adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
14 Iyul 2020 12:09
15875
GÜNDƏM
A- A+

Tanınmış din xadimindən maraqlı araşdırma

Hacı Surxay Məmmədli tanınmış din xadimlərimizdən biridir. Onun telekanallarda İslami dəyərlər, mənəvi dünyamızla bağlı çıxışları, mətbuat səhifələrində işıq üzü görən araşdırmaları maraqla qarşılanır. Hacı Surxay Məmmədli Qafqaz Müsəlmanları İdarəsi sədrinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi kimi ölkəmizdə din-dövlət münasibətlərinin inkişafına, İslami məzhəblər arasında vəhdətin qorunmasına da öz töhfəsini verir.

Tanınmış din xadiminin bu günlərdə yeni kitabı nəşr edilib. "İnsan-təhlili bitməyən varlıq” adlı kitabda müəllif insanın əsrarəngiz və İlahi varlıq olmasını, "insan” sözünün mənşəyini Qurani-Kərimdə insanın yaranış məsələsinə münasibəti və digər maraqlı və aktual mövzuları araşdırmağa çalışıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, tarix elmləri doktoru, professor, Şeyxülislam Allahşükür Paşazadə kitaba yazdığı "Ön söz”də tədqiqatçı-müəllifin bu sahədə elmi-dini araşdırmalarını müsbət qiymətləndirib: "Allah-Təalanın yaratdıqlarının ən qiymətlisi olan insan ona bəxş olunmuş əql, zəka ilə həyatı boyu özünü dərk etməyə səy edir. Çünki özünü dərk etməyə çalışan insan xeyirxah olar, yaşadığı cəmiyyətə mənfəət gətirə və Allahın sevimlisinə çevrilə bilər. Bu, eyni zamanda, insanın təkamül prosesində olmasından xəbər verir. Bəşər övladı bu prosesdə inkişaf yoluna qədəm qoyur və inkişaf etdikcə təfəkkürü artır. Əlbəttə, bütün bunlar insanın ali hədəfə çatmasına-özünü tanımasına, bütün yönlərindən özünü təhlil etməsinə doğru aparır.


... İnsanın xislətini, malik olduğu məqam və mövqeyini aydınlaşdırmaq, onu bütün yönlərin ilə təhlil etmək üçün ən doğru və dürüst yol Qurani-Kərimin ayələri əsasında bu ecazkar və İlahi mənbəyə müraciət etmək, bu səmavi Kitabın vasitəsilə kamilləşmək, kamil dünyagörüşünə malik olmaqdır.

Din xadiminin üzərinə düşən vəzifələrdən biri də məhz Quran ayələrinə söykənərək daxilən zəngin və güclü olan, mənəvi aləmini dərindən dərk edən, imkan və vəzifələrini dürüst bilən insanların formalaşması prosesinə yardım etmək, lazım olan töhfəni verməkdir. Xitabət nitqi və ictimai mövqeyi ilə seçilən Hacı Surxay Məmmədli istər mənbər, istərsə də yaradıcılıq və elmi-dini araşdırma fəaliyyətində bu vəzifəni özünəməxsus tərzdə yerinə yetirməkdədir. Buna görə də onun müəllifi olduğu "İnsan-təhlili bitməyən varlıq” adlı əsəri Uca Allahın yaratdığı ən ali varlıq olan insanın yaranışından dolayı, eləcə də bu ali varlığın bioloji və psixoloji istiqamətdə tədqiqindən ötrü uğurlu cəhd hesab edirəm.

... Bir tədqiqatçı-müəllif kimi, Hacı Surxay Məmmədliyə gələcək yaradıcılıq işlərində və elmi-dini araşdırmalarında uğurlar diləyirəm. Ümidvaram ki, oxucular bu əsərdən gözəl mətləblər əxz edəcəklər”.

Kitabın elmi redaktoru QMİ-nin Fətva və moizələr şöbəsinin müdir müavini Əhliman Rüstəmov, elmi məsləhətçisi həmin şöbənin imamı, AMEA-nın doktorantı Samid Quliyev, texniki redaktoru Hüseyn Kərimovdur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə "Nurlan” Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunan "İnsan-təhlili bitməyən varlıq” kitabında Azərbaycan, türk və ərəb dillərində yazılan qiymətli elmi mənbələrdən dolğun şəkildə istifadə edilib. Hacı Surxay Məmmədlinin yeni əsərinin də maraqla qarşılanacağına inanırıq.

Etibar CƏBRAYILOĞLU