adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
16 Iyul 2021 09:57
91877
MƏDƏNİYYƏT
A- A+

Xalq artisti Mirzə Babayevin doğum günüdür: "Düşürsən yadıma"...

Estrada musiqimizin korifeylərindən biri, sevimli sənətkar, xalq artisti Mirzə Babayevin ad günüdür.
 
Adalet.az xəbər verir ki, M.Babayev 1913-cü ildə Bakı şəhərində dünyaya gəlib. O, ilk təhsilini M. Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində alıb. Mirzə Babayev Bakıda ("Nizami” muzeyi) və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. Estradanın çevik, həyatsevər, səmimi sənətkarı müğənnilik fəaliyyətinə müharibədən qayıdan zaman – görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.
 
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. O, "Limanda”, "Saçlarına gül düzüm”, "Uzaq yaşıl ada”, "Kəpənək”, "Bahar sənsiz”, "Bir axşam”, "Dayan, zaman”, "Gəlmədi”, "Kimlər gəldi, kimlər getdi”, "Möcüzələr adası”, "Naxçıvanım”, "Çiçək kimi”, "Tanqo”, "Axı niyə danırsan?” kimi gözəl mahnıların ifaçısıdır.. Korifey sənətkar ifa etdiyi mahnılara öz möhürünü vurmuşdur.
 
 Hətta bir dəfə Qarabağın ucqar kəndlərindən birinə, zəhmətkeşlər qarşısında konsert verməyə gedib. Tamaşaçıların arasından bir ağsaqqal çıxıb deyib: “Əgər “Kəpənək” mahnısını oxumayacaqsansa, camaatı konsertə buraxaq”. Mirzə gülüb, razılaşıb. Uzun zaman adamlar yaşlı-başlı kişinin kəpənək dalınca qaçmasını qəbul edə bilmir, mahnının əsl mahiyyətini anlamayıb onu lağa qoyurdular.
 
 
 
İxtisasca arxitektor olan Mirzə Babayev "Dərviş Parisi partladır” "Qorxma, mən səninləyəm”, "İşarəni dənizdən gözləyin”, "Bəyin oğurlanması”, "Dəli Kür” və s. filmlərdə unudulmaz obrazlar yaratmışdır. Hərtərəfli istedada malik Mirzə Babayev, eləcə də 30-dan artıq filmdə yaddaqalan obrazlar yaradıb.
M. Babayev Əməkdar artist, Xalq artisti, iki dəfə "Humay” mükafatı laureatına adına layiq görülüb.
 
 Maraqlıdır ki, Mirzə Babayev müharibədə iştirak edib. Rostovda döyüşüb, müharibədən leytenant rütbəsi və orden-medallarla qayıdıb.
 
Həyat yoldaşı əslən şuşalı Güllü xanım vaxtsız rəhmətə gedib. Mirzə onu o qədər çox sevirmiş ki, ondan sonra evlənməyib. Amma 65 illik ailəlikdən onların bir qızı, bir oğlu olub -  Cabbar - (oğluna atası Əbdül Cabbarın adını qoyub) və Aneliya. 
 
M, Babayev  89 yaşında balıqdan zəhərlənir və Bakı Dövlət Universitetinin qarşısında konsert verərkən, səhnədə huşunu itirib yıxılır. Müalicə alıb sağalsa da, artıq əvvəlki adam deyildi. Çox keçmir ki, görkəmli sənətkar 2003-cü il yanvarın 13-də vəfat edib.
 
Əntiqə Rəşid