adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Iyul 2020 09:56
35620
MƏMLƏKƏT
A- A+

Hərbi jurnalistikanın durumu necədir? – MÜNASİBƏT

Bu gün Azərbaycan mətbuatının 145 yaşı tamam olur. İxtisaslaşmış medianın durumu bizdə necədir?

Məsələn, hərbi jurnalistika. Müharibə şəraitində olduğumuzu nəzərə alsaq hərbi jurnalistikanın nə qədər həyati əhəmiyyət daşıdığını söyləməyə ehtiyac yoxdur.

Cəbhədə gərginlik zamanı bəzi jurnalistlərin hərbi jurnalistikadan məlumatsızlığı həm dezinformasiyaların yayılmasına, həm də əleyhimizə işləyə bilir.

Hərbi jurnalist Səxavət Məmməd ixtisaslaşmanın çox zəif olduğunu bildirir. Hətta şou müxbirləri hərbi bilikləri olmamağına baxmayaraq cəbhə bölgəsinə göndərilir. Belədə dezinformasiylar yayılır.

"145 illik jurnalistikamızın yüzlərlə problemləri var. Bunlardan ən birincisi də ixtisaslaşmanın olmamasıdır. Azərbaycan mətbuatında ixtisaslaşmış çox az sayda jurnalist var. Azərbaycan müharibə şəraitində yaşayır, ancaq müharibə, konflikt jurnalistikası demək olar ki, bir neçə nəfərin çiynində dayanıb. Bəzən elə bilirlər ki, döyüşlərin baş verdiyi əraziyə ancaq ürəkli jurnalistlər getməlidir. Tamamilə yalnış fikirdir. Nəinki döyüşlərin baş verdiyi əraziyə, yanğın yerinə, sel basmış əraziyə də ixtisaslaşmış jurnalistlər getməlidir. Dünyada mitinqə ən təcrübəli, ixtisalaşmış jurnalisti göndərirlər, bizdə bu peşəyə təzə gələni. Rusiyada, Türkiyədə və ümumiyyətlə götürdükdə, dünyada ixtisaslaşmamış jurnalistləri müharibənin baş verdiyi yerə buraxmırlar. Məsələ təkcə yazmaqda, çəkməkdə deyil. Bu məsələdə ilk iş sağ qalmağı bacarmaqdır. Beynəlxalq konvensiyalara görə əsirlər 3 kateqoriyaya ayrılır - hərbi, mülki və casuslar. Müharibə şəraitində işləyən jurnalistlər məhz casus kateqoriyasına aitdir və onlarla casuslar kimi davranırlar. Sual edirəm, Azərbaycanda hansı mətbu orqanda cəbhə bölgəsinə gedəcək jurnalistin hazır çantası var? Xaricdə döyüş bölgəsinə, yanğın yerinə, zəlzələ baş vermiş əraziyə kaskasız, zirehli gödəkçəsiz jurnalisti buraxmırlar. Hansı redaksiyada bu var? Heç birində!

Tovuzda baş verən döyüşlərə gələk. Orda ixtisaslaşmış neçə jurnalist görə bildiniz? Ümumiyyətlə, jurnalistlərin işləməsinə normal icazə verildi? Tovuzda baş verən döyüşləri işıqlandırmaq üçün hər sahədən yazan jurnalisti orda görə bildik. İdmandan, şou biznesə qədər. Yadıma gəlir, Xızı ərazisində hərbi baza partlamışdı. Partlayışlar davam edə-edə əraziyə girmişdim. Ərazidən çıxanda qarşıma bir neçə şou müxbiri çıxdı. Xahiş elədilər, hətta pul təklif etdilər ki, onlara şəkil verim, satım. Burda əsas günahı jurnalistdən daha çox redaktorda görürəm. Adama deyərlər, şou muxbirini hansı ağılla göndərmisən partlayış baş vermiş əraziyə? Hər sahənin spesifik xüsusiyyəti var. Hər gördüyünü, eşitdiyini, sosial şəbəkələrdə yazılanları xəbərə çevirən jurnalist döyüş bölgəsində də gördüyünü, əminəm ki, görə bilməyəcək, daha çox eşitdiyini xəbərə çevirəcək. Bu isə saysız dezinformasiyaların yayılmasına səbəb olacaq. Bunun acısını hər dəfə çəkirik. Bir misal çəkim. Aprel döyüşləri vaxtı, yanğınsöndürən maşınlar cəbhəyə lap yaxın kəndlərə göndərilirdi. Məndən bir neçə metr qarşıda bir jurnalist redaksiyasına zəng edib, xəbər veridi ki, ermənilər hansısa kəndi bombalayıb, evlər yanır, çoxlu sayda yanğınsöndürən maşın getdi. Elə onun yanında zəng edib, məsələni dəqiqləşdirdim, dedilər, bəs hər ehtimala, hər kəndə bir yanğınsöndürən göndəririk ki, yanğın baş verərsə, anında reaksiya verə bilək. Utana-utana zəng edib, xəbəri sildirdi. Bu cür halların baş verməməsi üçün ixtisaslaşma şərtdir. İxtisas üçün ciddi kurslar təşkil edilməli, pul yemək üçün layihələr yox, son dərəcə ciddi kruslar təşkil edilməli və ixtisaslaşmış jurnalistlərin işləməsi üçün də şərait yaradılmalıdır. Yoxsa, hər hadisədən sonra eyni şeyləri müzakirə etməli olacağıq...”

Hərbi jurnalist, blogger Elgün Gəncimsoy hesab edir ki, hərbi jurnalist ilk növbədə əsgər, vətəndaş olmağı bacarmalıdır.

"İxtisaslaşmış sahələrdə çatışmazlıq var. Müharibə vəziyyətində olduğumuzu da nəzərə alsaq hərbi jurnalistikada vəziyyət qənaətbəxş deyil. Həm baza baxımından, həm də kadr baxımdan. Sosial şəbəkələr, internet media hazırda daha çox oxunur. Ona görə də bu sahədə bloggerlik, sosial fəaliyyət önəmlidir. Burada barmaqla sayıla biləcək adları qeyd etmək olar. Misalçün, qeyd etmək olar Tofiq Şahmuradovu, Rəşad Süleymanovu, Anar Şuşalını və adını indi çəkmədiyim digərləri. Onlar sosial mediada da dezinformasiyaların qarşısını alır, həqiqətləri xalqa çatdırır. Bu sahədə təlimlər görmək gərəkdir ki, bizə də an yaxın olan təlim mərkəzləri Türkiyədə idi. "Anadolu agentliyi”nin yaratdığı `savaş muhabirliyi` var idi.

Çox şükür ki, bizdə hazırda istər baza baxımdan, istər keyfiyyətli təlimlər baxımdan fərqlənən konflikt jurnalistikası məktəbi var. 9 ay təlim keçirlər. Burda təlim alanlar mediada çalışanlar, jurnalistikanın son kursunda oxuyanlardır. Amma müraciət edənlər azdır. Ya da təlim keçənlərin hərbi bilikləri azlıq təşkil edir. Hərbi strategiyaları, rütbələri, hansı rütbəlilərin nəyə cavabdeh olduğunu, döyüş gedən bölgələri yaxşı tanımalısan. İstər düşmən tərəfdən, istər Azərbaycan tərəfdən. Dezinformasiyaları müyyənləşdirməyi bacarmılasan.

Televiziyaların cəbhə müxbirlərinin fəaliyyətini xüsusi qiymətləndirərdim. Onların bir çoxu on ildən çoxdur ki, Qarabağ bölgəsində fəaliyyət göstərir. Informasiyalarda nəyin nə olduğunu bilir. Misalçün, bu sıradan Habil Aslanoğlunu,Teymur Zahidoğlunu, Şöhrət Eyvazovu, Şamxal Adıgözəlovu qeyd etmək olar.

Hərbi jurnalistika elə bir şeydir ki, burda jurnalistikanın bəzi qaydalarını pozmalısan. Məsələn, mən Suriyada reportaj hazırlayıramsa, bir ərəb digər ərəbi rusun silahı ilə öldürürsə bunun mənə aididyyatı yoxdur, gördüyümü yazıb, çəkməliyəm. Mən bu mövzunu Azərbaycanda tətbiq edə bilmərəm. Hərbi jurnalist azərbaycançılıq, vətəndaş mövqeyi ilə yanaşmalıdır. Düşmən necə bizə qarşı təxribat aparırsa, biz də onlara qarşı hərbi jurnalistikada savaşmalıyıq. Bu xarakter bir çoxunda yoxdur.

Məsələn, mediada bir ingilis kursunu, təlimini keçmiş birinin beyni elə yuyulur ki, azərbaycanlının əleyhinə material yaya bilir. Ümid edirəm daha peşəkar jurnalistlər yetişəcək və Müdafiə Nazirliyinin mətbuat xidmətini tək qoymayacaqlar. Hərbi jurnalist ilk növbədə vətəndaş, əsgər olmalıdır, sonra jurnalist. Əksi olsa biz bu sahədə uducacağıq. "


Emin Piri