İKİ SEVGİ

İRADƏ TUNCAY
54586 | 2009-01-17 01:00

Üç-dörd gün bundan əvvəl iş telefonuma zəng gəldi, TV kanalların birindən. Çox ədəb-ərkanla danışan gənc qız səsi idi. Dedi ki, sizi proqrama dəvət eləmək istəyirik. Soruşdum nə proqram? Dedi və mən təbii ki, təəccübləndim - oynamaq bilmirəm, oxumaq bilmirəm. Dedim, xeyir ola, qızım, mövzunuz nədi? Dedi ki, "qadın yazarlar"... Hmm, yaxşı mövzudu, amma TV-lər müğənnilərin monopoliyası olduğundan yazarın proqrama nə dəxli olacaq? Ayrı qonaqlarınız kimdi - deyə soruşuram. Qızcığaz cavablandırır və mən o adamlardan yalnızca birini tanıyıram. Yox, deyirəm, vaxtım yoxdu. Bir-iki dəfə həmin müğənninin proqramına baxmışdım və xatırlayıram ki, bütün TV-lərə zəng edib, bütün proqramlarda çıxış etmək istəyən bir şairciyəzə dil çıxarırdı həmin xanım. Nə isə, səhər işə bir az gec getməyi qərarlaşdırıram və indiki cavanlar demiş, "mırta" həmin proqramı seyr edirəm. Nə görürəm, təbii ki, həmişə gördüklərimizi, yəni toyxana. Efirə də bir-iki şerdən, poemadan yazan zəng vurur, müğənni xanımın gözəlliyini tərifləyir və görkəmli sənət nümunələrindən, yəni öz yaradıcılıqlarından parçalar təqdim edirlər. Təxminən belə:
   
   
   
   Gözlərimdən yaş axır,
   
   Pəncərədən quş baxır,
   
   Göydə ildırım çaxır və s.
   
   
   
   Və, və "qadın yazarlar" mövzusu öz efir həllini tapmış olur. Bütün mövzular kimi. Mənə maraqlıdır ki, bizim qüdrətli efirimizə bizi belə kütbeyin göstərmək xüsusi olaraq tapşırılıb, ya özləri belə qərara gəliblər? Ədəbiyyata, yazıya, sözə aid mövzuları niyə ömründə bir kitab oxumamış, qəzet səhifəsi açmamış, adını doğru-düzgün yazmağı bacarmayan adamlara tapşırırlar? Bizim hörmətli millət vəkilləri, deyəsən, səslərini qaldırmaqda gecikiblər axı, mətbuat bu barədə neçə ildi yazır. Hə, gəldik əsas məsələyə - Mətbuat! TV-lər üçün mətbuat nəsə üçüncü-dördüncü "sort" bir şeydi. Deyək ki, bizim balaca məmləkətdə gündəlik çıxan qəzetlərin, heç olmasa, on beşinin öz oxucusu və həm də ağıllı oxucusu var. Bu qəzetlərin özlərinin yazarları və həm də istedadlı yazarları var. Müxtəlif sahələrdə ixtisaslaşmış olanları da çoxdur. Deməli, bizim balaca məmləkət üçün çox sayıla biləcək TV kanallarında hər hansı cəhətdən axsama varsa, mətbuat ona kömək ola bilər. Yəni bu məmləkətdə ağıllı adamların suyu qurumayıb. Amma bizə göstərdikləri nədi? "Qadın yazarlar" mövzusu mövzusunda toyxana. Qardaşım, bu millətin yazmaq məsələsi heç vaxt problem olmayıb. Eləcə də qadın yazarlar. Folkloru doğru-düzgün araşdırsalar, nə qədər bayatının, eydirmələrin, əmək nəğmələrinin müəllifi qadın olduğu bilinəcək. Yazılı ədəbiyyatda da gərək ki, XII əsrdən bu yana yazar qadınlar məlumdur. Bəs onda niyə belə bir mövzu gözəllər gözəli müğənninin proqramında müzakirə olunur? Və niyə dəxli olmayan adamlarla müzakirə olunur? Ən azından götürüb qəzetləri vərəqləmək mümkündü və məmləkətdə var olan qələmlərdən xəbərdar olmaq mümkündü. Amma TV-lər və mətbuat iki düşmən cəbhə kimi qarşı-qarşıya durub. Hər iki cəbhənin cinahlarını yaxından tanıyan "əsgər" kimi deyə bilərəm ki, TV-lərdə savad, bilik, məlumat dairəsi çox məhduddu. Köhnə nəsil bir sinif kimi ləğv olunub, yeni nəsil də kimdən öyrənəcək və yaxud da öyrənmək istəyindədimi? Hətta titrlərdə gedən elementar orfoqrafiya səhvlərini düzəldə biləcək, buna nəzarət edə biləcək adamlar yox dərəcəsindədir. Belə çıxır ki, reklamlardan milyon qazanan TV-lər bir redaktora pul xərcləmək istəmirlər. Nələrinə lazım, elə belə də keçir də. İndi deyə bilərlər ki, qəzetlərdə belə problemlər yoxdumu? Təbii ki, var, amma birincisi, qəzetlərin pul qazanmaq ehtimalı sıfır dərəcəsindədir, həm auditoriyası kiçikdir, həm də vizual imkanları aşağıdır. Təxminən bir həftədi xalqın əsas müzakirə etdiyi məsələ nədi, bilirsiniz? Təbii ki... İşıq, qaz, su, işsizlik? Yox, yox, ay balam! TV-də bir saat vaxtı çox kremli pirojnaya oxşayan xalq artistinin yataq otağına həsr eləmişdilər, millət də baxıb özünə gələ bilmir. Özü də bu proqramı elə bir TV verir ki, guya yüksək mənəvi-əxlaqi dəyərlərə söykənir. Və guya başqa ölkədəki rejimin (bilirsiniz hansı rejimin) burdakı nümayəndələridi. Mən fikirləşirəm ki, bizim evimizi elə həmin ölkədən gəlmiş filmlər yıxdı. Nə vaxt ki, videomaqnitofonlar evlərə ayaq açdı və millət gün ərzində dörd-beş düşük filmə baxa-baxa öz dəyərlərini unutmağa başladı. Balaca-balaca qız uşaqları bu filmlərdən nümunə götürüb barların daimi sakinlərinə çevrildilər. Evində oğlan uşağı böyüdənlər bilirlər, indi başımıza bəla olan bu bar qızları həmin dövrün yetirmələridi. Ona görə də bu gün alnına döyüş yazan oğlanlardan biri ən baxımlı vaxtda "ərə necə getmək lazımdı - bakirəmi, ya başqa cür" məsələsini müzakirə edir. Millətin dərdinə bax ey... Kim necə bacarır eləcə də gedəcək də, day bunu müzakirə eləməyin nə yeri. Millətin vəkil elədiyi xanımların bütün bu problemləri həll etməyə gücü çatacaqmı? Kişilərin pozub alt-üst etdiyi dəyərləri yerbəyer eləməyə gücü çatacaqmı? Məndən olsa, ümumiyyətlə, bütün TV-lərin rəhbərlərini qadınlarla əvəzləyərdim. İnanın ki, çox şey dəyişərdi. Ən azından qadınların öz əlinin altındakı işçilərə girişmək faktları demək olar ki, yoxdu və onda efirə buraxılan aparıcıların, oxuma-oynama yarışlarındakı seçmə prinsipləri də başqa cür ola bilərdi. Düşünürsünüz ki, yoxdu rəhbərlikdə təmsil oluna biləcək qadınlar? Var, əzizlərim. Axtarıb tapan yoxdu. TV-lərdə gördüyünüz yataq otaqlarına aldanmayın, qadın yazarları müzakirə edənlərə də baxmayın. Əgər bu gün bütün önəmli nöqtələrdə oturanlar kişilərdisə və bu məsələni ciddi şəkildə rəsmi tribunadan qadın deputatlar gündəmə gətirirsə, hər halda bu, nəyinsə göstəricisidi. Bizim gələcəyimiz çox böyük təhlükə altındadı. Və həmin təhlükənin ən böyük mənbəyi də TV-lərdi. Çünki sevimli xalqımız virtual xalqdı - oxuyub-öyrənmək istəmir, baxıb öyrənir. Baxdığı, gördüyü də nədi? İndi mənə özəl TV-lərin özlərini saxlamaq üçün nə etdiyi barədə nağıllar danışmaq lazım deyil, Aydan gəlməmişəm. Balaca bir ölkədə yaşayırıq, hər hansı bir quruma özəl qanunlar tətbiq eləmək olar. Deyək ki, kanallar liderindəki totuş-motuş oğlana üç-dörd ildən qalma boyat yarışmaları göstərmək üçün şərait yaradırlarsa, eləcə də müxtəlif şirkətlərə göstəriş eləmək olar ki, taleyüklü məsələlərdən bəhs edən proqramlara sponsorluq etsinlər. Rusiyada bu prinsip uğurla tətbiq olunur. Bizdə mümkün deyil? O qədər pulları havayı sovururlar ki... Bu, tarixi həqiqətdi ki, bəzən dövlətsiz də xalqların, millətlərin mövcudiyyəti davam edə bilir. Amma xalqsız, millətsiz dövlət olmur. Bizim başbilənlərimiz sabah hansı toplumun böyükləri olacaqlar?
   
   Əslində bu məsələ həm TV-lərdə, həm də mətbuatda ciddi polemika mövzusudur. Hələlik isə görünən budur ki, heç nə görünmür (yəni TV-lərdə), mətbuatda isə ciddi imzalar susurlar. Yəni burda da belə bir prinsip işləyir ki, "birdən nəsə deyib-eləyərəm TV-lər mənə qadağa qoyar". Qoysunlar da. Onsuz da bir gün çıxış eləməyə adam tapmayanda düz yola qayıtmaq ehtimalı da var. Yeni üzlər, yeni simalar arayıb-axtarmaq ehtimalı da var. Yoxsa eyni sifətlərdi, hansı düyməni bassan ordan boylanır. Bir gün sponsorlar da bezər yəqin... yataq otaqlarını göstərməkdən.
   
   ... Bizə öz cındır filmlərini sırıyan qonşularımızın xəbər proqramlarının aparıcılarını görmüsünüz? Hamısı məşhur qəzet yazarlarıdı. Yəni özünün deməyə sözü olmayan adamın ciddi proqramlarda yeri yoxdu. Deyək ki, orda TV-lər böyük holdinqlərə məxsusdu və bu holdinqərin də öz TV-ləri, öz qəzetləri var. Həmin o yazarların da həm TV-də, həm də qəzetdə çıxış eləmək imkanı var. Yəni həm hüququdu, həm də borcu. Bizdə necə? Əlinə mikrofon alan uşaq-muşaq elə bilir dünya bunundu. Kiçik Qafqazı özü yaradıb, Böyük Qafqazla da rəhbərliyi məşğuldu. Ay yazıqlar, mikrofonu əlinizdən alan kimi harda olacaqsınız, Allah bilir. Heç olmasa, yazıb-pozmaq öyrənin ki, sabah gərəyiniz olsun. Televiziya çox etibarsızdı. Ordan düşən kimi unudulursan. Rafiq Hüseynovdan artıq olmayacaqsınız ki. Bu gün qəzetlərdə çalışan həmkarlarınıza da yuxarıdan baxmayın. Onlar, heç olmasa, dillərinin qayda-qanunlarını doğru-düzgün bilirlər. Və günlərin bir günü bu məmləkətdə də qayda-qanunların doğru-düzgün işləyən vaxtı olacaq da. Hər halda qadınlar buna çalışırlar. Hər millətin əxlaqının qoruyucusu daim qadınlar olub. Və söhbət kiçik məişət əxlaqından yox, yüksək anlamda mənəvi əxlaqdan gedir. Kişilərin vurub-dağıtdıqlarını, viranə qoyduqlarını qadınlar yenidən qururlar. Deputat xanımlar çox çətin işin qulpundan yapışıblar. Burda debatlar heç nəyi həll eləməyəcək, işlək qanun mexanizmi lazımdı. İşlək. Cəmiyyətdəki bütün eybəcərlikləri önəmli nöqtələrdə oturanlar (əksər halda kişilər) yaradır. Onun nəticələrini isə qadınlar aradan qaldırmalı olurlar. Yataq müğənnilərini də yaşadan onlardı, yarışma proqramlarındakı auksion prinsipini də müəyyən edən onlardı, öz sarsaq nümunələri ilə övladlarının tərbiyəsini də pozan onlardı.
   
   ... Əli Kərimin ruhu şad olsun. "İki sevgi" şerini xatırladım. Kişilər hər şeyi "işıqlardan yaranmış yaraşıq sevən kimi" sevirlər. Qadınlar "iynənin ucu boyda işığa həsrət qalan göz işıq sevən kimi" sevirlər. Kişilər "kabab üstdən sərin su pis olmaz" deyən kimi, qadınlarsa "susuzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi" sevirlər. Bilirəm yenə hay-küy qopacaq, amma öz fikrimi deyim də, bu da mənim haqqımdı. Millətin gələcəyi qadınlardan asılıdır. İndi bu gələcək kimin əlində olacaq - yüksək əxlaqlı, elitar, savadlı qadınların, ya da kişilərin yaratdığı pritonlarda yetişmiş bar qızlarının? Bu da önəmli nöqtələrdə oturmuş kişilərdən asılıdır.
   
   ..."Qadın yazarlar". Yaxşı mövzudu. Amma şairciyəzə dil çıxaran gözəlin proqramında yox da. Qadın yazarlar bir yerə yığışıb daha yaxşı mövzuları müzakirə edə bilərdilər. Məsələn, bölgələrdə qız uşaqlarını məktəbə getməyə qoymurlar. Görünür, qadın alveri ilə məşğul olanlara belə sərf eləyir. Çünki savadsız adamı necə istəsən elə də istismar eləmək olar da. Yaxşı, bütün bu problemləri bilə-bilə niyə elə görüntü yaradırıq ki, guya heç nə yoxdu? Bəs onda xarici təşkilatların bizə sırıdığı gender söhbətini niyə bəh-bəhlə qəbul edirik? Doqquz yaşında körpələrlə maraqlanan Şeyx Nəsrullahlar niyə artır? Kefli İsgəndər rolunu niyə qadınlar üstlənməlidi? Əgər ideologiyadan söhbət gedirsə, bizim TV-lərin ideologiyası nədi? Birinci buna qiymət vermək lazımdı. Deyək ki, kosmos kanalının dahi rəhbəri öz sərsəm filmləri üçün istifadə edir televiziyadan, o birində qadınlardan istifadə olunur, üçüncüsündə toy kralları müəyyənləşdirilir. Prioritet sahə nədi? Toyxanamı, kriminalmı, qadın ticarətimi?
   
   Millət, sabah bizim nəvə-nəticəmizin anası kim olacaq? Nə qoyub, nə axtarıram ey. Millət on gündü pirojnaya oxşar artistin ev-eşiyindən danışır. Millətin əxlaqi dəyərləri də, sevgisi də haçalanıb. İki sevgi var, amma əziz oxucum, "yaxşı fikir ver bu iki məhəbbətə, daha heç nə demirəm, nöqtə, nöqtə və nöqtə".
   
   
   
   P.S. Siz elə bilirsiniz mən sevgidən yazacam?

TƏQVİM / ARXİV