adalet.az header logo
  • Bakı 11°C
14 Iyul 2020 11:36
14766
MƏMLƏKƏT
A- A+

Pandemiya ilə mübarizə tək tibbi yox, psixoloji istiqamətdə də aparılmalıdı - Açıqlama

Bir çox rayon və şəhərdə 20 iyula kimi sərt karantin rejimi tətbiq olunur. Ümumi karantin rejiminin isə ən azı avqustun birinə kimi uzanacağını düşünsək xeyli zaman edir. Belə bir durum insanların psixoloji vəziyyətinə, bəzi məsələlərdə isə stresə düşməsinə səbəb olur.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov adalet.az-a açıqlamasında bildirib ki, bu durumlarda psixoloji qaynar xətlər yaradılmalı, bu yöndə maarifləndirici işlər aparılmalıdır. Bu baxımdan TV-lərin də üzərinə məsuliyyət düşür.

"Qeyd etdiyiniz kimi sərt karantin rejimi uzanır, bunun konkret nə zamana bitəcəyi ilə bağlı fikir bildirmək çətindi. Çünki sərt karantin rejimi yoluxanların sayının çox olması səbəbindən tətbiq olundu. Bitməsi də yəqin ki, yoluxanların sayında azalması, prosesin kontrol halına gəlməyindən asılıdı. Bu müddətdə insanlarda psixoloji gərginliyin yaranması labüddü və baş verir. İnsanlar bu gün bəlkə də ən çox psixoloji gərginlikdən əziyyət çəkirlər. Proses artıq kütləvi hal alıb. Öyrəşmədikləri bir həyat tərzi insanlarda psixoloji gərginliyin yaranmasına gətirib çıxarır. Bunun maddi, sosial və digər tərəflərini də qeyd etmək lazımdı. Yeni davranış modelinə öyrəşə bilməyən insanlarda müxtəlif psixoloji gərginliklər yaranır. Bu gərginlik də onlar tərəfindən ətrafda olan insanlara yansıyır. Ona görə də mövcud şəraitdə psixoloji maariflənmə və psixoproflaktik işin aparılması vacibdi. İnsanların konkret psixoloji dəstəyə ehtiyacı olsa hər kəs bundan faydalana bilmir. Bunun da obyektiv və subyektiv bir çox səbəbləri var. Ona görə də mövcud şəraitdə qaynar xətlərin yaradılması, TV -lərdə psixoloji maariflənmə ilə bağlı verilişlərin yaradılması, sosial şəbəkələrdə bununla bağlı yazı və videomaterialların geniş insan kütləsinə xitabən həyata keçirilməsi, maariflənmə işinin aparılması faydalı olardı. Ən azından insanlar psixoloji alətlərdən həyatlarına tətbiq etməklə, gərginliyi qismən də olsa azalda bilərlər. Pandemiya ilə mübarizə tək tibbi yox, psixoloji istiqamətdə də aparılmalıdı. Əgər biz bu psixoloji istiqaməti diqqətdə saxlasaq, yoluxanların sayında azalma, eyni zamanda insanların qaydalara əməl etməyində irəliləyişə nail ola bilərik."

Emin Piri