adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
10 Iyul 2020 08:56
19750
MƏMLƏKƏT
A- A+

Əbülfət MƏDƏTOĞLU: BİR CƏNUB ŞƏHƏRİNDƏ

Adətən dünyanı bürümüş pandemiyadan söhbət düşəndə daha çox böyük şəhərlərin, yəni əhalinin ictimai nəqliyyatdan, sosial obyektlərdən bəhs edilir, onlardakı vəziyyət oxucu, tamaşaçı diqqətinə çatdırılır. Təbii ki, bu başa düşüləndir. Ən azından ona görə ki, əhalinin sıx olduğu məkanlarda problemlər həmişə olub və bu gün də var. İllərlə mövcud olan həmin problemlərin bir çoxunun kökündə gigiyena, ekoloji durum, bir də sosial məişət məsələləri dayanır. Əgər bir anlıq çevrəmizə diqqət yetirsək, onda görərik ki, bizim hər birimiz öz həyatımızla, davranışımızla həm özümüz, həm də digərləri üçün nə qədər önəmliyik, nə qədər də problemlər yaradıcısıyıq. Yəni adicə səliqə-səhmana fikir verməmək artıq özü-özlüyündə bir infeksiya mənbəyi yaradır və bir virus daşıyıcısının varlığını büruzə verir. Bax, bu səbəbdən də əhalinin sıx olduğu ünvanlar haqlı olaraq daha diqqət mərkəzində saxlanılır. Amma...

Bəli, bu gün ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və tapşırığı artıq milli məsələyə çevrilmiş pandemiyaya qarşı mübarizəyə yönəlib. Yəni ölkə rəhbərliyi hər kəsdən bu məsələdə son dərəcə diqqətli olmağı, öz üzərlərinə düşən vəzifələri bir an belə olsun ləngitmədən icra olunmasını tələb edirlər. Deməli, bu da bir daha göstərir ki, bütün dünyanı silkələyən pandemiya həqiqətən də "olum-ölüm” məsələsinə çevrilib. Buradan qalib çıxmaq üçün qarşıya qoyulan vəzifələri birmənalı şəkildə icra etmək gərəkdir. Bu vəzifə isə ölkə prezidenti cənab İlham Əliyevin dediyi kimi, vətəndaşlarımızın özlərindən və öz ətraflarına münasibətdən qaynaqlanır. Evdə qalmaq, maskadan istifadə etmək, məsafə saxlamaq, yəni qaydalara riayət etmək artıq öz təhlükəsizliyinin təminatına bünövrə olur. Bax, bu mənada Azərbaycanın cənub bölgəsində əhalinin sıx yaşadığı Masallıda həyat bu gün öz axarı ilə davam edir. Rayon sakinləri təsərrüfatla, sosial həyatın tələblərilə uyğunlaşmaq və günün problemindən çıxış etməklə Masallıda iqtisadi inkişafı təmin etməyə çalışırlar.

Məlum olduğu kimi, kənd təsərrüfatı rayonu olan Masallıda əsasən əkinçilik daha çox inkişaf etdirilir. Adamlar tərəvəzçilik, dənli bitkilərin becərilməsi, heyvandarlıq və digər sahələrlə məşğul olurlar. Belə olduğu halda Masallıda insanların ən çox ehtiyac duyduğu, sakinlərin də dediyi kimi, əkin-örüş sahələri, su, işıq, qaz, yolların abadlığı və digər məsələlərdir. Bunu isə araşdırmaq, hər kəsə zəruri olan anda yardım göstərmək, adamlarla ünsiyyət qurmaq, onların güzəranının yaxşılaşdırılması üçün addımlar atmaq, yerli icra strukturlarının və əlaqədar təşkilatların birbaşa vəzifəsidir. Bu gün Masallı Rayon İcra Hakimiyyətinə böyük həyat təcrübəsi və dinamik idarəçilik peşəkarlığı olan Şahin Məmmədov rəhbərlik edir. Azərbaycan Prezidentinin tapşırıqlarının, göstərişlərinin məsuliyyətlə və yüksək səviyyədə yerinə yetirməyi bacaran Şahin Məmmədov Masallıya icra başçısı təyin olunduğu gündən adamlarla birbaşa təmasa, hər kəslə iş başında görüşə, sakinlərlə, pedaqoji kollektivlərlə, onların özlərinə uyğun təmas qurmağa üstünlük veribdi. Ona görə də pandemiyanın tüğyan etdiyi indiki anda Masallıda vətəndaşların icra strukturları, xüsusilə icra hakimiyyəti işçiləri ilə əlaqələri daha sıx bir şəkil alıbdı. Bu təmas onlayn formasında ardıcıl şəkildə gerçəkləşdirilir. Ölkə mətbuatından da məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahla sıx əlaqədə işləyən Masallı rayon icra hakimiyyəti rayonda ciddi karantin rejiminin qorunması, qayda pozuntularının aradan qaldırılması, dezinfeksiya işlərinin görülməsi, maarifləndilmə işlərinin genişləndirlməsi istiqamətində qətiyyətli addımlar atır. Əgər əldə etdiyim rəsmi bilgilərə söykənsək, onda deyə bilərik ki, ötən gün Masallıda pandemiya ilə bağlı böyük işlər gerçəkləşdirilibdi. Yəni ilk öncə Masallı şəhəri ərazisindəki 50-dən artıq zibil konteyneri, 9 terminal, 14 bankomat, məşğulluq mərkəzi, mərkəzi poçt, Boradigah qəsəbə sahə xəstəxanası, mərkəzi rayon xəstəxanası, GEM və rayon Dezinfeksiya idarəsinin əməkdaşları tərəfindən virus əleyhinə xüsusi dərmanlarla dezinfeksiya edilmişdi. Həmçinin rayon icra hakimiyyəti başçısının təşkilatçılığı ilə YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSNF-nın rayon şöbəsinin əməkdaşlarının bilavasitə iştirakı ilə 65 yaşdan yuxarı olan 170 nəfər tənha, kimsəzi vətəndaşlara baş çəkilmiş, onlara zəruri olan sosial məişət xidməti, həmçinin ev təsərrüfatı ilə bağlı gərəkli olan əsas malların, həmçinin dava-dərmanların alınması işi həyata keçirilmişdir. Bu istiqamətdə iş demək olar ki, ardıcıl davam etdirilir. Bu da həm rayon sakinlərinin, həm də həmin şəxslərin özlərinin icra hakimiyyətindən, eləcə də bu işi gerçəkləşdirənlərin razılığına səbəb olmuşdur. Adamlar özlərini riskə ataraq onlara qayğı göstərənlərdən məmnunluqlarını redaksiyamıza ünvanladıqları məktublarda da ifadə etmişdilər. Göründüyü kimi, rayon icra hakimiyyəti başçısı Şahin Məmmədovun xüsusi diqqət mərkəzində saxladığı, ehtiyacı olanlara, tənhalara, əlillərə və digər zümrədən olan insanlara qayğı əməli fəaliyyətdə də öz təsdiqini tapmaqdadır. Bu işdə rayonun könüllüləri, həmçinin yaradılmış 80 nəfərdən ibarət 20 mobil qrup da artıq Masallı rayonu ərazidində hər kəs tərəfindən tanınır və sevilir.



Masallı rayonunda karantin rejiminin yoxlanılması, insanlara zəruri olan qoruyucu maskaların, tibbi spirtin təmin edilməsi, geniş maarifləndirmə tədbirlərinin görülməsi artıq günün vəzifəsinə çevirilib. Demək olar ki, bütün qurumlar bilavasitə rayon icra hakimiyyəti başçısının rəhbərliyi altında əlbir işləməklə bu bəşəri bəlaya qarşı səfərbər olublar. Rayon rəhbəri özü isə bilavasitə ardıcıl olaraq virtual qəbullar keçirir. Son virtual qəbul zamanı rayonun Mahmudavar kənd sakinləri Cankişi Əliyev telefon və internet problemini, Cavad Əkbərov isə ailədəki sosial durumun ağırlığını Şahin Məmədova çatdırmışdılar. Həmçinin rayonun Yeddioymaq kənd sakini Füruzə Məmişova tərəvəz əkmək üçün icarəyə torpaq sahəsi, Güllütəpə kənd sakini Mirzə Ağayev və Qızılavar kənd sakini Şəhrəbanu Bilalova ailə vəziyyətlərinin ağır durumundan şikayətlənmişdilər. Ümumiyyətlə, bu virtual qəbul zamanı rayonun müxtəlif kəndlərindən, eləcə də Masallı şəhərinin özündən edilən müraciətləri dinləyən Şahin Məmmədov vətəndaşların müraciətlərinin dərhal qeydə alınmasına göstəriş vermişdi. Bu göstərişin ardınca isə icra başçısı həmin problemlərin həlli üçün öz səlahiyyətləri çərçivəsində müvafiq göstərişlər vermiş, qəbulda olanların problemlərinin nəzarətdə saxlanacağını bildirmişdi.

Bəli, bu gün Masallı rayonu da respublikamızın digər bölgələri kimi mövsümü işlərlə yanaşı, pandemiyanın yaratdığı mühitin də qayğılarını yaşayır. Burada hər kəs öz üzərində ölkə prezidentinin diqqətini hiss edir. Təbii ki, bu diqqəti onlara yönəldən, çatdıran rayon rəhbəri və onun komandasıdır. Elə respublikanın baş naziri Əli Əsədovun onlayn müşavirəsinin iştrakçısı olan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov həmin tədbirdə qaldırdığı məsələlərlə həm yerli sakinlərin əhval-ruhiyyəsini ifadə etmiş, həm də masallıların hər birimizin qarantı olan prezidentimizə inamını dilə gərtirmişdi. Bax, bütün bunlar da onu deməyə əsas verir ki, bu gün Masallıda bütün dünyanın bəlası olan virusla da mübarizə həyati və iqtisadi problemlərin həllində çox yüksək şəkildə gerçəkləşdirilir. Görülən bütün tədbirlər hamımızın birlikdə qalib gələcəyimizə inamımızı daha da artırır.