adalet.az header logo
  • Bakı 7°C
05 Avqust 2020 12:55
120714
GÜNDƏM
A- A+

İki Emin, bir Korona - Kim haqlıdır?

Eminquey: İşə yarayırsansa, yaşayırsan, yaramırsansa, ölürsən


Bu yazını bu ölkənin balaca, pəncərəsiz, eyvansız bir gecəqondusunda 4 aydan çox karantin rejimində yaşayan bir gənc kimi yazıram.

Qəti ah-vay edib məzlum görünmək fikrim yoxdur.

Kim bilərdi ki, zaman gələcək, koronavirus adlı bir vələdüzna bizi evlərimizə qapayacaq.

Bilsəydik, ən azından bir pəncərə, ən azı bir eyvan qazanardıq bu ölkədə.

Hələ ki dözürük, bilmirəm, bəlkə də artıq səbr kasamızın dibindəyik, bəlkə də bizim səbrimiz kasayla yox, ən azı çənlə-filanla ölçülür, bilmirəm.

Bircə bunu bilirəm ki, bu vələdüzna artıq ailəmizin bir üzvü olub, hətta üzvü olmaqla kifayətlənməyib, əmrləri də o verir. Onun görəndə abrımıza qısılıb yaşmağımızı yuxarı qaldırırıq.

Bu yaşmaq bizə nələr verdi?

Məsələn, biz karbonu buraxıb oksigeni udmaq əvəzinə bu yaşmağın sayəsində karbonu buraxıb yenidən elə həmin karbonun özünü udduq. Demək ki, neylədik? Təbiətin oksigen ehtiyatlarına az da olsa qənaət etmiş oldu. Alqış bizə!

Məsələn, mənim bir tanışım var, tüpürə-tüpürə danışır. Məhz yaşmağın sayəsində artıq o adamın tüpürcəklərindən yaxam qurtarıb.

Məsələn, dərk elədim ki, yaşmağın altında "Qanlı zəmi”dəki Koxa obrazına çevrilmişik. Bu vələduzna virus bizi sındırıb. Eynən bığı kəsilmiş Koxa kimi. Səlim bəy də bizə baxıb "ə, nolub? Yenə nə yaşmaqlanıbsan?” deyib şaqqanaq çəkir.

Hamını bircə sual düşündürür – karantin uzanacaqmı?

Açığı sizə nə statistikadan, nə dünyada baş verən karantin rejimlərindən, nə də hansı dövlətlərin hansı mübarizə üsullarından istifadə etdiyini göstərib informasiya ötürmək istəmirəm. Tərzim deyil. Və bilirəm ki, siz də bütün bu kimi şeylərdən usanmısınız. Mənim işim işarələri çözməkdir.

Bu uzanmaq ki var, çox qəliz məsələdi. Uzanmaq insanın ən təbii ehtiyaclarından biri olsa da, həddindən artıq uzananda alüdəçisi olursan. Tənbəlləşirsən, hətta qonaq getdiyin yerlərdə belə uzanmağa yer axtarırsan.

Bu, tənbəllik karantin rejimində də özünü biruzə verdi. Karantin rejimi uzandıqca tənbəlləşdi, uzandıqca vərdişkar oldu. Dümsükləyib ayağa qaldırırıq, durur, gəzişir, sonra gedib başqa yerdə uzanır.

Karantin uzanacaqmı?

Məncə, bu sualın altında uzanmaqdan çox, yaşamaq sualı dayanır. Koronavirus bizimlə birgə hələ çoxmu yaşayacaq?

Düzdür, biz Əziz Nesinin hekayələrini bircə cümlə ilə canlı yaşamış adamlarıq.

"O sənin üçün ölüf, bizim üçün yaşayır”.

Hal-hazırda koronavirus böyük bir təbliğat maşını, tərbiyələndirmə yolu, cəza üsulu, hörmət qazanmaq, hətta söyüş vasitəsi və başqa-başqa sifətlərdə cəmiyyətdə öz üzünü göstərməklə məşğuldur.

Qazanırıqmı? Qazanırıq.

Koronavirusa müxalif qüvvələrin rəğbətini qazanmaq istəyirsən? Çıx de ki, mən inanmıram. Alqış sənə!

Koronavirusa inananların hörmətini qazanmaq istəyirsən? Çıx de ki, ay axmaqlar, oturun evinizdə. Alqış sənə!

Çıx, xalqa mayakdan, zirvədən şeir oxu, xalqı coğrafi biliklərlə maarifləndir. Alqış sənə!

O gün eşidirəm ki, bir kişi dostu ilə telefonda məzələnir:

- Ə, koronavirus, necəsən?

Hə, biz tarixin bütün dönəmlərində istənilən şeydən söyüş əxz etməyi bacaran adamlarıq. Bizdə hansısa jurnalistin adı da söyüş ola bilir, hansısa siyasətçinin də, hansısa müğənninin də. Neyləyək, hirsimizi ancaq belə çıxır, özümüzü ancaq belə ovuduruq.

Amma istənilən halda, bizi bircə sual maraqlandırır – karantin rejimi uzanacaqmı?

Və yenə deyirəm, məncə, bu sualın altında uzanmaqdan çox, yaşamaq sualı dayanır. Koronavirus bizimlə birgə hələ çoxmu yaşayacaq?

Yaşamaq dedim, Əziz Nesinin "Yaşar nə yaşar, nə yaşamaz” romanı yadıma düşdü.

Romanın baş qəhrəmanına ondan əvvəl doğulan dörd qardaşı da öldüyü üçün Yaşar adı verirlər ki, heç olmasa, bəlkə o yaşadı. İbtidai məktəbə getmək üçün ona pasport çıxartmaq istəyirlər. Amma dövlət Yaşarı ölü bilir. Yəni o, 12 yaşında Çanaqqala müharibəsində şəhid olub. Ona görə də Yaşar Yaşamaza "sən ölmüsən” deyib pasport-zad vermirlər. Zaman keçir, Yaşar əsgərlik yaşına çatır, fərari kimi hərbi xidmətə aparırlar. Əsgər yoldaşları təxris olsalar da Yaşarın təxrisi ləngiyir, nəhayət birtəhər canını qurtarır. O evə gələndə atası artıq çoxdan ölmüşdü. Yenə pasportu olmadığı üçün atasından qalan mirası əldə edə bilmir. Əvəzində atasından qalan borcları ödəmək məcburiyyətində qalır. Sonra İstanbula köçür, dosltarı ilə bir yer götürüb işlədir, onu aldadırlar, amma pasportu olmadığı üçün işinə nə polis baxır, nə də məhkəmə. Sonra oğlu dünyaya gəlir, onun çəkdiklərinə oğlu da şərik olur. Yaşar ölü olduğu üçün oğluna da pasport vermirlər.

Xülasə, o romanı mütləq oxumaq lazımdı.

Gəldiyiniz tragikomik nəticə bu olacaq:

- Sistemin işinə yarayırsansa, yaşayırsan, yaramırsansa ölürsən.

Yəni bircə cümlə ilə desək, o sizin üçün ölüb, bizim üçün yaşayır və yaxud da tərsinə.

Kiminçünsə ölən atası hələ də yaşayır, kiminçünsə xatirələri. Kimə nə sərf edirsə.

İndi bu vələduzna koronavirus da həmin o Yaşar Yaşamazın taleyini yaşayır.

Nə deyim, Allah karantindən tənbəlliyi alsın, koronavirusun da ömrünü qısa eləsin.

Əgər bu iş həqiqətən də Allahın əlindədirsə.

Əgər onu da edə bilməyəcəksə...

Biz xilaskar olmaq istəyənlərdən deyilik, Allah bizə xilaskar göndərsin, əllərimiz qaşınır alqışlamaqdan ötrü.



***


Emin PİRİ: Təcrübə siçanları və ya bizi necə filə çevirirlər

Virus tanrı deyil ki, onun var olub-olmaması haqqında illərlə fikir yürüdəsən. Hər iki tərəf də bir-birini ittiham edə. Bu elmin təsdiqləyəcəyi və inkar edəcəyi işdir. Ya var, ya yoxdu. Problem onda yaranır ki, elm də cibi zorluların sözüylə hərəkət edir. Bax, onda əsl həngamə başlayır. Tanrının varlığı bu qədər mübahisəli olmur.

Koronavirus pandemiyasına görə dünyada karantin rejimləri uzanacaq kimi görünür. Niyə uzadılır, niyə qarşı çıxılır, niyə bu qərarı müdafiə edənlər var-hər birinin ayrı arqumenti, düşüncələri və mənafeləri var. Məhz mənafe!

Bu mənafenin altında siyasi, iqtisadi, biznes maraqları yatır desək yanılmarıq. Məhz maddi və siyasi maraqlar!Istər qarşı çıxanlar, istərsə müdafiə edənlər. Kütlə nə deyir? Kütləni boş verin, hər biri bu qrupların dediyi fikirlərin hipnozunda bir-birini ittiham edən qurbanlardı.
Virus var, sadəcə virusun yazdığı deyil, özlərinin yazdığı ssenarini təqdim edirlər. Hər iki tərəf.

Bəlkə dünyada gedən karantin formaları zənginləri kasıblardan qorumaqçündür? Onsuz da karantin qaydalarının varlılara aidiyyatı yoxdur. Şəxsi təyyarə, şəxsi istirahət guşələri və əlaqələrin yaratdığı karantini pozmaq qaydaları.

Daha dəqiq baxsaq, kasıbları izolyasiya edirlər.

Koronanın daha çox yaşlı və bununla bağlı xəstəliyi olan qocaları apardığına nəzər salsaq, bu nəsil daha çox elə zənginlərdədir. Bir yolla, maddi-şərait rahatlığı ilə ömrü uzadıblar, kasıblar onsuz da, bəzi istisnaları çıxsaq o xəstəliklərlə çox yaşamadan ölüb gediblər. Ən azından maddi durumları, şəraitləri buna imkan verməyib. Yaşayanlarsa Allah ümidinə. Müqayisə aparsaq, əhali statistikası ilə dünyada ölənlərin 90-%i kasıb olmalı idi. Bir az da əlavə etsək, varlının şəraiti və.s ölənlərin 95%-i kasıb olmalı idi. Amma ölənlərin statistikasına diqqətlə baxsanız, tam əksi. Ölənlərin əksəri zəngin yaşlılardı. Burdan nəsə nifrət çıxartmayın, sadəcə yuxarıda sadaladığım söhbətlə müqayisə edin. Karantində zənginlər həmişəki kimi istədiyi formada, istədiyi hər şeyi yaşayır. Sadəcə, bir növ görsətmirlər. Hə, bir də "koronalı kasıblardan" qorunmaq lazımdı, axı.Əmin olun ki, kasıblar daha çox ölsəydi, heç zaman bu formatda karantinlər olmayacaqdı.

İnkişaf etmiş dünya ölkələrində virusun daha çox yayıldığı ərazilər də nəinki ölkəsinin, dünyanın ən zəngin şəhər və əyalətləridir. Istər İtaliyası, istər ABŞ-ında, istərsə və.s-də.

Bunun üçün dərin iqtisadçı olmağa ehtiyac da yoxdu.

Dünyanın bir çox yerində karantinin yaratdığı stres, psixoloji təsirlər kokain və digər narkotik alışını 12 qat artırıb. Insanlar karantinin yaratdığı stresi, psixoloji problemlərini süni vasitələrlə həll etməyə çalışır. Təsəvvür edin, 12 dəfə artıq narkotik milyardları. Məsələn, 1 milyard gəlir əldə edən narkobaron bu əsasda gəlirini 12 milyarda çıxardır. Həmin sahənin gizli maqnatları( onların maliyyələşdirdiyi və ya himayə etdiyi media, siyasətçilər, "ziyalılar" və.s) niyə də bu pandemiya zamanının uzanmasını istəməsin? Niyə də qorxu təbliğatı aparmasın? Belədə gəlir də artır, yeni siyasi kadrlarını yerləşdirməyə, yüksəltməyə şərait də. "Xaç atası” filmində mafiya başçısının dediyi kimi, bizim mediada çoxlu dostlarımız var. Bu təbliğatlar, daha doğrusu ssenaridə qeyd edilmiş yalanlar zaman keçdikcə beyinlərdə həqiqətə çevrilir. Müasir dövrdə bu illuziyanı yaratmaqçün Göbbels olmağa ehtiyac yoxdur. Himayəçi qardaşların cibi bəs edir.

Onlayn biznes, kazinolar, yeni formatlanmış bank sektoru bazarı ələ keçirə bilirsə, bu dünya karantin dövrünü uzatmaqda, təbliğat aparmaqda niyə maraqlı olmasın? Niyə özlərinin himayə etdiyi ziyalılar, həkimlər, media vasitəsilə qorxulu pandemiya havası əsdirməsin?

2019-cu ildə ən az itki verdiyimiz sahələrdən olan( onkoloji, ürək-damar və.s ilə müqayisədə) avtomobil yollarında 821 Azərbaycan vətəndaşı həlak olub. Müqayisə üçün bildirim ki, koronadan 2020-ci ildə 274 nəfər. O da tam dəqiq deyil. Diaqnozla bağlı manipulyasiyalar haqqında dolaşan söz-söhbətlərə görə deyirəm. Elə dünyanın başqa yerlərində də korona tutmuş birisi ayrı xəstəlik səbəbindən öləndə səbəbkar kimi virus yazılması hallarından danışılır. Kiçik bir misal. Almaniyada aparılan son laboratoriya analizlərindən sonra məlum olub ki, hətta infaktdan ölmüş şəxslərə də ölüm səbəbi virus yazılıb. Sadəcə infarkt keçirən şəxs həmin vaxt həm də virusa yoluxubmuş... Avtomobil qəzaları yoluxucu deyil dediyinizi eşidirəm. Yoluxucudur-qudurğanlıq, məlum olmayan vasitəylə alınan vəsiqəylə harınlananların yollarda adam öldürməsi yoluxucudan daha betərdi, əzizlərim.
Korona bitəcək də. Amma indi yox, hamının yoluxma qorxusu( bununçün hələ bir neçə on milyon dünya əhalisinin tutması lazımdı) tam beyinlərə yeridiləndə, bütün ölkələri və rəhbərliyini adambaşı ( ya da daha böyük həcmdə)vətəndaşına dərman, vaksini almağa razı salanda və qazandıqlarından daha artıq qazanmaq mümkün olmayanda.

Filləri bir çoxunuz bilirsiniz necə əhilləşdirirlər. Öncə filin keçəcəyi yerdə quyu qazılır, üstü yarpaqla örtülür ki, fil burada quyu olduğunu bilməsin. Fil o quyuya düşdükdən sonra qara paltarlı adamlar fili nizələrlə, daşla incidir, onları quyuda günlərlə ac-susuz saxlayır. Bir neçə gündən sonrasa həmin qara paltarlı adamlar qara köynəyini çıxarıb ağ köynək geyinir. Ağ köynəkliyə çevrilən adamlar bu dəfə fillərin yarasını sarıyır, onları müalicə edir, su və yem verir. Beləliklə, həmin fillər bu ağ köynəkliləri özlərinin xilaskarı bilir və ömür boyu onlara qul kimi xidmət edir. Bəli, bizi bir çox hallarda xilas edən ağ köynəklilər elə qara paltarlılardır.

Bu virus əgər insan əməliylə yaradılıbsa, elə həmin adamlar da bizi xilas edəcək. Bizsə onları bütün dünya mükafatalarına boğacağıq, xilaskarımız kimi görəcəyik. Azad olduğumuzu düşündüyümüz halda onların rifahı üçün çalışdığımızı, əslindəsə onların qulu olduğumuzun fərqində olmayacağıq. Bəli, bu müasir kapitalist quldarlığıdır.

Məşhur bir film var, "Vendetta”. Nədənsə yadıma düşdü. Eynilə bugünkü olayları xatırladır. Dünya üzərində siyasi və iqtisadi hökmranlığa iddia edənlər yeni virus yaradır. Insanlar virusdan ölməyə başlayır. Hamı qorxu içində... Pandemiya yayıldıqdan sonra öncədən məlum olan dərman, vaksinlərini isə "xilaskar”lar bazara çıxarırlar. Bu zaman xilaskarların siyasi kadrları da hakimiyyətləri ələ keçirir. Axı, onlar dünyanın xilaskarıdır. Yeni dünya düzənlərini yaradırlar...

Həm də adama arada elə gəlir ki, ölkələri test edirlər. Hər hansı belə bir müharibə və çaxnaşma yaratmaq lazım olarsa, xalqların, onların birləşmə gücü, potensialı, hakimiyyət, media, güc orqanlarının bir-birinə inam və onları kontrol gücü və.s. Sanki təcrübə siçanlarıyıq.

Hə, bu virus doğrudan da var, qorunmaq da lazımdı, amma təcrübə siçanı olmağa və filə çevirməklərinə imkan verməyək deyərdim. Amma bu dünya üçün başqa nəyə yarayırıq? Hansı üstün meyarlarımıza görə təcrübə üçün istifadə edilə bilmərik? Elə ən yaxşısı bizi təcrübə siçanı kimi yoxlasınlar. Bəlkə o zaman dünyaya, elmin inkişafına bir töhfəmiz olar.