan;
   
    Bir çörək puludur onun arzusu,
   
    Bulanmış hambalın gözlərində su.
   
    Alının qatları qırış-qırışdır,
   
    Onun gözlərində bahar da qışdır...
   
    Bükülmüş belinin donqarı vardır
   
    Onun barmaqları qabar-qabardır;
   
    Görünür ovcunda kəndir izləri,
   
    Cırıq şalvarından çıxmış dizləri.
   
    Başında bir kirli, bir əski təsək,
   
    Dünyadan qazancı bir budur desək,
   
    Tarix utanmazmı yaratdığından?
   
   
   
    Deyəsən indi bu mənzərə ənənəyə çevrilir axı...
   
    Doğrusunu desəm, bu ənənə sözü qulaqlarımı qıdıqlayır. Amma nə qədər çərçivə və adətlərdən qaçsaq da, nə qədər inkarçı olsaq da hər birimizin bağımlısı olduğumuz, vaz keçə bilmədiyimiz vərdişlərimiz var. Ətrafımızı saran adi gündəlik məişət qayğılarından tutmuş böyük, qlobal, taleyüklü məsələlərə qədər. Deyək ki, biz işığımızın sönməyinə, suyun kəsilməyinə vərdiş edirik və bu vərdişlər deyəsən adət halına keçir. Çox qəribədir, sıravi insanların mövcud olması üçün norma sayılacaq atributlar bizim üçün əlçatmaz nəyəsə çevrilib. Bu vərdişdi, ya adət deyə bilmərəm. Amma adını nə qoyursan-qoy, bizlər normalardan, qanunlardan uzaq hər nə varsa, ona tez öyrəşirik. Haqqımız-hüququmuz tapdanır, öyrəşirik, eşitdiyimiz yalanlara öyrəşirik, yediyimiz-içdiyimiz zəhərə öyrəşirik, ətrafımız çəpərlənə-çəpərlənə gedir, çəpərlərə öyrəşirik. Bir də gözümüzü açıb görəcəyik ki, bir dar cığırla gedib-gəlirik, buna da öyrəşəcəyik. Bu vərdişdi, adətdi, ya ənənədi?
   
   Məsələn, deyim ki, elə bu ay məmləkətin işıq sistemində baş vermiş qəza ucbatından evimizdə elektriklə işləyən nə varsa sıradan çıxıb - qapı zəngindən tutmuş, telefondan, işıq lampalarından tutmuş soyuducuya, televizora, kombilərə qədər. Evdə adam olmasaydı bəlkə ev yana da bilərdi. Normal halda kimsə bunun təzminatını ödəməlidir, ya yox? Amma heç özümüzü yormuruq, çünki mənası yoxdur. Bax, bu da ənənədi. Yəqin həmin yarımstansiyada işığı tənzimləyənlərin heç müvafiq təhsili də yoxdu. Bəlkə dünənəcən hardasa idman müəllimi işləyirmiş, amma indi hansısa qohumuna görə camaatın işığını ona tapşırıblar. O da sözün bütün mənalarında yandırır. Ənənəvi olaraq.
   
   Biz dünyanın bir parçasıyıq, dünyaya inteqrasiya edirik. Özü də bu inteqrasiya deyəsən çox sürətlə gedir, gecələr küçələrə çıxanlar bunun fərqindədirlər. Əvvəllər utanıb gizlətməyə çalışdığımız qüsurumu deyim, xəstəliyimi deyim, açıq-aşkar göstəririk. Bu gün demokratiyanın bizim məmləkətə gəlişinin ən bariz göstərgəsi nədi - Seçkilər? Düşüncə özgürlüyü? Vicdan azadlığı? Yox! Əksəriyyətiniz açıq-açığına deməsə də ürəyinizdə fikirləşirsiniz ki, belə deyil. İnsan haqları çox qorunduğu üçün indi mavi olduqlarını gizlətmək istəmirlər. Bizim hüquq anlayışımız bura qədərdi. Belə qızğın təbliğat ki, düşünülmüş şəkildə bizim kütləvi informasiya vasitələrində gedir - ailələrimizdə böyüyən oğlan uşaqları üçün çox qorxuludu. Mən qorxuram ki, sabah kişi olmaq insan hüquqlarına zidd bir şey kimi yozulsun. Ola bilər mən də köhnə fikirliyəm, adətlərə, vərdişlərə bağlı adamam. Ancaq biz dünyadan, qərbdən niyə ancaq bunu öyrənirik? Köhnə bazara təzə nırx qoyuruqsa, bu nırxın bizə uyub-uymayacağını niyə öyrənmək istəmirik. Onlardan öyrənəcəyimiz çox şeylər var. Görünür tarix boyu dövlətimiz, ordumuz olmadığındandır ki, biz dövlət simvollarına hörmətlə, sevgiylə yanaşa bilmirik. Uniformaya, paqona qorxuyla yox, sayğıyla yanaşa bilmirik. Bütün dünyada yalnız cinayətkarlar polisə yan baxırlar. Hər hansı bir ailəni tərpətsən onun ailə üzvlərindən, yaxın qohumlarından kimsə polisdə işləyir. Özü də çox əzab-əziyyətlə çalışır, səhər tezdən evdən çıxırlar, gecə ikidə evə qayıda bilsələr evdə təəccüblənirlər ki, nə tez gəlmisən. Qışın soyuğunda, yayın istisində yollara düzlən, canilərin dalınca qaç, nəsə bir hadisə baş veribsə, təşkilat da arxanda durmayacaq. Bunu da bilməlisən, çiynində daşıdığın paqonların qiyməti yoxdu - çünki cinayətini sübut etdiyin adamların havadarları dövlət anlayışından çox-çox yuxarıdadırlar. O qədər yuxarıdadırlar ki, taladıqları məmləkətin qanunlarını özləri bildiyi kimi işlədirlər. Bütün dünyada polisin böyük səlahiyyətləri var. Polisə müqavimət göstərmək, silah çəkmək ən böyük cinayət sayılır, çünki polis əslində dövlətin özü deməkdir, dövlətin simasıdır.
   
   Mən xatırlayıram 7-8 il əvvəl Türkiyədə Genel Kurmay başqanı olmuş general Doğan Gürəşin oğlunu barda xuliqanlıq etdiyinə görə türk polisi döyə-döyə əmniyyətə aparmışdı. Ya da Amerikada Corc Buşun qızını polis cərimələmişdi. Yaşı çatmadığı halda barda içki içdiyinə görə. Burda belə bir vaqeəni təsəvvürünüzə gətirə bilirsinizmi? Əslində biz dünyadan bunları öyrənməliyik. Qanuna riayət eləməyi -istisnasız, filansız. Belə ənənələr yaranmalıdır. Biz polisi adam döymək yox, asayiş simvoluna çevrilmək ənənəsini yaratmalıyıq. Onları hörmətsiz etməklə yalnız və yalnız cinayətkarlar qazanacaq.
   
   Köhnələri unuduruq, yenilərini isə yarada bilmirik. Əlbəttə, unutmalı olduğumuz çox şeylər var. Yaltaqlıq, yalaqlıq, özümüzdən bir pillə yuxarıda oturanların qarşısında ikiqat əyilmək, unutqanlıq, milli sərvətlərə sayğısızlıq və sairə və sairə... Özümüzdə yeni yaratdığımız vərdişlər olmalıdır. Hər kəsin fikrinə hörmətlə yanaşmaq. Seçki mədəniyyəti, danışdığımız sözə qiymət vermək. Nəyi qoruya biləcəyik, nəyi yaradacağıq, onu zaman göstərəcək. Bu hərəkətlərimizdən isə bizim qloballaşan dünyada var ola bilmək məsələmiz asılı olacaq.
   
   Seçki ilində olduğumuz üçün baxırsan ki, cürbəcür qruplaşmalar, bloklar fəallaşıb. Bizim məmləkətdə müəyyən regionların nümayəndələrinin qruplaşması ənənəsi mövcuddur. Amma əqidə, ruh birləşməsi ənənəsini yaratmalıyıq. Bütün dəyişmələr də əqidə birliyi ilə gələcək. Hər kəs öz işi ilə məşğul olsa - polis asayişi qorusa, ordu vətəni görünən müdaxilədən , o biri təşkilat görünməyən müdaxilədən qorusa, dövlət aparatı sosial məsələləri çevik həll eləmək ənənələri yaratsa başqa ölkələr kimi biz də insan kimi yaşamağa adət edəcəyik.
   
   Ənənəvi Novruz bayramını qeyd edirik. Keçən illərdən öyrəncəliyik, bir-iki pullu kişi yetim uşaqlara üç corab, dörd qoğal, beş şokolad aparır, dalınca beş-altı televiziya kanalı gedir, onun da dalınca həmin kişilərin boynundan "El atası" medalını asırlar. A başına dönüm, bu millətin nə qədər el atası var? Bu medalı kim təsis edib onunla işim yoxdu, amma hər yetimxanaya şokolad aparan bizim el atamız olsa, biz dönüb olacağıq bic bala. Əgər belə bir iddianız varsa, ildə bir savadlı, istedadlı, amma imkansız uşağı öz hesabınıza göndərin oxumağa. Özü də bunu televizorda göstərmək lazım deyil. Bəndələr onsuz da hər şeyi tez unudur, Allahın da televizora baxmağa vaxtı yoxdur. Həmin uşaqlar oxuyub millətə xidmət edəndə sizin necə ata olduğunuz onsuz da bilinəcək. Belə ənənələri yaşatmaq lazımdır. Amma qapı pusmaq kimi ənənələri unudun getsin. Elə ürəyinizdə niyyət tutun, televizorun düyməsini basın, eşitdiyiniz ilk söz olsun sizin qulaq falınız. Bayramınız mübarək!
   
   

TƏQVİM / ARXİV