adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Iyul 2020 21:44
15816
GÜNDƏM
A- A+

Ağdamda son gecəm...

23 iyul 1993-cü il, artıq günorta saatlarından şəhərdə həyat demək olar ki, dayanıb. Bütün idarə, müəssisələr, hətta Polis Şöbəsi, MTN-in binasının da qapıları bağlı, köçüb gediblər. Yalnız növbədə olan iki telefonçu xanım, intensiv artilleriya zərbələri altında iş başındadır. Paytaxtdan gələn zənglər səngimir. Hamısı dözməyi, tezliklə kömək gələcəyi vədləri verirlər. Kömək isə… 40 gündən artıq Ağdamın müdafiəsini qəhrəmancasına təşkil edən polkovnik Talib Məmmədovun hərbi qüvvələri bir neçə gün qabaq Surət Hüseynovun əmri ilə cəbhə xəttindən uzaqlaşdırılıb, əvəzində 709-cu briqadanın hərbiçiləri yerləşdirilib. Onlar da elə birinci döyüşdən sonra mövqeləri qoyub qaçıblar. Şəhər bir neçə istiqamətdən yerli sakinlər və ağır vəziyyətdə olan şəhəri müdafiə etmək üçün qayıdan, arxaya çıxarılmış bir qrup döyüşçülər tərəfindən müdafiə olunur.

Bərabər olmayan döyüşdə bu qəhrəman oğulların uzun müddət dayana biləcəyi inandırıcı görünmür. Milli Məslisin sədri Rəsul Quliyev, "bir az da dözün, indi rus vertolyotları köməyə gələcək" vədləri ilə bizi ümidləndirsə də, nəticə görünmür. Şəhərdə az-çox qalan sakinlər də ümidsizliklə evlərini tək edirlər... Kömək isə gəlmir.

Saat 01:00 radələri. Şəhərin işıqları tamamilə sönüb, qaranlığa qərq olub. Şəhər bomboşdu. Ermənilər şəhəri fasilələrlə artilleriya atəşinə tutur. İcra Hakimiyyətinin binasında otağımda tək şam işığında oturmuşam. Sürücüm Eldar isə aşağıda maşının yanındadı. Surət Hüseynovun "qəhrəman" əsgərləri bir neçə gün əvvəl qaçıb gediblər. Bu günlər ərzində şəhərin müdafiəsi bir qrup yerli döyüşçünün ümidinə qəlıb. Gün ərzində paytaxtdan vəd edilən "köməkdən" xəbər yoxdu. Güya kömək göndərmək istəyirlər, amma Surətin adamları yolu bağlayıb, imkan vermir. Əslində heç kömək olacağına da inanmıram. Qarabağda müharibə, Bakıda kreslo davası gedir.

Artıq Bakı ilə rabitə əlaqəsi də kəsilib, yalançı vədləri də eşitmirik. Rabitə şöbəsinin sonuncu qalan iki telefonçu qızlarını da bir neçə saat əvvəl sürücüm Eldar şəhərdən təhlükəsiz yerə çıxarıb. Ara-sıra Muradbəyli, Əhmədavar, Seyiddi, Qiyaslı istiqamətlərində müdafiə olunan yerli döyüşçülər, hələ ki düşmən qabağında dayandıqları barədə gəlib məlumat verirlər. Muradbəyli istiqamətində düşmən qabağında dayanan batalyonun komandir əvəzi, Fred Asifin qardaşı Ədalət gəlir, yanındada videokameralı bir nəfərlə. "Bayaqdan şəhəri gəzirəm, nə polis, nə KQB, nə hərbi prokurorluqda bir nəfər də qalmayıb. Hamısı qaçıblar. Bizim uşaqlar dedilər ki, İcra Hakimiyyətində təkcə sən qalmısan. Gəldim görək nə edək" - deyir. Ağdamın işğal oluna biləcəyi təhlükəsi başımı o qədər qarışdırıb ki, Ədalətə nə cavab verdiyimi bu gün də xatırlamıram. Bircə yadımda qalan onlarla pillələri aşağı düşüb, maşında olan ratsiya ilə, Əfətlinin kolxoz sədrindən heç olmasa hərbi briqadanın yerində olub-olmadığını soruşduğumdu.

Ədalət Asifin batalyonunun hələ Muradbəyli istiqamətində düşmənin qabağını kəsdiyini, amma güc nisbətinə görə uzun müddət kömək olmasa çətin dayanacaqlarını bildirir. Mən ona bacardıqları qədər dayanmağı və briqadaya kömək dalınca gedəcəyimi deyirəm.

Saat 2 radələri... Hərbi briqadanın qərargahında ruh düşkünlü əsgər üzləri, kombriq polkovnik Talib Məmmədov köməksiz bir vəziyyətdə əlləri ilə başını tutub stola söykənib. Qərargah rəisi Əliyev familyalı mayor məni görən kimi, "Rüstəm müəllim, heyf Ağdamı itirdik" - deyir. Mən şəhərdən gəldiyimi, şəhərin hələ yerli döyüşçulərin bir qrupu tərəfindən müdafiə olunduğunu bildirəndə Talib müəllim dik atıldı və məni qucaqlayaraq "doğrudan hələ şəhərə ermənilər girə bilməyib?", "davay getdik... - deyir.

Talib müəllim şəhərin müfafiə olunan istiqamətlərini bir neçə saat ərzində yoxlayandan sonra hələ yarım sutka da saxlamağa gücümüz çatacaq, amma kömək olmasa...

Səhəri diri gözlərlə açırıq. Saat təxminən 6, ya 7-i olar, Pensionerlər bağında üzümə su vururam. Sürücü Eldar adəti üzrə soyuqqanlılıqla maşına söykənib səmaya baxır… 9 -dan keçib, İcra Hakimiyyətinin qarşısına maşın yaxınlaşır, şəhər icra nümayəndəsi Zülfi Qasımovla, bankın müdiri, atamın yaxın dostu Gündüz Axundov gəlir.

Zülfi müəllim "səsini ratsiyadan eşitdik gəldik" - deyir. Bir neçə dəqiqədən sonra Gündüz müəllimi yola salırıq, bütün təkidlərimə baxmayaraq, Zülfü müəllim mənim yanımda qalır...

Saat 10 radələri, şəhərə intensiv artilleriya hücumları başlayır, Eldar, Zülfi müəllim və mən artıq fərqinə varmadan sığınacaq axtarmırıq. Sanki hamımızın damarlarında qanımız donub. Artıq nələrin baş verəcəyi heç umurumuzda belə deyil. Sanki Allahın ümidiylə bu bəladan xilas olacağımıza inanırıq. Ürəyimizin dərinliyində ümid, kömək gözləyirik...

Paytaxtla əlaqə saxlamaqa çalışırıq. Rabitə şöbəsinin rəisini ratsiya ilə tapıb, təcili əlaqə yaratması ilə bağlı şəhərə gəlməsini tələb edirəm. O, "sürücüm qorxur, gələ bilmir, Sarıcalıdayam, gəlin məni götürin" - deyir. Sarıcalı kəndi şəhərin təxminən 5 km-dədi, onu götürüb şəhərə qayıdırıq. Ermənilərin intensiv artilleriya atəşləri daha da güclənib. 20 Yanvar küşəsi ilə Rabitə şöbəsinə yaxınlaşdığımız vaxtda, kinoteatra düşən raketin qəlpələri üstümüzə səpələnir. Geri qayıdırıq və yenə də hansısa inanmayacağımız, ümidlərimizin də qırıldığı bir vaxtda, yenə də nəyəsə ümidlənirik. Düşünürəm ki, mənim xalqım bu ağır günümüzdə bizə dayaq olacaq... Ən azından köməklik göstərməyə çalışacaq. "Xalqın" isə başı kreslo, hakimiyyət davasına qarışmışdı... Qarabağ onlar üçün əhəmiyyət kəsb eləmirdu... Ən azından digər bölgələrimizin təhlükəsizliyini təmin etmək üçün Ağdamı qorumalıydıq... Qoruya bilmədik... Vətəndaş olaraq kömək gözlədik ...

Kömək isə olmadı... Və məğlubiyyətimizinn "təməli" qoyuldu...

P.S. Bir dəfə Stepanakertdə (Xankəndində) yerləşən hərbi komendaturanın 49-cu dviziyasının komandanı ilə söhbət edirdik. (erməniləri sevmirdi, bizə həmin vaxtlar çox köməkliklər etmişdi) General dedi ki , bu müharibədə iki əsas açar məntəqə var. Əsgəranı alsanız müharibəni siz, Ağdamı versəniz ermənilər udacaqlar...

P.P.S. Heç yadımdan çıxmır, 22 iyul axşam saat təxminən 19-20 radələri idi. Ağdam Milli Təhlükəsizlik şöbəsinin əməkdaşı Nadir Əliyev (ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını verdilər) çox pərişan bir vəziyyətdə yanıma gəldi. Dedi ki, Seydli-Qiyaslı istiqamətində 20-25 nəfər yerli uşaqlarla ermənilərin qabağında dayanıblar. Bakıdan kömək olacağını soruşdu. Dedim ki, Nadir, çətin ki... Gözləri yaşardı, ayağa qalxdı və " eybi yox, qoy kömək eləməsinlər, narahat olma, hələ ki dayanmışıq, ermənilər şəhərə ancaq mənim meyidimin üstündən keçib girə biləcəklər. Özünü qoru, mən səni cox istəyirəm" - deyib məni qucaqlayıb getdi.

Sonra eşitdim ki, dediyi kimi Nadir son nəfəsinə kimi döyüşüb, şəhid olandan sonra ermənilər o istiqamətdən şəhərə giriblər.

Müharibə dövründə minlərlə oğullarımızın qəhrəmancasına şəhid olmasının şahidi olmuşam. Amma onun qəzəbdən nəmlənmiş gözlərini heç yadımdan çıxara bilmirəm...


Rüstəm HACIYEV