adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Iyul 2020 11:24
87996
ƏDƏBİYYAT
A- A+

BAĞIŞLA! - BARAT VÜSAL yazır

RUH GƏMİSİ

Beş-on adam mindi Nuh gəmisinə,

Deyən dedi: Tufan günüdü, gedək!

Ey Nuh gəmisindən düşən adamlar,

Eh!.. nahaq düşdünüz, dönün də, gedək!

O gündən bu günə günümüz qara,

O gündən bu günə qanımız qara.

Mən də bu günəcən yaşamırdım ha,

Gəmi düzəldirdim min ildi, gedək!

Mənəm bu Xeyir də, mənəm, mən, Şər də,

Mənəm o Məhşər də -Ənşər-Mənşər də!

Təkcə olmayacaq Məhşər Məhşərdə,

Məhşərə bu Məhşər günündə gedək!

Hayana gəniyim a Nuh gəmisi?

Mən sənin kimiyəm, a Nuh gəmisi!

Sənə də gəmiyəm, a Nuh gəmisi,

İndi gəmi mənim gəmimdi, gedək!

Demirəm hər ömrün xilaskarıyam,

Deyirəm, mən Könlün xilaskarıyam.

Mən də öz dövrümün xilaskarıyam,

Mənə əmin olan əmindi, gedək!

...Yox olan gəmini xilas edəcəm,

Nuh olan gəmini xilas edəcəm.

Etsəm mən hamını xilas edəcəm,

Mən Ruh gəmisiyəm, minin, di gedək !


BİLMİRƏM

Dünəndən olanlar yadımdan çıxıb,

Bayaqdan... bayaqdan heç nə bilmirəm!

Nə vaxtdan sanırdım çox şey bilirəm,

Sabahdan ... sabahdan heç nə bilmirəm!

Bu abad beşiyi-goru tanıdım,

Bu rahat məzarı-darı tanıdım.

Bu köhnə qocanı görüb tanıdım,

Bu təzə uşaqdan heç nə bilmirəm!

Yerə də, Göyə də... söyləyir ağlım:

Bəlkə uyğunsuzluq uyğundu, bilim!

Hər gün elədiyim, hər gün yuduğum,

Günahla...günahdan heç nə bilmirəm!

Verilmiş mənə də bax, Buta Eşqim,

Budur, könlümdədir bax, buta, Eşqim!

O Dərgah Eşq imiş... bax, bu da Eşqim,

Dərgahda dərgahdan heç nə bilmirəm!

Ərz eylə, hər kim ki, yolunu azmış,

Əsl həqiqəti Füzuli yazmış:

"Bilmək yetər ki, bu: bilmək olmazmış!”

Bu Haqla o haqdan heç nə bilmirəm!

Hamı yaxşı bilir, uşaq ha deyil,

Hünər bu taxtdakı uşaqda deyil.

Şah idarə edən bu şah ha deyil,

Bu şahla o Şahdan heç nə bilmirəm!

O Peyğəmbərlərdi, bu Nəbilər ki...

Deməzlər Barata, bu, nə bilər ki?!

İnsanla İnsandan nə bilirəm ki,

Allahla Allahdan heç nə bilmirəm!


BAĞIŞLA!

Bu mələk insanla öc olub nəsə,

Bu şeytan paxılı Allah, bağışla!

Sonacan ağılsız uşaq olammır,

Ağıllı ahılı Allah, bağışla!

Bülbül öz köksünü ötürüb, ötür,

Gül var, açılmamaş ömürü bitir.

Aləmi başına götürüb gedir,

Kor bayquş nağılı… Allah, bağışla!

Bilir öz gücünü guya bu ümman,

Böyüyüb, uzanır hardan haracan!?

Öyünüb, axırada suya qərq olan

Qurunu, sahili Allah, bağışla!

Verib sözümüzə söz söykəyi sən,

Zirvə eyləyirsən yüz çökəyi sən!

Enir, üzümüzə üz söykəyirsən,

Üzünə baxılmır, Allah, bağışla!

Sirdi, müəmmadı ömür deyilən,

Kim sevirəm deyir, sevmir, deyirəm!

Necə ağıllıdı könül deyilən,

Könülsüz ağılı Allah, bağışla!

Qırır zəncirini iti dünyanın,

Sanır ömrü-günü bitir dünyanın.

Tək bircə söz deyir bütün dünyanın,

Arifi, cahili: "Allah, bağışla!”

Ay Barat, özündən sən razı ikən,

Ölərsən, özünə tamarzı ikən.

Hər şeyin əvvəli "Allah mənəm, mən!”

Hər şeyin axırı: "Allah, bağışla!”


DÜŞDÜ

Yuxu gördüm, yuxuları çin oldum,

Qul Abbasa, Qəriblərə tən oldum!

Qırx aşiqdən sağ qalanı mən oldum,

Düşənlər yamanca qırğına düşdü!

Vermək lazım imiş qırxa can, bəlkə.

Saymaq lazım imiş qırxacan, bəlkə.

Qırx dəfə ah çəkdi qırx adam bəlkə,

Hər aşiq qırx yerdə qırx qana düşdü.

Sən haqqın qəribə kərəminə bax,

Qanla yazı yazan qələminə bax1

Ay Barat, bir eşqin bayramına bax,

Otuz doqquz eşqin qırxına düşdü.


OLMASIN...OLSUN

Elə istəyirəm ömür dünyada

Tez tamam olmasın...tez tamam olsun!

Nə vaxtsa böyüyüb yola çevrilsin,

İz tamam olmasın...iz tamam olsun!

Canın ömrü Meydi, Meyin ömrü can,

Deyim, ömrə yanma, deyim, ömrə yan!

Su səp yollarına yar keçən zaman,

Toz tamam olmasın... toz tamam olsun!

Üzün tutub dosta, tanışa, gülsün,

Qoy dil açıb dinsin, danışa bilsin.

Başqa ocaqlar da alışa bilsin,

Köz tamam olmasın...göz tamam olsun!

İşığı hey aşıb-daşar dünyada,

Yaşayan işıqtək yaşar dünyada,

İnsan, elə üzlə yaşa dünyada,

Üz tamam olmasın...üz tamam olsun!

Çatsa da axıra bir iş, deyirəm,

Gəlib ürəyimə dərdiş, deyirəm.

Bitib tükənməsin bu Eşq deyilən,

Yüz tamam olmasın...yüz tamam olsun!

Qızarmı ev-eşik, Od ha qalansın,

Gərəkdir Barat da oda qalansın!

Bir də bu xalq deyən şair yaransın,

Söz tamam olmasın...Söz tamam olsun!


YADİGAR ŞƏKİL

Zahirdə bir nəfərəm,

Sanırlar beş meydandayam.

Aşıq Alı

Çəkdirdim ki, sizə yadigar qalsın,

O ilk şəklim, elə son şəkilim də!

Mənim bir ömrdə necə şəklim var,

Bişmiş şəkilində, xam şəkilində.

Uymadım yolların hamarlarına,

İz saldım izlərin kənarlarına,

Öləndə şerimi damarlarıma,

Vurarsız təp-təzə qan şəkilində!

Üstümə gün düşə, gün düşə, axır,

Özüm də döndüm bir günəşə, axır.

Niyə başdaşım da günəşə baxır,

İşığa beşiyəm Dan şəkilində!

Diləkmi tapılar diləyim kimi,

Çörəkmi tapılar çörəyim kimi.

Balaca görünən ürəyim kimi,

Sinəmdə saray var dam şəkilində!

Gedirəm, özümə gələ bilirəm,

Boşaldığım kimi dola bilirəm.

Necə çıxmaq olar yola, bilirəm,

Qədəh formasında, Cam şəkilində!

Murazın olmaya...muraz alasan,

Nəsildən-nəsilə miras qalasan!

Bir azca ölsən də, bir az qalasan,

Həm öz varlığında, həm şəkilində!

Barat, oxşayıram atama, mən də,

Sirli-sehirliyəm a tamam, mən də!

Nə olsun, bir nəfər adamam mən də.

Görünnəm gözlərə on şəkilində!


QOXU

Allah göndərdiyi sözdən, surədən,

Ayədən məhəbbət qoxusu gəlir!

Sevənin ayağı sayalı olur,

Sayədən məhəbbət qoxusu gəlir!

Tapdı tapmadı ki, qayanı Fərhad,

Öpdü,öpmədiki qayanı Fərhad.

Çapdı,çapmadı ki, qayanı Fərhad,

Qayadan məhəbbət qoxusu gəlir!

Duydum köməyini darda Allahın,

O Yox da Allahın,Var da Allahın!

Adı çəkiləndə harda Allahın,

Oradan məhəbbət qoxusu gəlir!

Burda qan tökülür, bir qan izi yox,

Burda qan tökməzdən bir qansızı yox!

Burda ha qan axır...qan iyisi yox...

Minadan məhəbbət qoxusu gəlir!

Məhəbət insana verir qol-qanad,

Ondadır səadət, ondadir həyat.

Taparsız, görərsiz ordadır Barat,

Haradan məhəbbət qoxusu gəlir!


HÖRGÜ

Adəməm, söyləyən, Adamam, deyən,

Daşısan sinəndə sən ürək daşı!

Tulla ayaqlara bu daş ürəyi,

Götür ayaqlardan o ürək-daşı!

Yaşamaq istəsən işin yaş olar,

Yaratmaq istəsən günün xoş olar.

Biri başa dəyər, biri baş olar,

O Fələk daşıdı, bu Məhək daşı.

İnsana demirəm, mənim Baratım,

Quyuya da heç vaxt quyu qazmadım.

Mən ömür sürmədim, şeir yazmadım,

Hördüm Köhnə üstdən Gələcək daşı!


YAZMIRAM

Fikrim qarışdırır, qəlbim bişirir,

Mən qara qazanda şeir yazmıram!

Üstdə nəvələrim şəkil çəkirlər,

Mən yazı masamda şeir yazmıram!

Qorxmuram, qorxular yolu kəsməsin,

Kimsə sözü qoyub ləli gəzməsin.

Şeir yazıram ki, dilim əsməsin,

Mən dilim əsəndə şeir yazmıram!

Mən sözü başına dönüb yazıram,

İrəliyə baxır, çönüb yazıram.

Mən yoxuş –bələni yenib yazıram,

Mən düzdə-düzəndə şeir yazmıram!

Qoyma "Yağ tikan”ı dizimə batsın,

Batsa Haqq tikanı dizimə batsın.

Batsa yar tikanı dizimə batsın,

İynə-zar gəzəndə şeir yazmıram!

Barat, yatanda da ayıq oluram,

Hayıf olmayanda---hayıf oluram.

Şair olmayanda şair oluram,

Mən şeir yazanda... şeir yazmıram!


DAŞ

Çağlayıb-çağlayıb eşqin çeşməsi,

Daşadaşdı, daşadaşdı, daşadaş!

Kimin ki, ürəyi daşdı, onunla

Daş adaşdı, daş adaşdı, daş adaş!

Haqqın vardır, danış, ata, gül, ata,

Aşiq gərək məşuquna gül ata!

Sınıq könül gülümsəyib gülə,ta,

Gül uzada insaf edə, daşa daş!

Yaxşı bilir bunu atam, atan da,

Gətirən də, götürən də, atan da!

Nə yaxşı ki, şeytan üçün atanda,

Daş ataşmış, daş ataşmış, daş ataş!

Çiçək çıxır dahilərin daşından,

Nadan, dəf ol, az düşün, az daşın da!

Gül iysi var Barat atan daşın da,

Daş o daşdı, daş o daşdı, daş o daş!


BARAT VÜSAL