adalet.az header logo
  • Bakı 21°C
08 Iyul 2020 18:07
65331
ƏDƏBİYYAT
A- A+

Əbədi və ədəbi ehtiyac - Pərvanə Bayramqızı yazır

Seçdiyi sənətin dərinliklərindən xəbərdar olub, yaratdığı işlərlə tanınan kəslərə öz adıyla deyil, "ay usta” deyə müraciət edirlər. Onların adları da, soyadları da "usta” olur. İş görən hər adama da usta deməzlər. Usta gərək usta olsun. (Allah naşısından saxlasın.) Ədəbiyyatın da "söz ustaları” var. Hazırcavablığı ilə seçilənə, məntiqli fikir söyləyənə xalq özü verir bu adı. Yazıçı da söz ustasıdır. Daş kimi sözlərlə işləmək elə də asan deyil, gərək onları daşyonan balta ilə (redaktə) elə düzəldə ki, ürəyə yata.

Yazmaq özünütəqdimetmə deməkdir. Digər tərəfini nəzərə alanda da başqasının həyatına ədəbi müdaxilədir. Onda yazıçıları "ədəbi vəkillər” də adlandırmaq olar. Onlar da insanların problemlərini çözməyə çalışırlar. Ağır mövzuların "yükünü daşıyır” üstəlik başqalarını da buna sövq edirlər. Dost-tanışın, yad insanların həyatında baş verənlər yazıçı aləti ilə yonulub müxtəlif "fiqurlara” salınır.

Yazan şəxsin sirri olmur. Ürəyində nəyinsə yığılıb qalmasına özü imkan vermir. Duyğu, arzu, təxəyyül, müşahidə, nə olsa çəkib qələmə gətirir. Onlara "bel bağlayıb” başına gələni söyləmək "riskdir”. Özlərinin hər şeyini sözə çevirən özgəninkinə dastan qoşar. Bir də gördün danışdıqların odur ey el-aləmin dilində oba-oba, ölkə-ölkə gəzir. Özü də müxtəlif dillərə çevrilərək.

Yazıçıya yazmağı qadağan etmək bilirsinizmi nəyə bənzəyir?

Bunu dərindən hiss etmək üçün ya empati hissin güclü olmalıdır, ya da gərək özün yaşayasan. Primitiv nümunə sayılsa da müqayisə üçün əlverişli olduğundan deyim ki, bu suda yaşamaq üçün yaradılmış balıqların quruya buraxılıb çabalamasına tamaşa etməklə eynidir.

Çabalamışam illərlə... yazmaq mənim üçün asan olmayıb. İstedadla iş bitmir. Heç zəhmətin də bəzən rolu olmur. Yazmaq üçün ən əsas yanlış məkandan, yanlış insanlardan uzaq durmaq vacib imiş.

Deyirlər Emil Zolya yazanda özünü stula bağlayırmış. Bunun hansı zərurətdən irəli gəlməsini düşünməyə, təhlil etməyə gərək yoxdur. Yazıçı hər cür qeyri-adi keyfiyyətə malik olur və olmalıdır. Əslində yazıçılara xas olan cəhətlər qeyri-adi hesab edilməməlidir. Bu onlar üçün adi davranış qaydalarıdır. Bir yazıçı hamının şənləndiyi məclisdə qanıqara olur və qəfildən çıxıb gedirsə, demək, ətrafındakılardan fərqli olaraq o özüdür. Ona xoş olmayan nələrsə var, hiss edir ki, həmin an vaxtını düzgün dəyərləndirməyib, yanlış məkandadır. Bu "səhvini” düzəltmək onun üçün asandır. Olduğu yeri tərk etməklə hər şeyi qaydasına salır. Təbii ki, üz tutacağı ünvan yazı masasıdır. Onu görəcək, toxunacaq, özünü o məclisdəkindən də gözəl yerdə hiss edəcək. Bəlkə, lap elə stulun altında yazan yazıçı da var. Bütün bunlar könlünü sözə vermişlər üçün adi şeylərdir. Ən gözəl dünya sənətkarların dünyasıdır, istər şair, rəssam, istərsə də yazıçı, musiqiçi olsun. O dünyaya onların özlərindən başqa milyon insan şərik olur, hətta əllərindən də alırlar, sevənlər də, tənqid edənlər də olur. Bütün bunlar yazarkən, çəkərkən, bəstələyərkən onların ağıllarından keçmir. Bilmirlər əsərlərinə görə onları sevəcəklər, yoxsa lənətləyəcəklər. Bildikləri bircə şey var – yaratmaq.

Vladimir Nabokov deyir: "Mənim yaradıcılığımda əhvali-ruhiyyə ön planda durur. Kefim var, yazıram, yoxdur, yazmıram. Romanlarımın ideyası gözlənilmədən doğulur. Bir dəqiqənin içində. Qələmi alıram əlimə, hər şey başlayır vərəqə axmağa. Roman əvvəlcə beynimdə yazılır, qalır texniki prosesi yerinə yetirib, onu vərəqə köçürmək. Zənnimcə, yazıçı qəhrəmanını addımbaaddım izləyib özünü onun vəziyyətinə gətirirsə, uduzur. Qəhrəmanı rahat buraxmaq lazımdır. Qoy öz bildiyini eləsin. Elə yazıçılar var ki, bu işə sənət kimi baxırlar, hər gün əyləşib 5-10 vərəq yazmağı borc bilirlər özlərinə. Məsələn, mən bəzən 12 saat oturub yazıram, bəzən də aylarla yazdıqlarımı düzəldirəm. Bir az tənbəlliyim də var”.

Bu da bir üslubdur.

Böyük ingilis şairi Con Milton (1608-1674) başını arxa tərəfə əyməmiş şeir yaza bilməzmiş.

Heminquey - ayaq üzrə duraraq, Bethoven - otaqda gəzişərək düşünüb, ideyanı formalaşdırıb yalnız ondan sonra kağıza köçürərmiş.

Çarlz Dikkens yazı masasının arxasında əyləşərkən üzünü şimal tərəfə çevirərdi. O belə zənn edirdi ki, Şimal qütbünün maqnit sahəsi yaradıcılığa müsbət təsir edir.

("Kayzen” – İlyas Həsənov, Ellada Həziyevanın "Əslində onlar kimdir?” kitabından)

Fərqli üslublardan çox yazmaq olar. Nə qədər yazan varsa bir o qədər də üslub var. Yazıçının payına dünya malından beş-on kəlmə söz düşüb. Onu necə işlədəcəyi istedadından asılıdır. Ya korlayacaq, ya da sözə həyat verəcək. Onların istədiyi təkcə dinclik və yazmaqdır. O qədər də böyük istək olmayan bu məqamı hər dəqiqə tapmaq olmur. Məsələn, mənə hələki istədiyim anda masaya yaxınlaşıb yazmaq qismət olmayıb. Nə qədər qəribə görünsə də bu "pis şey”– yazmaq mənim ən böyük qəbahətim olub. "Suçlu-suçlu yaşamışam”. Bu "suçumun” üstündə o qədər danlanmışam ki, sıxıntıdan əksər vaxt yaza bilməmişəm. Müti tərzdə qələmi əlimdən qoymuşam. Yazmamaq üçün Cabir Novruzun təbirincə desəm "otağımda gizlənmişəm”, "qabıq verib dəyişmişəm”. Yaza biləcəyim ən gözəl yazılarım o məqamlarda məhv olub. Yazmağı "tərgiyərkən” bilmədim ki, bu itaətkarlıq bir gün üsyana dönəcək. Bu qədər məhrumiyyətlərlə barışmağın bir üsyanı olacaq. Ana bətnində diri-diri məhv edilən körpələr kimi bütün istəklərim ürəyimdəcə qətlə yetirilirdi. Əvvəl-axır o iztirablar etiraz olacaqdı. İyirmi ilə yaxın vaxt ərzində nələr etmək olardı?

"Yazmaq mənim üçün əzabdır, amma bu əzabla yaşamağa, bununla ölməyə hazıram. Hər yazımla birgə yenidən doğulur, tirajlanması həvəsindən ilk qədəmlə yeriyir, oxunduqca dil açıram. Mənimçün ən gözəl yer yaza bildiyim məkandır, o yer daşların üstü olsa belə. Yazıların doğum şəhadətnaməsi olsaydı, ünvan olaraq oraya daha çox "dizimin üstü”, "sol ovcum” qeyd edilərdi. Təkcə beynim, ürəyim və əlimlə deyil, ömrümlə yazıram. Ömrü ilə yazmaq yaşadığına sevinmədən, ölmədiyinə şad olaraq, "suçlu-suçlu” yazmaqdır. Bu suçun nədən ibarət olduğunu bilmək istəyirsinizsə...” Bu cümlələr "Yaza bilməyən yazıçı” adlı kitabımın cildində qeyd edilib. Xatırlamaqla yazmağın mənim üçün nə demək olduğunu diqqətə çatdırıram. Yazmaq mövzusunda xeyli mətnim var. Görünür, istədiyim kimi alınmayıb deyə hələ sakitləşə bilməmişəm. Seyran Səxavət deyir ki, xalq birləşəndə güclü olur, yazıçı təklənəndə. Elə bilirəm bu fikri mən söyləmişəm. Ürəyimdən xəbər verir. Bu yöndən yanaşanda deyirəm yaxşı ki, məni təklədilər. Bu dəfə alınacaq.

Emil Zolyanın yazarkən apardığı əməliyyatı mən ətrafımdakıların üzərində tətbiq etmək istəyirəm. Bunu etməyə o qədər səbəbim var ki. Hələ ürəyimdən ağızlarına yapışqan vurmaq da keçir. Qəddar sanmayın, yazmamaq üçün mənə törədilən maneələri bilsəydiniz belə yüngül cəza növü istədiyim üçün təəccüblənərdiniz.

Bircə səhifə yazı üçün bəzən Henri Toro kimi meşəyə yollanmaq da istəmişəm. Hara olur-olsun, necə olur-olsun təki yaza bilim. Bu qədər sıxıntı içində Nitsşenin "öləndən sonra doğulmaq” fikrinə arxalanaraq yazıb-yaradıram. Bəlkə də, özüm haqqında yüksək fikir oldu, amma ümiddir də kimə nə zərəri var ki. Sokrat deyir məqsədsiz və iradəsiz adam sükanı və kompası olmayan gəmiyə bənzəyir, küləyin səmti dəyişdikcə onun da istiqaməti dəyişər. (Bu məqamda sərf eləmir deyə Oşonun məqsəd haqqında dediyi fikirləri yazmıram.) Bir yaxşı cəhətim var ki, inkişaf etməyə əqidəmi, prinsipimi dəyişmədən çalışıram. Bəzən həddən çox utancaq olduğum, həqiqət axtardığım üçün "dilli-dişli” (daha doğrusu sırtıq) adamlarla sözüm tutmur. Mənim onlara simpatiyam olmayıb, onlar da pis niyyətlərinə mane olacam deyə məndən qaçıblar. Maddi çətinliklərə dözümlüyəm, nəyim olsa ona qane oluram, heç kəsdən təmənna güdən deyiləm. Çatışmayan cəhətim insanların pis tərəflərinə dözümsüzlüyümdür. Dərdi yıxmağa gücüm çatdığı halda, paxılın, saxtakarın üzündən ruhdan düşürəm. Platonun "Bədəni öldürənlərdən çox ruhu öldürənlərdən qorxun” fikirləri ilə tanış olmadığım vaxtlardan bu cür insanlardan qorxmuşam. Bilmişəm ki, belələri nəyin səni üzəcəyini, ruhdan salacağını bilir və o hərəkətə qəsdlə yol verir ki, istəyinə nail olsun. Mənəvi müharibələrdən keçə-keçə, böyük arzularımı, hisslərimi qurban verə-verə gəlib bu yaşa çatmışam. Bu qədər çətinliyin qarşısında içimdə boğulmayan, məhv olmayan eşq yaşatdım – həyat eşqi, insanlara sevgi. Bir kəsin bircə duyğusunun da öləziməyinə qıymadım. Amma məni öldürməyə cəhd göstərənlər çox oldu. Arzu-arzu, fikir-fikir, söz-söz öldürdülər məni. Son anda məni sevimli yazıçım Cek London xilas etdi. "Həyat eşqi”lə. Onu kimi qəlbimi oxuyan yazıçı hələ tapmamışam.

Baxmayaraq ki, Almanlar hər cür müqayisənin nöqsan olduğunu söyləyirlər mən dahilərin talelərindən təsirlənib müqayisə aparacam.

Əli Kərim qısa ömründə bizə bu qədər gözəl poeziya nümunələri qoyub gedib. Ondan az yaşamış C.Cabbarlının, az yaşamaqda Cabbarlını da geridə qoyan Mikayıl Müşfiqin göz qırpımına bənzər həyatlarında yaratdıqlarını oxuduqca adam öz yoxsul yaradıcılığından utanır. Amma dünya ədəbiyyatına nəzər salanda, Migel de Servantesin yaradıcılığa 38 yaşında başlamasını biləndə təsəlli tapırsan ki, dahi doğulmusansa hər yaşda yazıb-yaradıb onu göstərəcəksən. Daniel Defonu da bu baxımdan enerji mənbəyi kimi qəbul etmək olar. O da yazmağa 35 yaşında başlayıb, üstəlik həbsdən qayıtdıqdan sonra. Amma məndə Defo kimi qiyamlarda iştirak etmək cəsarəti artıq ölüb. "Robinzon Kruzo” əsərinin birinci hissəsi 1719-cu ildə nəşr olunanda D.Defo 59 yaşında olub. Və bu əsər ona ölməzlik qazandıraraq bu vaxtədək yaşadıb. Ömrə etibar etməsəm də bunlar mənə stimul verir. Belə götürəndə mən də mənəvi tərəfdən məhbəs həyatı yaşamışam. Oskar Uayldla da oxşar məqamlar tapmışam. İkimizin də ilk dəfə şeirlər kitabımız, özü də eyni yaşda (onun 27 mənim 26 yaşımda) çap olunub. Sonralar nəsrdə inkişaf etməyimizdə də uyğunluq var. Amma mən həmin kitabdan sonra məhsuldar olmadım. O vaxtdan indiyədək hələ təzədən başlayıram.

"Ziyalıların sevimli məşğuliyyəti etirazlarını ifadə etməkdir: teatr qapadılıbsa, qəzet bağlanıbsa, kilsə dağıdılıbsa – etiraz. Qan azlığının düzgün əlaməti: deməli, öz qəzetinizi və öz kilsənizi güclü sevməmisiniz”.

Gəlin, Aleksandr Blokun "Ziyalı və İnqilab” məqaləsindən götürülən bu sözlərin bolşevizmin lehinə yazıldığını unudub, başqa tərəfdən yanaşaq. Həmin fikirləri əsas götürəndə belə çıxır ki, biz heç nəyimizi sevmirik. Çünki hər şeyə lokal düşüncəylə yanaşırıq – mən və mənim ailəm prinsipi bizdə daha qabarıqdır. Qalan kimə nə olursa-olsun, nəyi dağılırsa-dağılsın, mənə heç nə olmasın. Əgər məşhur deyimdəki kimi "analar yenə oğul doğacaq amma İstanbul doğulmayacaq” şüurunda olsaq millət kimi dirçələcəyik. Əlbəttə, mübarizə məntiqli, şüurlu, ədalətli aparılmalı, kimlərinsə çirkin niyyətinə kömək etməməlidir. Kiminsə üzündən xalqın balaları qırğına verilməməlidir. Bu olacaqsa Vətən üçün olmalıdır.

Dünya yazıçıları savaşlarda, mübarizələrdə, çətinliklərdə ömür sürüb, istəmədikləri məqamlar üçün etiraz edib, istədiklərindən də yazıb-yaradıblar. Bizim yazıçıları isə sovet hakimiyyəti sucuq uşaqlar kimi ələbaxan öyrədib. Hələ də bu "idim” onları tərk etmir. Belə öyrəşiblər. Onların aləmlərində dövlət yazıçıların ehtiyaclarını ödəməli, hər yerdə başa çəkilməlidır, mötəbər yerlərdə onlar əyləşməlidirlər. Dünya ədəbiyyatının nümayəndələrisə sadəcə, yaxşı yazır oxucu da, nəşriyyatlar da onları özləri axtarıb tapırlar. Oxuduqlarıma istinadən yazım ki, faşizmə qarşı mübarizə aparmaqda Alman yazıçıları içində Tomas Manna çatan yoxdur. Henrix Mann da yaradıcılığında Almaniyanın siyasi və mənəvi atmosferini tənqid etmiş, Hitler diktaturasına qarşı mübarizə aparmışdır. Deni Didro burjuaziyanın rəhbərliyi altında dvoryanlar və kral hakimiyyəti əleyhinə çevrilmiş xalq hərəkatına qoşulmuşdur. "Qaçaqlar” pyesini Fridrix Şiller həbsxanada yazıb, azadlıq, ləyaqət naminə insanları üsyana səsləyib. Jan-Jak Russo feodal-silki münasibətləri, istibdad rejimini kəskin tənqid etmişdir. Burjua demokratiyası, bütün insanların azadlığı tərəfdarı olmuş, xalqın inqilab etmək hüququna haqq qazandırmışdır. "1918-ci ilin yayında tikanlı məftillərin hər iki tərəfində düşmən ordularını qan aparanda Pol Elüar icazəsiz olaraq "Sülh üçün şeirlər” vərəqəsi buraxmışdır”.

Fransua Volter isə feodal qaydalarına, katolik kilsəsinə qarşı çıxışlarıyla şöhrət qazanmışdır. Volter köhnəlmiş qaydaların dəyişdirilməsini Aleksandr Blokdan, Şillerdən fərqli olaraq inqilabda deyil, "maariflənmiş monarxdan” gözləyirdi. O, Hersoq Filipp Orleanskiyə yazdığı həcvə görə Bastiliya həbsxanasına salınmışdır.Yaradıcılığının əsas məqsədi maarifi yaymaq olub. Beyinlərin inqilabı ən gözəl inqilabdır. Sərvətini insan tələfatına xidmət edən müharibəyə yardım üçün sərf etdiyinə görə Corc Bayrona haqq qazandıra bilməsəm də o qədər sərvətlə yalnız özü üçün rahat yaşamağa üstünlük vermədən çətinliyi seçdiyinə görə ona rəğbətim var. Bəlkə də, bizimkilərin çoxu o qədər sərvətə malik olsaydılar, ilk növbədə öz komfortlarını seçərdilər. Ziddiyyətli Knut Hamsun da Milli Məclisdə yatan deputatlarla, laqeyd yazıçılarla müqayisədə fərqli fəaliyyət göstərib. Demək istəyirəm ki, cəmiyyət həmişə öz ziyalılarına ümid bəsləyir, hər şeyi onlardan umur. Ziyalı millətinin təəssübünü çəkməli, onların deyə bilmədiklərini söyləməlidir. Əlimizə qələm almışıqsa, deməli, narahatlığımıza səbəb problemlərimiz var. Bu narahatlığı açıq-açığına söyləyəcək, həqiqət uğrunda çalışacağıqsa ədəbiyyat xəritəsinin künclərindən birində "yerləşdiyimiz məkan” nə vaxtsa təsvir ediləcək. Mən də bacardığımı əsirgəməmişəm. Təhsildəki çatışmazlıqlara, ana dilinin qorunmasına, mütaliəyə və digər sosial problemlərə laqeyd qalmamışam. Həmin mövzularda yazılan mətnlərdən ən azı ikisi: "o da U.Şekspirlə eyni vaxtda, aprelin 23-də anadan olub. Həmin gün Dünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd olunur” dedirdəcəyinə inanıram. Çünki özüm olub, öz istədiyimi yazmışam. Diqtəsiz, təmənnasız. Bu qədər çətinliklərin içində yazmaq həvəsim ölmədisə, bu qədər yazarların içində tapşırıqsız, şəxsi münasibətlərsiz imzam tanındısa yaxşı ki, "təklənmişəm”. Daha yazmaqdan "qorxmuram”. Yazılarımı maraqla izləyən, hər yazımı oxuyub təhlil edən ziyalılara, oxuculara ömrüm boyu minnətdaram. Onlar məni sözə qaytardılar.

Yazmaq mənim üçün ehtiyacdır – əbədi və ədəbi ehtiyac!

Yenə heç kəsi stula bağlamamış yazırmışam...