adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
21 Iyul 2020 11:28
24938
GÜNDƏM
A- A+

Kirakosyan nə deməkdir - İlqar Əlifoğlu yazır

1976-cı ildə İranda işləyirdim. Tərcüməçilər SSRİ-nin müxtəlif yerlərindən gəlmişdilər. Müqaviləmiz İran ordusu ilə idi; 12 evtikmə zavodu inşa etməli idik. Bir erməni də vardı aramızda - Manuçer Kirakosyan. Pis oğlan deyildi, amma, farsı bir az zəif idi. Ordunun Baş qərargahında qeydiyyata düşməyə gedəndə, buna qayıtdım ki, familyanı başqa cür de, ayıbdır. Dedi, niyə ayıb olur? Gördüm ki, dünyadan xəbəri yoxdur, daha dinmədim. 

Nə isə... Otağa girdik, bir sərhəng -polkovnik oturmuşdu, ad-familimizi dəftərə qeyd edirdi. Mən dedim, uşaqlar bir-bir dedi, növbə çatdı, Manuçerə, ucadan, şəstlə qayıtdı ki, Manuçer Kirakosyan. Kişi bunu eşidəndə, əvvəlcə, qulaqlarına inanmadı, eynəyini çıxarıb, bir də soruşdu: "Necə yəni?". Manuçer kefini pozmayıb, bir az da ucadan dedi: "Manuçer Kirakosyan!". Polkovnik başa düşdü ki, dəqiq eşidib, hamımızdan üzr istəyib, otaqdan çıxdı. Beş dəqiqədən sonra general Qarabağı ilə qayıtdı, oğlandan bir də ad-familini soruşdu, eyni şözləri eşitdi, çiynini çəkib, yazıq-yazıq timsar Qarabağıyə sual dilu gözlərilə baxdı. Kişi furajkasını çıxarıb, başını qaşıdı, bir xeyli susdu, sonra da, yaz dedi, bizə nə var, özü deyir də; yəqin şah Abbasdan sonra olub bunların adqoyması... O vaxtdan, hər dəfə Qarabağı ilə görüşəndə, kişi gülməyini zorla saxlayırdı.

Bu əhvalat, əslində çox gülməlidir - mən 35 ildir gülürəm, amma, oxucuların xatirini deyim ki, onlar da gülməli olduğunu anlasın - fars dilində "kir" kişinin, "kos" isə, üzrlü sayın, qadının cinsiyyət üzvünə deyirlər... Manuçer başına haranın daşını tökdü, bilmirəm, amma bizim uşaqlar onun familiyasını axıra kimi, öz dilimizdə çağırdılar...