adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Iyul 2020 15:55
51469
GÜNDƏM
A- A+

İŞĞALA BİR HƏFTƏ QALMIŞ - Asəf Quliyev yazır

Onun ölüm müəmması bu gün də açılmayıb...

Həbsi də müəmmalı olmuşdu.

Yaqub Rzayev.

Kimisi onu Qatır Məmməd, kimisi Ala Yaqub, kimisi də sadəcə qəbir daşı düzəldən Yaqub kimi tanıyırdı. Məni isə onu Yaqub bəy kimi tanıdım.

Azərbaycan Xalq Cəbhəsi yaranmağa başlayanda nə qədər qəribə də olsa, Ağdamda proseslər bütövlükdə Azərbaycanda gedən prosesləri qabaqlamışdı. 1989-cu ilin əvvəlində artıq Ağdamda mükəmməl struktura malik təşkilat formalaşmışdı. AXC Ağdam rayon şöbəsi. Təşkilata mərhum Eldar bəy Bağırov rəhbərlik edirdi. Sağdan-soldan, yuxarıdan-aşağıdan təzyiqlər olsa da, Eldar Bağırovun avtoriteti və təşkilatın hədəfləri zərbələri neytrallaşdırırdı.

Elə ilk günlərdən bu hərəkata qoşulanlardan biri də Yaqub Rzayev idi. Mən də onu ilk dəfə burada tanımışdım. AXC Ağdam Rayon Şöbəsində.

Kifayət qədər cəsarətli olması və erməni yaşayış məntəqələri yerləşən əraziləri yaxşı tanıdığına görə AXC Ağdam Rayon Şöbəsində təhlükəsizlik məsələlərinə o rəhbərlik edirdi. Müəyyən vaxt keçdikdən sonra Yaqub Rzayev AXC-dən ayrıldı.



O könüllülərdən ibarət "Qarabağ şahinləri” adlandırılan batalyonu yaratdı. 1992-ci ilin əvvəlindən Yaqub Rzayevin könüllüləri aktiv döyüş əməliyyatlarında iştirak edirdi. Uğursuz Daşaltı əməliyyatından və Şuşaya uçan vertolyotun vurulmasından sonra 1992-ci ilin 31 yanvarında təşkil olunan qisas əməliyyatında da onun batalyonu əsas zərbə qüvvələrindən biri idi. Xocalı hadisələri baş verməmişdən əvvəl Əsgəran keçidini açmaq üçün lokal əməliyyatlar keçirsə də, buna nail ola bilməmişdi. Faciədən bir neçə gün əvvəl Ağdamdakı bütün könüllü batalyonların rəhbərlərinin iştirakı ilə əldə olunan razılıqda o da iştirak edir və Əsgəran keçidini açmaq üçün birgə əməliyyat keçirmək qərara alınır. Lakin Bakının (əslində Kremlin) müdaxiləsi ilə bu əməliyyat təxirə salınır və iki gün sonra faciə baş verir. Faciə gecəsi Yaqub Rzayev döyüşçüləri ilə birlikdə ilk köməyə gedənlərdən olur. Ağır döyüşlər keçirir, batalyon şəhidlər verir.



Şəhidlərdən biri də Yaqub Rzayevin oğlu, milli qəhrəman Canpolad Rzayev olur...

AXC hakimiyyətə gələndən sonra Yaqub Rzayev əsas istiqamətlərdən birində müdafiəyə cavabdeh komandir kimi xidmətini davam etdirirdi.

1992-ci ildə milli qəhrəmanlar Allahverdi Bağırov və Şirin Mirzəyev müəmmalı şəkildə minaya düşərək həlak oldu. Bu itkilər sözsüz ki, Ağdamın müdafiəsində müəyyən boşluqlar yaratdı. Müharibənin ən həlledici dönəmində Ağdamın müdafiəsində Allahverdi Bağırov və Şirin Mirzəyevdən sonra Faiq Baxşəliyev, Asif Məhərrəmov, Ərşad Nadiov və Yaqub Rzayev mühüm fiqurlar hesab edilirdi. Çünki Ağdamda xüsusi çəkiləri vardı.


Yaqub Rzayev həlledici məqamda həbs edildi. Hakimiyyətdə olan AXC funksionerləri ilə fikirləri üst-üstə düşməyən Yaqub Rzayev əvvəlcə DİN tərəfindən xuliqanlıq maddəsi ilə həbs edildi, daha sonra Hərbi Prokurorluq onu işinə yeyinti maddəsini də əlavə etdi...



1993-cü ilin yayında Asif Məhərrəmov ağır xəstəliklə Bakıda xəstəxanaya yerləşdirildi. Ağdama olan hücumlar səngimədiyi bir vaxtda Yaqub Rzayevin işi məhkəməyə göndərildi. Amma o, məhkəmə qarşısına çıxa bilmədi. 1993-cü ilin 16 iyulunda həbsxanada müəmmalı şəkildə vəfat etdi. Tibbi ekspertiza diaqnozuna görə ürək çatışmazlığından. İşğala bir həftə qalmış...

İşğala bir gün qalmış isə Ərşad Nadirov şəhid oldu. 19 könüllü döyüşçü ilə birlikdə...