adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

RƏNGLİ nağıllar... - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
79341 | 2020-07-11 10:10

Bir nəfər hündür budaqlardan düşə bilməyən pişiyi qurtarmaq üçün ağaca dırmaşır. Pişiyi xilas edir, özü isə ilişir qalır ağacda. İtfaiyyə gəlir yardıma. Bizim işlərimizə bənzəyir eləmi ? İnam yaratmaq üçün it-pişik demədən ağaca çıxanlar idarə edir situasiyanı. Nəticə məlum. Nə işdisə yazan-pozanlar əmr kölgəsindən qurtara bilmirlər. Hamının da şəxsi yazanları var – məhz onların dediyi kimi yazmalısan, o zaman sənə rəngli nağıl bəxş edəcəklər.

Və kimsə nəsə bilirsə, elə dəhşət nifrət edirlər ki...Və kimsə özünə hörmət qoyursa, bu da nifrət səbəbidir. Hamı boğaza qədər çirkaba bulaşmalıdı, yoxsa nağıl olmayacaq . Ya da rəngli olmayacaq...

Ekstremal vəziyyətlərdə hamının sifəti açılır.

Köhnələr çox bildiklərindən pislik edirdi, təzələr heç nə bilmədiklərindən... Hansı daha pisdi? Bunu da mən bilmirəm.

Məsləhəti kim verir bu maraqlıdı – Aydan gəliblər? İmperiya dövləti deyilik, saray ənənələrimiz yoxdu, aristokrat ailələrin (yəni kökü məşhur) sayı azdır... Hamı necə yaşayır, həyat tərzi nədi, nəyə inandırmaq olar – bunu bilməyə nə var? Özünüzü niyə San-Fransiskodaki kimi aparırsız ki? İkicə saatlıq hündür yer görən kimi niyə coşursuz???

***
 
Olub-keçənlərlə bağlı kimsə nəsə paylaşır və başlanır... Nə başlanır özünüz bilirsiz.

"Əvvəl niyə demirdiniz?" Nə bilirsiz ??? Və guya bilmirsiz deməyin fərqi yoxdu... Mən deyirdim məsələn, sonra tədbirlərinə də getmirdim. Nəticə nə olurdu ? Cəza verirdilər tipa...Və indi olanlar da mənim dediyimə görə olmayıb. Çox şişdilər, yuxarıların xoşuna gəlmədi... Uçub, uçub yıxıldılar...

Belə absurd məkandı ki, yalan danışmaqları cəhənnəm, hərəsi başqa yalan danışır – bu gülməlidi... Eyni cameanın adamları özü də... Bunlar bir-biriynən küsülüdülər? Ən azından soruşmaq olardı da, sözü bir yerə qoymaq üçün... Yalanları da tərbiyəsiz, iyrənc…

Qədim zamanlarda Az.TV-də işlədiyim vaxtlarda (başqası yox idi zatən) maşinistkaların (belə peşə vardı) arasında bir zənən vardı. Elə qəribə yalanlar danışırdı ki... Məsələn, deyirdi ki, atam hər gün işdən gələndə kanistrlərə süd doldurub gətirir, vanna qəbul edirik...
Təsəvvür edin, Sovetin son vaxtları, aclıq, qıtlıq...Və süd vannası... Südü növbəyə durub alırdıq... Səhər aldın-aldın...
Utanırdıq deyək ki, ay qız, gopa basma da...
Özü də onu tanıyan (onun şəhərindən olan) iş yoldaşımız vardı. Deyirdi atası doğrudan böyük vəzifədə işləyib, amma süd məsələsində süd rəngində danışır... Sonra bilmirəm necə oldu... Kimə hansı rəngdə danışır...
İnformasiya qıt məhsul deyil haa... Süd rəngində danışmayaq, məncə. Utancaq adamlar qıtdı indi... Kimsə deyə bilər ki, gopa basma...
 
***
 
Uzun illərin acı təcrübəsi boy göstərir hər addımda – dinmə, danışma, hər şey gözəldi...Tamam da, bu qədər adamın ağzına yaylıq atmaq mümkün deyil. Onlar da adını dəyişir və gizli adlarıyla nifrət qusurlar. Öz adlarıyla "bəh-bəh" edirlər, 30-40 gizli adla "lənət olsun" (təxminən) deyirlər. Ürəkdə söz yığışanda ağır olur vəziyyət... Bunun qarşısın necə almaq olar ki???

Efirdə gördükləri ən adi bir adama nələr deyirlər, İlahi... Səbəb çoxdu – adi insan paxıllığından tutmuş, bildikləri yalanlara qədər... Adi tərbiyəsizliklərə qədər...

Məsələn, kiminsə haqqında kütləvi səhifələrə nəsə bir məlumat atırlar, bilərəkdən atırlar. Nəticəsi məlumdu. Bilirlər ki, nə deyəcəklər...Və sonra bir-iki adama tərif yazmaq tapşırırlar... Guya kimdəsə abır qoyublar ki, kimsə də dinləsin... Neçə ildi bu proses davam edir, indi dəyişmək olmayacaq bunu... Hamı özündən istefa versə (özlüyümüzdən)... Görək "nağarajaxlar”...

Elə mövzular var susmaq lazımdı...

Ta özünüz bilərsiz... Sizə qalmış… Hamınız ağıl dəryasısız...

 

***
 
Nəsə bir yanlışı olanda Fərəhə deyirdim niyə belə elədin? Cavab verirdi – çünki...

İndi bütün sualların cavabı budur – ÇÜNKİ...

Neçə ilin söhbətidi – Fərəhi qucağıma götürmüşdüm, Sara narazılıq elədi ki, nənə, mən əvvəl yorulmuşdum eee...

Adam demək istəyiree, mən əvvəl yorulmuşdum axı… 
 
***
 
Fikir verirəm, biz babasız ola bilmirik. Köhnə babaları yola saldıq, təzələri qondu öz "baba"sıynan. Halbuki bir Baba olanda hamı dinc yaşayırdı. Bəşəriyyət çoxdan monoteizmə keçib, bunlar yenə politeizmə qayıdır...
 
***
 
İstədim böyük şəhərimizin muzeylərini gəzim (Ermitaj, Luvr, Prado muzeyi,Viktoriya-Albert ) kimi məsələn – pandemiya qoymadı...

İstədim dünyanın qaynar nöqtələrindən reportaj hazırlayacaq müxbirlərimi səfərbər edim – pandemiya imkan vermədi...

İstədim alimlərimizin nailiyyətləri haqqında məlumat verək – pandemiya zəhrimar...

Kino sənayemizi az qala unutmuşdum – yenə pandemiya düşdü ortaya...

Bölgələrimizdə antik dövrlərdən qalmış şəhər xarabalıqları haqqında məlumat verim bəlkə – ay pandemiyanı unutdum...

Pandemiya olmasa dağı-dağ üstünə qoyardım... Olmadı...

***
Dünyanın hər yerində belədi – yoxsa təkcə bizdə cərimə olunanları nemes əsiri kimi divara dirəyirlər??? COVİD-ə müalicəvi təsir edir ?

 

***
 
Bataqlığın qaydası budur – çox çabaladıqca, çox batırsan...
 
***
 
Prezidentin hüzuruna çıxaranda bir az düşüncəli adamları seçmək olmazmı?.. Lap rusdilli olsun. Elə fikirləşir ki, təəbələri (tələbə yox) hamısı bu gündədir...
***
 

Zor qəsəbəmiz var... Bütün eksperimentləri bir arada elədik. Həm evə dürtdülər, həm də hamını xəstələndirib immunitet yaratdılar...

Həm də buna görə zor ölkədi – adamı xəstəxanaya götürməyə görə hamıya təşəkkür eləməlisən. Ləzzət, jmıx...

Bu il heç hara getmək mümkün olmadığından elitnoe adamlarımız xəstəxanalarda yer bron ediblər.

 

***
3-4 təyyarə lazımdı, vallah. Bizdə nə qədər zəngin varki? Yığsınlar göndərsinlər xaricə. Burda adamlar onlara baxıb "nervinçat” eləyir. Hovuz arzuları var onların da…
***
Əslində bu testdi. Bildiyiniz virus testi yox – gələcəyə hansı xalqlar keçə bilər testi. Biz qaraçı kökənlərimizi tam göstərdik... Aparmayacaqlar bizi...

 

30 dərəcə istidə, ultrafiolet şüaların altında şəhərin mərkəzi küçələrin yuyurlar... Absurd... Adamların sıx olduğu yerləri təmizləmək lazım idi. Deməli, nə yuxarıda , nə aşağıda yeni ictimai formasiyaya keçəcək adamlar deyilik...

***
Dörd cadugər yığışır bir yerə, taxta qırıqlarından canlı düzəldir. Biri sümüklərini qurur, biri ətini-qanını yaradır, biri dərisini, biri də üfləyib can verir ona... Canlı ayılır, ətrafa baxır, görür dörd adam var yanında... Yeyir onları... Ac olur da...

Nəyisə xatırladır...

***
Avropanın 200, 300 il əvvəl yaşadığını biz indilərdə yaşayırıq. Və təəssüf ki, hələ də orfoqrafik qaydaları bilməyən adamların qarşısında sosial şəbəkələrin səhifələri açılıb. Onlar oxumaq istəmir, biz öyrətmək istəmirik.

Ensiklopedist alimlər – Didro,Volter və sairə xalqı maarifləndirməyə çalışırdılar, amma nə kilsə, nə hakimiyyət onların başını sığallamırdı. Əksinə, kütlə də onlara hücum edirdi. Volter məcbur olub Fransadan Hollandiyaya qaçmışdı, Russo İsveçrədən Fransaya...Və bu qaçışların sayı çoxdu. Amma mədəni inkişafın kökləri dərin olduğundan yaşıllıq artdı.

Sadəcə, səbrli və sevgi dolu olmalısan... Həm savadın olmalıdı, həm də qəlbin... İLDIRIMÖTÜRƏN olmaq isə bütün ölkələrdə olub, sadəcə, müxtəlif vaxtlarda...

Xəstəlik qalıb bir tərəfdə, millət girib bir -birinə... Müharibə lazım deyil, məsafə saxlayın…

 

***
Özləri öz aralarında anlaşıb dil tapsaydılar, biz də virusun çarəsin tapardıq...

Onlar deyir ki, bizə inanmırsız. Biz deyirik ki, inanırıq. Onlar da bizim inandığımıza inanmırlar... Belə qarşılıqlı inam şəraitində keçinib gedirik...

Dedin...inandım. Təkrar elədin...şübhələndim. And içdin...bildim yalan deyirsən...

Bizim asudə vaxtımızla hansı təşkilat məşğul olacaq?

O yazırlaree filankəs yoluxdu – təsəlli üçün yazırlar???

Yatmamışdan əvvəl "halva-halva" deyin mütləq. Ağız şirin olmur, yox.. Deyir müalicəvi əhəmiyyəti var.

Çəyirtkənin gözü hardadır mövzusunda mühazirə...

Xəstəlik ölkəyə giribsə artıq (statistikaya görə deyirəm), xəstəxanalar ixtisas dəyişibsə artıq (bıçaq yarasından , maşın qəzasından ölmək olar deyirlər, təki müalicəsi olmayan virusdan olmasın) nəyi karantinə alırlar? Şəhər sıxlıqdan partlayır (həm də gərginlikdən)... Balaca bir ölkədi, asan idi yığıb -yığışdırmaq... Olmadı, niyə? Onu da görürük... Allah köməyimiz olsun...

***
Dərs keçən çoxdu. Müəllim çatışmır...

Deyir Karranti(n) partizanları çox sevir...

İçimdə veyillənirəm... Karantin qaydaların pozmadan gəzirəm...

***
Narazılıq eləməyək – rəsmi qurumlar deyir ki, biz sağ-salamatıq. Sizin də sağ-salamat olmağınızı o böyük Allahdan arzu eləyirik …

Bu da Qarabağ məsələsinə dönəcək deyəsən... Orda ATƏT var, burda ÜST... Təşəkkürlərnən yola verəcəyik...

 

 

 

 

 

 

 

 

 

 

 

TƏQVİM / ARXİV