adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Iyul 2020 16:28
23327
GÜNDƏM
A- A+

Dağdağan ağacına da sözüm vardı - Elməddin Sərdar yazır

Allah şəhidlərimizə rəhmət eləsin ,qazilərimizə şəfa versin .Bu gün mənim də qazi olan günümdü. İstədim bir balaca yada salım .

1992-ci il 14 iyul.
-Postdan çıxmalıyıq!
-Niyə ?
-Atırlar,görmürsən? Yerimizi bilirlər.Gündüz burda durmaq olmaz axı, qardaş, komandir(FRED ASIF) demədi bizə?

-Biz də axşam onlara qan uddurmuşuq postlarını dagıtmışıq . Allah bilir neçəsi gəbərib dığalardan. Yaman, başladılar.

-Bizə cavablarıdı. 120 lik minamyotdan atırlar.

-Nə edək?

-Deyirsən səhər açılır, çıxaqmı?

-Yox, mən yuxusuzluqdan ölürəm. Iki gündü yatmıram. Qəşəng sərin havadı. Mən ancaq yatmaq istəyirəm.

-Sən bizi qırğına verəssən deyəsən.

Gülürəm.

-Qorxma, mən ölərəm, sizə qoymaram nəsə olsun.

Sonuncu mərminin səsi gəlir dağdan. Dağdağan ağacanın dibində Azərlə Əhədağanı yıxıb qucaqlayıram. Həmin anda nitqim tutulur. Dəydi deyirəm. Azər bağırır. Bütün gücü ilə kömək çağırır. Dünyanı dağıdar elə bil həmin vaxt. Qardaş köməyə gəlməyən vaxtdır. Göydən bomba tökülür, kim gələr köməyə heç?

Məni sürüməyə başlayır Azərlə.

-Əhədağa, mən ölümdən qorxmuram. Yaşadığım günlər keçir gözümün qabağından. Bir də o...

Qəbələdən olan Zülfəli yetirir özün. Şellin kəndin çıxanda hiss edirəm ki, özümdən gedirəm. Gözümə qurban olduğum cənnət görünür. Adam heç o gözəllikdən ayrılmaq istəmir.

Birdən ayılan kimi oluram .Yox, heç ölmək də istəmirəm hələ . Azər dostum üzümə yavaş -yavaş şillə vurur ki, ayılım ,amma mən bərkdən vur deyirəm. Kişi kimi vur, bərk . Hə, əla, özümə gəldim, qaqa.
Hospitala çatırıq. Sağam, çoxlu qan itirmişəm. Həkimlər və tibb bacıları maşına yaxınlaşır. Rəhmətlik Məleykə xanım məni görən kimi tanıyır. Tez Cabir Abdullayevi çağırır ki, əməliyyata götürün. Mən özümdə olduğumdan deyirəm ki, paltarımı çıxarmayın,qadınlar var, ayıbdı. Sonrasa bir gündən sonra ayılıram ki, Azər başımın üstündə ağlayır. Mən isə deyirəm ki, nə olub? Kim ölüb?

Yadıma düşür ki, mən dünən ağır yaralanmışam.

28 il keçdi, unuda bilmədim bu günü. Çox istədim yadımdan çıxarım, amma olmadı. Çünki qanımın töküldüyü torpaq hələ də qanımızı almağı gözləyir. O tək Dağdağan ağacına da sözüm vardı. Mütləq gələcəyik. Çünki o, öz budaqlarını sipər etmişdi, bizi qorumuşdu...