ƏDALƏT VƏ MƏRHƏMƏT

İRADƏ TUNCAY
52640 | 2009-02-14 00:59

Mən indi yaddaşımdakı çox xırdalıqları silkələmək istəyirəm. İstəyirəm anlatmağa çalışım. Anlatmağa çalışım ki, hər insan bir planetdi - öz orbiti, öz peykləri, öz mikromühiti ilə. Planet orbitini dəyişsə nə ola bilər, məlum. Bəs insan necə? Dünənə qədər danışan-gülən, yeyən-içən, gəzən-dolaşan insan. Canını tapşırıb ancaq maddələrdən ibarət kütləyə dönəndə ətrafdakı peyklər nə olsunlar? Hansı cazibənin arxasınca getsinlər?
   
   ... Yalançı, saxta mərhəməti qəbul etmirdi. Çox həssas idi. Səsdəki azacıq dəyişməni həmən anlayırdı. Kimin nəyə görə nə dediyini kimsənin üz-göz ifadəsini görmədən anlayırdı. "Görmədən" deyirəm - amma indi fikirləşirəm ki, o, bizim çoxumuzdan daha yaxşı görürdü. Çox gözlülərin görmədiklərini görürdü. "Kor" sözündən də zəndeyi-zəhləsi gedirdi.
   
   Onu əhatə edən mikromühitdə ən çox istifadə etdiyi cihazlar - radio, maqnitofon, diktafon, telefon... Fon... Yəni səs.
   
   Bizim tanışlığımız da səs vasitəsi ilə olmuşdu. Televiziya verilişlərimə qulaq asmış, telefonumu öyrənib mənə zəng eləmişdi. Və məni ilk öncə heyrətləndirən o olmuşdu ki, ən xırda nüansları da yadında saxlamışdı. Özünü təqdim edəndə "Məni tanıyırsınızmı?"- dedi. Kiçicik pauzadan sonra səsi xatırladım. Meydan hərəkatını, yanvar hadisələrini, "Azadlıq" radiosundakı səsi xatırladım. "Tanıyıram" -dedim və bir il əvvələ qədərki uzun-uzadı telefon söhbətlərimiz başladı. Biz nədən danışırdıq? Demək olar ki, hər şeydən. O qədər gözəl mütaliəsi, o qədər fenomenal yaddaşı var idi ki. Fəlsəfənin, ədəbiyyatın, tarixin, siyasətin, iqtisadiyyatın gözəl bilicisi idi. Bütün bunları barmaqları ilə Brayl əlifbasında oxumuşdu. Sürgün illərindən, cavan anasının ölümündən, atasının vəfatından sonra 15 yaşında tək qalmağından, təhsil almağından, ailəsindən, oğlundan danışırdı. "Bütün bunları niyə yazmırsınız?"- deyə soruşanda "Yazacam" deyirdi. "Qoy kompüter məsələsini həll edim". Sən demə, görməyən adamlar üçün də kompüter var imiş, amma ala bilmədi. Şikayətlənməyi sevməzdi. Amma xatırlayıram ki, bəzən keçmiş dostlarının ona soyuq münasibətindən gileylənərdi. İndi fikirləşirəm ki, xalq hərəkatı dediyimiz hadisələr haqqında o qədər həqiqətlər bilib gizlədirdi ki, danışsa bu gün özlərini "imam övladı" kimi qələmə verənlər gərək ölkədən çıxaydılar. Ondan istifadə edib öz işlərini həll edənlər də çox olmuşdu. O qədər böyük ruhu vardı ki, özü köməyə möhtackən nə qədər insanlara dayaq olmuşdu.
   
   ... Yazını hazırlarkən bəzi faktları dəqiqləşdirmək üçün xanımına telefon elədim. Əslində onun bütün zəhmətini çəkən, elmi məqalələrinin yazılmasından tutmuş ən kiçik istəklərinin təmin olunmasına qədər hər şeyi öz boynuna götürmüş fədakar qadına.
   
   - Siz zəng edəndə elə bildim sağdı - deyir kövrələ-kövrələ. Çox hadisələri xatırlayır. - 20 yanvarda evimiz ştab idi elə bil. Evdə o qədər adam olurdu ki. Oğlum da körpə idi, günümüz mətbəxdə keçirdi.
   
   Səsindən qəhərləndiyini, danışa bilmədiyini duyuram. Sonuncu parlament seçkilərində özünün yazdığı avtobioqrafiyanı göndərir mənə. Oxuyuram, hər rəqəmin, hər cümlənin arxasında ağır insan taleyi var. Birinci sözdən sona qədər: "Məmmədov Mehdi Mirzə oğlu 1952-ci il iyunun 15-də Qazaxıstan Respublikasının Cambul vilayətində əslən Hacıqabul rayonunun Meyniman kəndindən olan 1937-ci ildə Stalin repressiyaları zamanı həbs edilərək ömürlük sürgünə göndərilmiş Məmmədov Mirzə Yarməmməd oğlunun ailəsində dünyaya gəlmişdir. 1956-cı ildə bəraət verildikdən sonra ailə vətənə qayıtmışdır. 1976-cı ildə BDU-nun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirərək 1977-ci il yanvarın 20-dən BDU-nun tarix fakültəsində işləyir. 1988-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
   
   1971-76-cı illərdə BDU tələbələri arasında Demokratik Gənclər Hərəkatında aktiv iştirak etmişdir. 1988-ci ilin noyabrında Bakıda başlanmış geniş xalq hərəkatı haqqında ilk dəfə olaraq "BBC", "Azadlıq" və "Amerikanın səsi" kimi ümumdünya informasiya mərkəzlərinə obyektiv informasiya verilməsi işini təşkil edərək ona başçılıq etmişdir. 1989-cu ilin iyun ayından etibarən Bakıda başlanmış və 1990-cı ilin yanvarın 20-nə qədər davam edən bütün küçə yürüşləri və mitinqlər haqqında ilk məlumat məhz Məmmədov Mehdi Mirzə oğlunun səyi nəticəsində Dünya İnformasiya Mərkəzlərinə çatdırılmışdır. Bu fəaliyyətinə görə cəzalandırılaraq tələbə auditoriyasında dərs deməkdən məhrum edilmişdir. 1990-cı il yanvarın 20-də rus qoşunlarının Bakıya daxil olaraq dinc əhaliyə divan tutduğu zaman, respublika informasiya vasitələrinin işləmədiyi bir vaxtda Bakı Beynəlxalq Telefon Stansiyasında üç nəfər həmkarı ilə birlikdə Bakı şəhərində baş verən qanlı hadisələr haqqında xarici informasiya vasitələrinə birbaşa reportajlar verərək dünya ictimaiyyətinin diqqətini Bakıda baş verən hadisələrə cəlb etmişdir. Yanvar hadisələri ilə əlaqədar olaraq kütləvi həbslər keçirildiyi və insanların yoxa çıxdığı bir şəraitdə Məmmədov Mehdi Mirzə oğlunun təşəbbüsü ilə böyük qazax şairi Oljas Süleymenov 1990-cı il yanvarın 24-də Bakıya dəvət olunur. Yanvarın 25-də yenə onun təklifi ilə "20 Yanvar" cəmiyyəti təsis edilir və dünya ictimaiyyətinə bəyan olunur. 1990-cı il fevralın 12-də Azərbaycan deputat korpusuna kömək məqsədilə Moskvaya gedərək başqa respublikalardan olan deputatlar arasında aktiv izahat işi aparır, onları Bakıda baş verən qanlı cinayəti ifşa edən sənədlərlə tanış edir. Həmin ilin mart ayının 20-də Oljas Süleymenovun köməyi ilə həyat yoldaşı ilə birlikdə ABŞ-a gedir və Bakıda baş verən kütləvi qırğını əks etdirən audio-video materialların ABŞ-ın NBC, SBS, CNN kimi televiziya kanallarında ilk dəfə nümayiş etdirilməsinə nail olur. Amerika Konqresi yanında "Helsinki Voice" təşkilatının təşəbbüsü ilə təşkil olunan mətbuat konfransında konqresmen Maykl Oks və senator Mudi ilə birlikdə Amerika və dünya ictimaiyyətini xalqımızın böyük şairi Xəlil Rza Ulutürkü və başqalarını müdafiə etməyə çağırır. ABŞ-dan qayıtdıqdan sonra 1990-cı ilin iyulunda Xəlil Rza Ulutürkün və başqalarının həbsdə saxlanılmasına etiraz əlaməti olaraq Bakı şəhəri və respublikanın bir sıra rayonlarında aclıq aksiyaları təşkil edərək ona başçılıq edir. 1990-cı ildə Ali Sovetə seçkilərdə 66 saylı Qızıl Şərq dairəsindən deputat seçilərək rəsmən təsdiq edilməsinə baxmayaraq, o zamankı MSK tərəfindən heç bir əsas gətirilmədən deputat mandatından məhrum edilir. 1992-ci ildə "20 Yanvar" qəzetinin redaktoru Səlim Həqqi qətlə yetirildikdən sonra isə qəzetin baş redaktoru olur.
   
   1993-cü ildə Beynəlxalq İnsan Hüquqları Müdafiə Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin yaradılmasında fəal iştirak edərək cəmiyyət sədrinin birinci müavini seçilir. Cəmiyyətin köməyi ilə respublikada onlarla siyasi məhbus azadlığa buraxılmışdır. 1995-ci ildə "Vahid" Bank, "Xəyal" Bank kimi maliyyə qurumlarında əhalinin külli miqdarda pul vəsaitinin mənimsənildiyi zaman Məmmədov Mehdi Mirzə oğlunun Respublika Prokurorluğu ilə birlikdə fəaliyyəti nəticəsində on minə qədər aztəminatlı və xəstəliyi olan vətəndaşların pulu özünə qaytarılır.
   
   Məmmədov Mehdi Mirzə oğlunun sədr olduğu "FMİQ" ictimai birliyi yüzlərlə Azərbaycan vətəndaşının pensiya hüquqlarının bərpa olunmasına nail olmuşdur. Hazırda Məmmədov Mehdi Mirzə oğlu BDU-nun baş elmi işçisidir, evlidir, bir övladı var".
   
   Bunları oxuyuram və sətirlər arasında öz söhbətləri gəlir qulağıma. Aclıqdan, soyuqdan danışır, gözünün ağrımağından danışır, atasının onu müalicəyə apara bilməməsindən danışır. Mərhəmətsiz, ədalətsiz insanlardan danışır. Bəlkə ona görə öz seçki platformasına deviz kimi "Ədalət olmasa, mərhəmət olmaz" şüarını seçib? Ədalət və mərhəmət. Görünür, bizim həyatımızın ən böyük qıtlığı elə budur.
   
   
   
   ***
   
   - Mən dünən radioda bir verilişə qulaq asdım və bu qərara gəldim ki, əsl türklər elə bizik.
   
   - Elə niyə, Mehdi müəllim?
   
   - Qədim türklərdən danışırdılar, deyir türklər xəstə, zəlil, qoca adamları aparıb atırlarmış bir səhralığa ki, ölsünlər. Görürsən, bu ənənələri necə yaşadırıq? Amma deyək ki, bu gün bizim kimilərin hamısını güllələsinlər, mən razı, bəs sabah bir qəzadan yenə kiminsə şikəst olmayacağına kim qarantiya verə bilər?
   
   - Təbii, heç kim.
   
   - Bilirsənmi, bir tanışım vardı, əvvəllər hiss edirdim ki, mənimlə çox böyük-böyük danışırdı, əda ilə danışırdı, göylə gedirdi. Sonra eşitdim ki, şəkərdən gözləri tutulub.
   
   - Olur belə şeylər, Mehdi müəllim.
   
   - Mənim dediyim də budur da. Bu gün köməyə ehtiyacı olanlara əl uzatmaq lazımdı. Belə şeylər hər kəsin başına gələ bilər.
   
   ***
   
   
   
   Fiziki qüsurları olan insanlara yardım üçün proqram hazırlamışdı və qeyri-hökumət təşkilatı yaratmaq istəyirdi. Onu təsdiq etdirmək üçün nə qədər qapılar döymüşdü, döydüyü qapılardan da naümid qayıtmışdı. Amma çox əzmli idi, yorulmurdu. Deyirdi ki, "mən öz haqqımı qoruya bilərəm. Allah bu ağlı, savadı, məntiqi verib mənə. Ancaq nə qədər zəlil var ki, onların əli heç hara çatmır". Bəzən ağlının, savadının ona ağırlıq verdiyini hiss edirdim. Bunları realizə edə bilməməyin ağırlığını. Bəzən də deyirdi:
   
   - Fikirləşirəm ki, mən səndən daha şanslıyam, İradə xanım. Sənin gözünlə gördüyün idbarlığı mən görmürəm.
   
   Bəlkə də haqlı idi. Gözümüz görə-görə bizə baxıb qulağını çəkənləri seyr eləmək nə qədər xoş ola bilər ki... Cəmiyyətimiz xəstə, zəif, zəlil adamların qənimidi. Bu həşəratların içində abrını saxlaya-saxlaya yaşamaq da çox çətindi.
   
   ... Tarixdən, tarixin önəmli insanlarından danışmağı sevirdi. Homeri, Rudəkini, Yan Jıjkanı misal çəkirdi. Görməyən insanlar və bizdən daha çox görən insanlar. Yadımdadır, verilişlərimin vaxtını ona deyəndə mən "qulaq asarsız" deyirdim, o isə "baxaram" deyirdi. Və həqiqətən baxırdı. O qədər işıqlı bir insan idi ki. Öz dibinə işıq sala bilməyən çıraq kimi.
   
   Ölümündən üç ay əvvəl idi gərək ki. Rəhmətə getmiş bir həmkarı ilə bağlı mənə zəng elədi:
   
   - Gözəl bir insanı itirmişik. Qəzetlərdə xırda bir nekroloq da vermirlər. Yenə kor Mehdi düşüb ortalığa. İndi nəsə hazırlamışıq burda, çap edərsinizmi?
   
   - Əlbəttə,- dedim, - göndərin.
   
   (Əsəbindən özünə kor Mehdi dedi. Yazımın əvvəlində qeyd eləmişdim ki, "kor" sözündən acığı gəlirdi. Zəhləsi gedən adamlara deyirdi kor). Amma öz təqaüdü ilə bağlı iş yerində onu əməlli incitmişdilər. (Mən incitmişdi deyirəm, əslində təhqir etmişdilər. Səlahiyyətli məmur ona demişdi ki, özün korsan, məni də infarkt edəcəksən). Bir də sona qədər inanırdı ki, kiminsə yadına düşəcək, onu yüksək, lap yüksək təqaüdə təqdim edəcəklər. Olmadı. Onun yarada bildiyi əlaqələrlə özlərinə siyasi karyera quranlar, pul-para qazananlar heç vaxt onu yada salmadılar. İndi gəl bu cəmiyyətdən ədalət və mərhəmət gözlə.
   
   Sonuncu dəfə ötən ilin yanvarında danışdıq. Gur, dolğun səsi çox zəifləmişdi, xırıldayırdı. Amma yenə ölkədə olub-keçənlərlə bağlı fikirlərini dedi. Çox incitmək istəmədim. "Bir az özümə gəlim, danışarıq" -dedi. Amma xanımı əvvəldən vəziyyəti mənə anlatmışdı. Son günlərini yaşayırdı.
   
   İndi bir ildən sonra xanımı ilə danışanda bəzi təfərrüatları da öyrənirəm. Çox şeylərdən danışırıq. "Məndən narazı getmədi - deyir - axıra qədər Allah atana rəhmət eləsin - deyirdi. Canını tapşıra bilmirdi, dedim bəlkə kimisə gözləyir. Soruşdum ki, Cümşüdü çağıraqmı? (Cümşüd Nuriyevi - red.) Başını tərpətdi, dost idilər. Cümşüd gəldi, əlindən tutdu, bir az sonra hər şey bitdi".
   
   ... Hər şey bitdi, onun üçün bitdi. Bəs bizim üçün? Ədalət olmasa, mərhəmət olmaz - deyirdi. Bu ədalətsiz və mərhəmətsiz dünyada bir il də belə keçdi...
   
   

TƏQVİM / ARXİV