adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Iyul 2020 09:37
36975
SİYASƏT
A- A+

GURLAŞAN ÜMİD İŞIĞI

Məlum olduğu kimi, iki gün öncə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Mərasim Bakı şəhərinin Xətai rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin ölkə Prezidentinə və Birinci xanıma verdiyi bilgilərdən sonra geniş tərkibdə, yəni şəhid ailələrinin, veteranların iştirakı ilə keçirilib. Öncədən deyək ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, eləcə də konstitusion quruluşumuzun qorunmasında canlarını əsirgəməyən, sağlamlığını itirən ayrı-ayrı vətəndaşlarımıza 62 mənzil verilibdi. Nazirin vurğuladığı kimi, həmin mənzillərin 42-si Qarabağ müharibəsi əlillərinin, 20-si isə şəhid ailələrinin nümayəndələrinə təqdim olunub. Eləcə də statistikaya müraciət edən Sahil Babayev vurğulayıb ki, bu günə qədər hamısı iki otaqlı olan mənzillərdən 8018-i şəhid və müharibə veteranları ailələrinə təqdim olunub. Ötən il 634 mənzil, eləcə də 304 fərdi ev də tikilib istifadəyə verilibdi. Bu il isə 700 mənzil və 800 fərdi evin tikilməsi nəzərdə tutulub. Sevindirici haldır ki, ilin əvvəlindən bu günə qədər 430 mənzil məhz həmin şəhid və veteran ailələrinə təqdim edilibdi. Eləcə də 2018-ci ildə 265, 2019-cu ildə 600, hazırda isə 50 avtomobil də daxil olmaqla ümumilikdə 150 avtomobil müharibə əlillərinə təmənnasız bağışlanıbdı. Cari ildə isə bütövlükdə müharibə əlillərinə 400 "Khazar XL” markalı maşın hədiyyə olunubdu. Ümumiyyətlə isə müharibə əlillərinə bu günə qədər 6900 avtomobil bağışlanıbdı.

Ölkə həyatında şəhid və müharibə veteranlarının özəl yeri var. Onlar təkcə öz yaşadıqları ərazidə, təmsil olunduqları kollektivlərdə deyil, eləcə də ölkənin bütün həyatında həmişə uca tutulur və xalqımız da həmişə onlarla fəxr edir. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva müharibə veteranlarına, şəhid ailələrinə xüsusi diqqət yetirir, onların həyat şəraitləri demək olar ki, zaman-zaman yaxşılaşdırılır, müasirləşdirilir. Məhz Azərbaycan rəhbərliyinin döyüşmüş, canını Vətən yolunda fəda etmiş, sağlamlığını itirmiş insanlara, onların ailə üzvlərinə olan diqqəti bu gün digər məmurlara bir real nümunədir. Üstəlik, şəhid və müharibə veteranlarının ailələrinin müraciətləri də həmişə diqqət mərkəzində saxlanılır. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bütün görüşlərində, bütün çıxışlarında bu insanlara özəl diqqətin vacibliyini xüsusi vurğulayırlar.

İki gün öncə keçirilən təqdimetmə mərasimində çıxış edən Azərbaycan prezidenti cənab İlham Əliyev iştirakçılara müraciətlə bildirmişdi ki, "Əziz dostlar, bu gün sizin həyatınızda çox əlamətdar bir gündür. Siz dövlət tərəfindən mənzillərlə təmin edilirsiniz. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Mən indi sizin yeni yaşayış yerinizlə tanış olmuşam. Çox gözəl təəssürat bağışlayır, müasir standarlara cavab verən ev tikilibdir, mənzillər də çox genişdir və tam təmirlidir. Yəni, sadəcə olaraq, mebeli gətirib yaşamaq mümkün olacaqdır. Bu, dövlətin sizə növbəti diqqətinin təzahürüdür.”

Bu müraciətdən də göründüyü ki, ölkə Prezidenti hər dəfə təqdimetmə mərasimlərində yaradılmış, tikilmiş şəraitlə, evlərlə şəxsən tanış olur, öncə özü və Birinci xanım Mehriban Əliyeva istifadəyə verilən mənzillərin keyfiyyətini real vəziyyətini gözdən keçirirlər. Onların zamanın tələblərinə uyğun olub-olmamasını yoxlayırlar. Deməli, bu da Ali Baş Komandanın şəhid və veteran ailələrinə olan böyük sayğısının daha bir göstəricisidir. Həmin tədbirdə prezident cənab İlham Əliyev vurğulamışdı ki, "bu gün mənə təqdim edilən məlumat onu göstərir ki, sosial sahədə çox böyük işlər görülür. Bildiyiniz kimi, şəhid ailələrinin müavinəti 20 faiz artırılıb, 250 manatdan 300 manata çatdırılıb.”

Bax, bu fikirlər onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti insanların təkcə mənzil şəraitini deyil, həm də onların maddi durumunun da müəyyən qədər yaxşılaşdırılması üçün qətiyyətli addımlar atılmasının davamlı olmasını istəyir. Ona görə də cənab Prezident vurğulayır ki, "pensiyaların artırılması – bu il pensiyalar orta hesabla 27 faiz, orta əmək haqqı 25 faiz artıb. Bütün bunlar bizim siyasətimizi göstərir. Əlbəttə ki, sosial sahədə digər önəmli layihələr də icra edilir. Özünü məşğulluq proqramı – insanlara iman yaradır ki, onlar öz ailələrini dolandıra bilsinlər və dövlətin yardımından asılı olmasınlar. Bu il bu işlərə 12 min insan cəlb olunacaq, 90 min insan ödənişli iş yerləri ilə təmin ediləcək. Mən açıq deyirəm ki, ictimai iş yerləri o iş yerləridir ki, onlarsız da ölkə inkişaf edə bilər. Biz, sadəcə olaraq, insanlar üçün şərait yaradırıq ki, pul qazansınlar və heç olmasa, aztəminatlı təbəqə minimum əməkhaqqı səviyyəsində vəsait əldə etsin.”

Diqqətinizə təqdim etdiyim bu iqtibasdan da aydın olduğu kimi, ölkə rəhbərliyi bütün rıçaqları işə salaraq çalışır ki, dünyanı bürümüş pandemiya şəraitində, maddi durumu aşağı olan, eləcə də aztəminatlı ailələr müəyyən stimullara istinad edə bilsinlər. Bax, bu yaradılan şərait də elə həmin stimullara hesablanıbdı. Bununla adamlar Prezidentimizin də dediyi kimi, minimum əmək haqqı səviyyəsində imkanlara qovuşmuş olurlar.

Bakının Xətai rayonunda keçirilən təqdimat mərasimində Prezidentimiz fikirlərini söyləyərkən, insanların qəlbində ümid işığı yanır. Bu ümid işığını yandıran da məhz ölkə rəhbərliyidir. İnanırıq ki, o işıq daha da gur olacaqdır.

Əbülfət MƏDƏTOĞLU

Baş redaktorun birinci müavini, Əməkdar jurnalist, Prezident təqaüdçüsü